Azərbaycandan təbii qazın Türkiyə və Avropaya çatdırılması üçün tikilən və 12 iyun 2018-ci ildə fəaliyyətə başlayan TANAP-ın Bakı-Tbilisi-Ərzurum qaz kəmərilə inteqrasiyası Xəzər dənizini Türkiyə ilə birləşdirərək qardaş ölkənin enerji təhlükəsizliyini gücləndirib və Azərbaycanın xaricə qaz satışına şərait yaradıb.
Bunu Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Anadolu Agentiyinə müsahibəsində bildirib.
Diplomat Azərbaycandan İtaliyaya qədər uzanan Bakı-Tbilisi-Ərzurum, TANAP və Trans-Adriatik Boru Kəmərinin (TAP) ümumi investisiya dəyərinin 40 milyard dollar olduğunu qeyd edib.
“Ən böyük və ən mühüm layihələrdən biri olan TANAP Avropanın və Türkiyənin təbii qaz mənbələrinin müxtəlifliyinin artırılması, o cümlədən Türkiyənin enerji dəhlizinə çevrilməsi istiqamətində indiyədək atılan strateji addımlar əməkdaşlığı yeni bir müstəviyə daşıyıb”, - deyə səfir bəyan edib.
TANAP-ın fəaliyyətə başladığı gündən bu yana ümumilikdə 46 milyard kubmetr, o, cümlədən Türkiyəyə 22, Avropaya isə 24 milyard kubmetr qaz nəql edildiyini vurğulayan R.Məmmədov bu layihənin Türkiyənin təbii qaz qovşağına çevrilməsi işinə öz töhfəsini verdiyini deyib.
“Enerji Bazarını Tənzimləmə Qurumunun “Təbii Qaz Bazarı 2022 Sektor Hesabatı”na əsasən, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz nəqli 8 milyard 705 milyon kubmetr təşkil edib. Sözügedən qaz nəqlinin bu il 10,2 milyard kubmetrə çatdırılması illik bazda təxminən 1,5 milyard kubmetr artım deməkdir”, - deyə səfir məlumat verib.
Diplomat bildirib ki, ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması həm Azərbaycanın, həm də müxtəlif dövlətlərin qazının bu kəmər vasitəsilə Avropa dövlətlərinə göndərilməsinə imkan verəcək. Bu, həm Azərbaycan, həm də Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu, iki ölkənin siyasi əhəmiyyətini artıracaq.
R. Məmmədov SOCAR tərəfindən Türkiyənin enerji sektoruna 20 milyard dollarlıq investisiya həcminə də toxunub.
“Bu meqa layihələrə əlavə olaraq, Azərbaycanın dövlət şirkəti SOCAR-ın Türkiyənin enerji sektoruna yatırdığı ikitərəfli investisiya məbləği 20 milyard dollar civarındadır. Hazırda SOCAR Türkiyədəki qaz və neft tədarükçülərindən biridir. O, yerli türk şirkətləri TPAO və BOTAŞ ilə geniş əməkdaşlıq edir”, - deyə diplomat xatırladıb.
SOCAR ilə TPAO arasında karbohidrogen yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığa diqqət çəkən R.Məmmədov TPAO-nun Azərbaycanda Şəfəq-Asiman, Qarabağ və bəzi digər layihələrində maraqlı olduğunu bildirib.
İğdır ilə Azərbaycanın Naxçıvan bölgəsi arasında təbii qaz kəmərinin çəkilməsinin gələcək layihələr arasında olduğunu deyən səfir qeyd edib ki, 2020-ci ildə imzalanan anlaşma memorandumu ilə təməli qoyulan bu layihənin həyata keçirilməsi istiqamətində lazımi addımlar atılır. Onun sözlərinə görə, kəmərin ötürmə gücü ildə 500 milyon kubmetr olacaq.
Paylaş: