“Son 20 il ərzində Almaniya tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təxminən yarım milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiya yatırılıb.”
Ovqat.com xəbər verir ki, bu sözləri Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov Trend-ə müsahibəsində bildirib.
Səfirin fikrincə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, bir sıra regional layihələrlə çıxış etməsi Almaniyada çox diqqətlə izlənilir. Həmin dəhlizlər vasitəsilə Şərqdən Qərbə, yaxud əks istiqamətdə daşımaların məsafəsinin qısalacağını nəzərə alsaq, yeni Bakı Beynəlxalq Ticarət Limanının tikilməsi, onun yeni imkanlar vəd etməsi, həm Avropa nəqliyyat dəhlizinin, həm də Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması bütün avropalı iş adamları üçün, o cümlədən Almaniya şirkətləri üçün maraqlıdır və alman iş adamlarının Azərbaycana səfərləri çərçivəsində, eləcə də bizim nümayəndələrimizin Avropaya səfərləri zamanı ən çox müzakirə olunan məsələlərdən biridir.
Qeyd edək ki, bu ilin sonunadək Almaniyada Azərbaycanın logistik və nəqliyyat sahəsində imkanlarına həsr olunacaq biznes-forum keçirməyi də nəzərdə tutulur.
Paylaş: