Xəbər lenti

Türkmənistan öz qazını Avropaya çatdırmaqda israrlı olmağa məcburdur

“Türkiyə Türkmənistandan təbii qazın nəqlinin təşkili üçün müxtəlif variantları nəzərdən keçirir: İran ərazisindən, Azərbaycandan tranzitlə, o cümlədən Xəzərin dibi ilə boru kəməri ilə vasitəsilə”.

Bunu ötən həftəsonu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar “Foreks”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara ən qısa zamanda 2 milyard kubmetr türkmən qazının idxalını təşkil etməyə hazırdır: “Türkmən qazının gəlişi üçün ilk alternativ İran vasitəsilə mübadilədir. İkinci variant İran və Azərbaycan vasitəsilə svop, sonuncusu isə Xəzər dənizindən qazın boru kəməri ilə çatdırılmasıdır”.

Türkiyənin enerji idarəsinin rəhbəri qeyd edib ki, Xəzər dənizindən keçən boru kəməri marşrutu Türkmənistan qazının tədarükü üçün daha uzunmüddətli və dayanıqlı həll yoludur. 

Qeyd edək ki, martın 3-də Antalyada Türkiyə prezidenti və Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov təbii qaz təchizatı sahəsində iki əsas sənəd imzalayıb: “Anlaşma Memorandumu” və “Niyyət məktubu”.

Memoranduma əsasən, tərəflər həm daxili ehtiyacları ödəmək, həm də avropalı istehlakçıları təmin etmək üçün Türkmənistandan Türkiyəyə marşrut yaratmaq üçün bütün lazımi səyləri göstərməyə razılaşıblar. 

Qeyd edək ki, dünyada qaz ehtiyatlarının həcminə görə dördüncü yerdə olan Türkmənistanın qaz ixracını artırmaq imkanları çox məhduddur. Türkmənistan Dövlət Statistika Komitəsinin sədri Dövlətgəldi Amanmuhammedovun verdiyi məlumata əsasən, 2023-cü ildə ölkədə 80 milyard 618,7 milyon kubmetr təbii qaz hasil olunub. Bundan əvvəl açıqlanan məlumatlarda 2023-cü ildə qaz ixracının təxminən 40 milyard kubmetr olduğu, bunun 30 milyard kubmetrdən çoxunun Çinə reallaşdığı bildirilib. Çin Türkmənistan qazının əsas alıcısıdır. 2023-cü il oktyabrın 25-də “Türkmənistanın Neft və Qazı-2023" Beynəlxalq Konfransının plenar iclasında çıxış edən CNPC Neft və Qaz Korporasiyasının prezidenti Hou Qijun qeyd edib ki, 2023-cü ilin sentyabrına Çin və Türkmənistan arasında qaz ticarətinin həcmi 380 milyard kubmetri, dövriyyəsi 76 milyard ABŞ dollarını üstələyib.

Hazırda Türkmənistandan Çinə dördüncü qaz kəmərinin çəkilişi həyata keçirilir. Lakin onun işə düşməsi belə Türkmənistanın ixrac potensialının tam reallaşması üçün yetərli deyil. Üstəlik, Çin iqtisadiyyatında artım tempinin zəifləməsi fonunda tələbatın artımı da azalır. Bu şəraitdə Çinin əlavə qaza ehtiyacının yaranması gözlənilən deyil. 

Türkmənistan qazının digər alıcılarından biri Özbəkistandır və Aşqabadın etirazlarına baxmayaraq, Avropa qaz bazarından qovulan Rusiya bu bazarı sürətlə ələ keçirməkdədir. Üstəlik, Rusiya Çinə də qaz satışını artırmağa çalışır və artıq Pekinin təminatında ikinci yerə yüksəlib. 

Ukrayna tərəfinin qəti mövqeyi nəticəsində artıq Avropa İttifaqı bu ölkə üzərindən nəql olunan Rusiya qazının dayanması variantına hazırlaşır. Avropa Komissiyası (AK) Ukrayna üzərindən nəql olunan və hazırda ildə təxminən 15 milyard kubmetr olan Rusiya qazının nəqlini tamamilə dayandırmaq üçün intensiv işləyir. Avropa Komissiyasının nümayəndəsi Tim Makfinin Brüsseldə keçirdiyi brifinqdə dediyinə görə, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı saziş 2024-cü il dekabrın 31-də başa çatır və Aİ onu yeniləmək niyyətində deyil.

Onun sözlərinə görə, hazırda Avstriya, Slovakiya, Çexiya, kiçik həcmdə İtaliya Rusiya qazını Ukrayna vasitəsilə almaqda davam edir. Ukrayna vasitəsilə tədarükün ümumi həcmi ildə təxminən 15 milyard kubmetr təşkil edir: “Avropa Komissiyası bu ölkələrin lazımi qaz təchizatına malik olmasını təmin etmək üçün onlarla sıx əməkdaşlıq edir. Mən konkret marşrutlar haqqında danışmayacağam, lakin biz bu ölkələrin qazı digər qaz kəmərləri, eləcə də mayeləşdirilmiş təbii qaz vasitəsilə ala bilməsini təmin etməkdən danışırıq və bunun mümkün olduğuna əminik”.

Təbii qaz bahalaşmaqda davam edir

Makfi vurğulayıb ki, Avropa Komissiyası bu qaz həcmini Avropa Enerji Platforması vasitəsilə icma ölkələri tərəfindən birgə satınalmalar hesabına kompensasiya etmək niyyətindədir.

Beləliklə, Rusiya Avropaya getməyəcək daha 15 milyard kubmetr qazın üzünü Asiyaya çevirməyə məcburdur. Bu isə Çin, hətta Əfqanıstan, Pakistan bazarlarında belə Türkmənistan üçün amansız rəqabətin yaranması deməkdir. Təsadüfi deyil ki, Rusiya türkmən qazının Əfqanıstan və Pakistana çatdırılması üçün planlaşdırılan TAPI qaz kəməri layihəsi ilə yaxından maraqlanmağa başlayıb. Moskva artıq layihənin maliyyələşməsində iştirakını istisna etmir, bu isə kəmərlə onun qazının da nəqlini mümkün hala gətirir. 

Bütün bunların fonunda Aşqabadın qaz ixrac coğrafiyasını genişləndirmək çabalarını aktivləşdirməsi anlaşılandır. Aydın məsələdir ki, ən əlverişli bazar Avropadadır və Aşqabad son iki ildə məhsulunu ora çıxarmaq üçün aktiv fəaliyyətlərə başlayıb. Uzun illərdir gündəmdə tam arxa plana keçən Transxəzər boru xətti ilə bağlı müzakirələr yenidən aktivləşdirilib. 2023-cü ildə Türkmənistan rəsmiləri Avropa İttifaqı təmsilçiləri ilə çoxsaylı görüşlərdə bu kəmərlə bağlı müzakirələr aparıblar. 

Rusiyalı ekspertlərə görə, yaranmış yeni şərtlər fonunda təkcə Türkmənistan və Türkiyə arasında deyil, həm də Azərbaycan və İranın iştirakı ilə aparılan danışıqlar getdikcə intensivləşəcək. Bu baxımdan, yaxın 2-3 ildə Transxəzər qaz boru xəttinin çəkilməsi məsələsinin aktual müzakirələrin mövzusu olacağı gözlənilir. Layihənin reallaşması ehtimalına gəlincə, buna bir sıra amillər təsir edə bilər. Birinci amil, əlbəttə, layihənin maliyyələşməsi məsələsidir. Türkmənistan tərəfi hazırda çoxsaylı mümkün investorlarla təmaslardadır: ölkənin rəsmi mətbuatında Avropa strukturları, həmçinin Körfəz ölkələrindən olan potensial investorlarla danışıqlar barədə intensiv məlumatlar yer alır. 

Avropa strukturları enerji keçidi qaydalarına əsasən mədən yanacaqlarına bağlı uzunmüddətli layihələrə investisiya yatıra bilmirlər. Üstəlik, eyni qaydalar uzunmüddətli alqı-satqı müqavilələrinin bağlanmasına da problemlər yaradır. Belə müqavilələr olmadan Transxəzər boru kəməri kimi bahalı layihəyə investisiya cəlb etmək mümkünsüzdür. Avropa öz ehtiyaclarını maye qaz hesabına ödəmək imkanlarını getdikcə genişləndirir.

Yaxın iki ildə dünyada maye qaz istehsalının ciddi şəkildə artacağı gözlənilir. Beynəlxalq LNG İdxalçılar Qrupunun (GIIGNL) illik sorğusuna əsasən, mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçıları 2026-cı ilə qədər ildə 100 milyon tondan çox yeni maye qaz istehsalı güclərini işə salacaqlar. LNG zavodlarının ümumi gücü 21 faiz artaraq ildə 576,5 milyon tondan çox olacaq.

2022-ci ildə ümumi həcmi ildə 14,9 milyon ton olan mayeləşdirmə xətləri işə salınıb. Dünyada LNG zavodlarının ümumi gücü 3 faiz artaraq ildə 476,5 milyon tona çatıb. GIIGNL hesabatında deyilir ki, 2022-ci ildə qlobal LNG tədarükü 4,5 faiz artaraq 389,2 milyon tona çatıb.

Qaz ehtiyatlarına görə ilk üç ölkədən və dünyanın ən böyük LNG istehsalçılarından biri olan Qətərin “Şimal” yatağının genişləndirilməsi layihəsi ölkənin istehsal gücünü 2026-cı ilədək ildə 77 milyon tondan 126 milyon tona qədər artıracaq.

Maye qazın ən böyük alıcısı hazırda Avropadır. "Gas Infrastructure Europe"nin məlumatına əsasən, Avropa 2023-cü ildə mayeləşdirilmiş təbii qazın (LNG) idxalı üzrə rekord qırıb - hesabat dövründə Avropa İttifaqı (Aİ) ölkələrinə təqribən 131,22 milyard kubmetr maye qaz tədarük edilib. Ekspertlərin fikrincə, LNG idxalının həcmi 2022-ci il göstəricilərini 1,9 faiz ötüb. Avropa qaz mənbələri arasında LNG-nin ümumi payı 40 faiz təşkil edib.

Hesabatda qeyd olunur ki, 2026-cı ilə Rusiya (Arctic LNG 2 layihəsi), ABŞ (Corpus Christi), Kanada (LNG Canada, Cedar LNG), Meksika (Energia Costa Azul), İndoneziya ( Tangguh LNG) və Seneqal (Gimi FLNG) maye qaz istehsalı layihələri üzrə istehsal başlanacaq. Lakin artıq Rusiyanın layihəsini siyahıdan çıxarmaq olar. Çünki ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Rusiyanın bu ən böyük maye qaz layihələrindən birinin icrasını dalana dirəyib. Ötən ilin sonlarında ABŞ-ın Novatek şirkətinin “Arctic LNG - 2" layihəsinə qarşı tətbiq etdiyi sanksiyalar onun çərçivəsində ilk qazın əldə olunması müddətinin qeyri-müəyyən vaxta təxirə salınmasına səbəb oldu.

Buna baxmayaraq, yaxın 2 ildə ABŞ-da LNG istehsalını nəzərdə tutan bir neçə böyük layihə üzrə istehsalın başlanması gözlənilir. Belə bir təklif bolluğu şəraitində Avropa İttifaqının Türkmənistandan qaz kəmərinin inşasını prioritetləri sırasına daxil etməsi sırf siyasi bir qərar ola bilər. 

Bu baxımdan, Aşqabadın qarşısında yeganə yol olaraq qazı İran üzərindən svopla Azərbaycana və Türkiyəyə, oradan Avropaya çatdırmaq. Bu variant həm İrana, həm də Azərbaycan və Türkiyəyə sərf edir. Çünki Tehranın şimal əyalətləri üçün kəskin ehtiyac duyduğu qazı almaq üçün hansısa yeni boru xəttinə pul xərcləmək həvəsi yoxdur. İran üçün ən əlverişli yol Türkmənistan qazını svopla Azərbaycan, yaxud Türkiyəyə ötürmək, əvəzində şimal əyalətlərini qazla təmin etməkdir. 

Bəzi məlumatlara görə, Aşqabadla Ankara illik 27 milyard kubmetr qaz həcmi ətrafında müzakirələr aparırlar. Bu qədər həcmin Azərbaycana və Türkiyəyə ötürülməsini İran qaz təchizat şəbəkəsinin çatdıra biləcəyi sual altındadır. Hər halda, hazırda İrandan Azərbaycana qaz ötürülməsi gücü illik 3 milyard kubmetrdən yuxarı deyil. 

Yeri gəlmişkən, 2024-cü il yanvarın 1-dən Türkmənistan qazının İran üzərindən Azərbaycana svop nəqli dayanıb. Azərbaycan Türkmənistandan qazı 2022-ci ilin yanvarından almağa başlayıb. Həmin il 0,9 milyard kubmetr, 2023-cü ildə isə 1,5 milyard kubmetr qaz alınıb. 

Bəzi mənbələr Aşqabadın Azərbaycandan yüksək qiymət tələb etdiyini bildirirlər. Ötən il Bakı hər min kubmetr qaz üçün Aşqabada 143,8 dollar ödəyib. Alınan qazın 15 faizi də svop haqqı olaraq İrana verilir. Bu şəraitdə Bakının ödənişi artırmamaq istəyi təbiidir...

Dünya SAKİT,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 4 753          Tarix: 12-03-2024, 10:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma