Xəbər lenti

Yeni sazişlər türk dövlətlərinin dünyanın ən mühüm ticarət yolunun sahibinə çevrilməsinə təkan verəcək

İkinci Qarabağ savaşından sonra Türk dövlətlərinin inteqrasiyası daha da sürətlənib. Azərbaycan və Türkiyənin savaş və ondan sonra birgə fəaliyyəti digər türk dövlətlərinin də qarşılıqlı inteqrasiya prosesinə marağını artırıb. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra bu maraq daha da güclənib, türk dövlətlərinin əməkdaşlığının daha da dərinləşməsi üçün əlverişli beynəlxalq və regional iqtisadi-siyasi şərtlər formalaşıb. Belə ki, Rusiya ərazisindən keçən ticarət yollarının sürətlə kənara çəkilməsi prosesi başlayıb.

Qərb, xüsusilə də Avropa Asiyadan gələn yüklərin Rusiyadan kənar ərazilərlə daşınması üçün alternativ marşrutların inkişafına dəstək verməyə başlayıb. Hazırda ən əlverişli belə marşrut kimi gündəmdə Asiyadakı türk dövlətlərinin ərazisindən Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan Orta dəhlizdir. Həm ABŞ, həm də Avropa İttifaqı bu dəhlizin yük ötürmə potensialının artırılmasında maraqlıdır və bu prosesdə iştirak etməyi hədəfləyirlər. Bu isə dəhliz üzərində yerləşən türk dövlətləri arasında qarşılıqlı münasibətlərin inkişafına böyük təkan verir. Münasibətlərin dərinləşməsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar mühüm töhfələr verməkdədir.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın yaratdığı Türk Dövlətləri Təşkilatında hazırda 5 üzv, 2 müşahidəçi dövlət (Türkmənistan və Macarıstan) təmsil olunur. Təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənddə olmaqla doqquz zirvə görüşü keçirilib.

2022-ci il noyabrın 11-də keçirilən zirvədə türk dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsinə yönəlik bir sıra sənədlər imzalanıb. Bu sənədlər arasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Saziş və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Saziş xüsusilə diqqəti cəlb edir. Bu sənədlərin bilavasitə Orta dəhlizlə yükdaşımaların artmasına böyük töhfə verəcəyi gözlənilir.

Birinci sazişdə nəzərdə tutulan dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq Pilot Layihə icra olunacaq. Pilot Layihəyə dəhlizin praktiki reallaşdırılmasını təmin etməsinə xidmət edəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Türk iqtisadi icmalı”na əsasən 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6 faiz, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,7 faiz, Qırğızıstan iqtisadiyyatı 7 faiz, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Rəsmi Bakı türk dövlətlərinin inteqrasiyası üçün aktiv siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını təmin edir.

2022-ci ildə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistanla dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. İki ölkənin qarşılıqlı ticarətinin həcmi 2021-ci ildəki 105 milyon 23 min dollardan 2022-ci ildə 535 milyon 397 min dollar çatıb. Özbəkistanla ticarətdəki 64.0 faizlik artım birgə dövriyyəni 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə ticarət dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb: 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib.

Asiyanın ən böyük türk dövləti olan Qazaxıstan Orta dəhlizin əsas açar ölkələrindən biridir: Türkmənistanın sahil infrastrukturu Asiyadan sürətlə artan yükləri ötürmək gücündə deyil. Aşqabad müvafiq infrastrukturun yaradılmasını maliyyələşdirməyə də həvəs göstərmir, bunu digər tərəflərin etməsi variantını seçib. Qazaxıstan isə müvafiq infrastruktura malikdir. Ölkənin Xəzər dənizindəki limanlarının illik ötürücülük gücü 23,7 milyon tondur. Bunun 14,7 milyon tonu(9,5 milyon ton neft, 2,5 milyon ton quru yüklər, 0,7 milyon ton dənli bitkilər, 2 milyon ton bərə yükləri) Aktau, 6 milyon tonu Kurık (dəmiryol terminalı 4 milyon ton, avtomobil terminalı 2 milyon ton), 3 milyon tonu Aktaunun Şimal terminalının (1,5 milyon ton dənli bitkilər, qalanı quru yük) payına düşür. Hazırda bu limanlara 18 milyon tona yaxın yükün yönləndirilməsi mümkündür.

Azərbaycanın Ələt Dəniz Limanının illik ötürücülük gücü 15 milyon tondur və artıq onun genişləndirilməsi üçün layihə hazırlanır. Bu isə o deməkdir ki, Orta dəhlizin inkişafı iki açar ölkə olan Qazaxıstanla Azərbaycanın səylərindən çox asılıdır.

Ötən ilin yayında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin sərəncamı ilə hökumətin neftin Xəzər üzərindən Azərbaycanın nəql sisteminə çatdırılması üçün başladığı işlər uğurla davam etdirilir. Artıq SOCAR və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton “Tengiz” yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilənin icrasına başlanıb. Mart ayında “Tengiz” nefti ilə dolu ilk tankerlərin Aktau limanından Bakıya çatdırılması təmin edilib.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

Qazaxıstan neftinin Xəzər üzərindən Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması Orta Nəqliyyat Dəhlizinin tərkib hissəsi kimi Avropa İttifaqı tərəfindən də ciddi şəkildə dəstəklənir. Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayev bildirib ki, Avropa İttifaqı Orta dəhlizin inkişafı üçün ölkəsinə maliyyə dəstəyi göstərəcək. Kasım Jomart Tokayevin sözlərinə görə, onlar Transxəzər marşrutunun inkişafına 2025-ci ilədək 20 milyard dollar investisiya cəlb edəcəklər.

2022-ci ildə Qazaxıstanla Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard dollar olub, onun 10 milyard dollara çatdırılması barədə razılıq əldə edilib. Ötən il Qazaxıstanın Özbəkistanla qarşılıqlı ticarəti 30 faiz artmaqla 2021-ci ildəki 3,8 milyard dollardan 5 milyard dollara çatıb.

Qazaxıstanla Türkmənistan arasında ticarətin həcmi isə 2021-ci ildəki 250 milyon dollara qarşı 2022-ci ildə 438,2 milyon dollara yüksəlib.

2022-ci ildə Qazaxıstan Qırğızıstanla ticarətin həcmini 100 milyon dollar artırmaqla 1,1 milyard dollara çatdırıb.

Asiyanın ikinci böyük türk dövləti olan Özbəkistanın Türkiyə ilə qarşılıqlı ticarətinin həcmi 2022-ci ildə 3 milyard 233 milyon dollar təşkil edib. Türkmənistanla isə alverin dəyəri 926,3 milyon dollara yüksəlib.

2022-ci ildə Özbəkistanla Qırğızıstan arasında ticarətin həcmi 1,3 milyard dollara çatıb.

Türkmənistanla Qırğızıstan arasında isə 2022-ci ildə qarşılıqlı alış-verişin həcmi 17,1 faiz artmaqla 82,16 milyon dollar təşkil edib. Türkmənlər Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsini 21,9 faiz artırmaqla 2021-ci ildəki 1,7 milyard dollardan 2 milyard 67 milyon dollara çatdırıblar.

2022-ci ildə Türkiyə ilə Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollara yaxın olub. Türkiyə ötən il Qırğızıstana ən çox investisiya yatıran ölkə olub: ümumi xarici investisiyaların 67 faizi qardaş ölkənin payına düşüb.

Beləliklə, türk dövlətləri arasında qarşılıqlı iqtisadi-siyasi əlaqələrin sürətlə dərinləşməsi müşahidə olunur. “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər bu prosesin daha da sürətlənməsinə, türk dövlətlərinin dünyanın ən mühüm ticarət yolunun sahibinə çevrilməsinə təkan verəcək.

Dünya SAKİT,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 5 091          Tarix: 4-05-2023, 09:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma