Xəbər lenti
 
Azərbaycan müstəqilliyini elan edəndən sonra Almaniya bizi tanıyan ilk Qərb ölkəsi oldu. Lakin məlum səbəblərdən həmin dövrdə ikitərəfli diplomatik münasibətlər inkişaf etmədi. 1993-cü ildə Milli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Bakı-Berlin münasibətlərində yeni səhifə açıldı.

Azərbaycan-Almaniya əlaqələrinin yüksələn xəttlə inkişafı 1993-cü ildən başlamışdı, lakin biz 1994-cü ildə 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) iştirakı ilə imzalanmış "Əsrin Müqaviləsi"ndə (dəyəri $7,4 mlrd) Almaniyanın təmsil olunduğunu görmürük. Həmçinin 13 ən məşhur neft şirkətlərinin (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında da bircə dənə alman şirkəti yoxdur. Bu addım sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkətilə 30-dək sazişin imzalanması üçün yol açdı.

Bakı nefti XX əsrin əvvəlindən başlayaraq, daim Almaniyanın maraq dairəsində olub. Bəs niyə Azərbaycan Almaniya ilə geniş sferada tərəfdaşlığa önəm verdiyi halda, onlar bu sahədə kənarda qalmışdılar? Sualı müxtəlif cür cavablandırmaq olar. Lakin ən real variant bp-nin, xüsusən də Britaniyanın oynaya biləcəyi əngəlləyici roldur.

2016-cı ildə Böyük Britaniya baş nazirinin Türkiyə üzrə ticarət elçisi Lord Robinin müsahibələrinin birində səsləndirdiyi "Azərbaycana ilk olaraq Britaniya gəlib" ifadəsini xatırlatmaq yerinə düşər. Burada söhbət Böyük Britaniyanın Azərbaycan neft-qaz sənayesində söz sahibi olmasından gedir ki, bu da nəticə etibarilə Almaniyanın Azərbaycan bazarına girişinin klidləyir.

Azərbaycanın Almaniyanın neft idxal etdiyi ölkələr sırasında 6-cı yerdədir. Bu mənada, Azərbaycanın enerji resurslarının Almaniya üçün nə qədər əhəmiyyətli olduğunu anlamaq çətin deyil. 2016-ci ilin iyun ayında keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda vitse-kansler, iqtisadiyyat naziri Ziqmar Qabriyel təmsil etdiyi ölkənin Azərbaycanla olan iqtisadi tərəfdaşlığına, alman şirkətlərinin Azərbaycandakı fəaliyyətinə, eləcə də enerji sektorunda Azərbaycanın mühüm roluna diqqət çəkmişdi. O, bildirmişdi ki, "Cənub Qaz Dəhlizi" layihəsi Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya çatıdırılmasında böyük əhəmiyyətə malikdir.

Bu kontekstdə 2008-ci ildə Berlin şəhərində Almaniyanın təşkil etdiyi "Almaniya və Avropa İttifaqının enerji ilə təminatında Azərbaycanın rolu" adlı simpozium istəklərə bir qədər də aydınlıq gətirir. Aşkar görmək olur ki, Almaniya Azərbaycanla enerji təhlükəsizliyi sahəsində yaxın iş birliyinə can atır, lakin müəyyən ölkələrin (ABŞ, Britaniya) Xəzərdə böyük paya sahib olması onun bura girişinə mane olur.

Prezident İlham Əliyevin 2010-cu ilin 4-6 fevral tarixili Almaniya səfəri də xüsusi maraq doğurur. Həmin səfərdə Almaniyanın federal kansleri xanım Merkelin neft-qaz ölkəsi olan Azərbaycanı Almaniya üçün vacib tərəfdaş adlandırması rəsmi Berlinin enerji sektorunda, Azərbaycanla əməkdaşlıqda daha çox maraqlı olduğunu isbatlayır.

Angela Merkelin 2015-ci ildə söylədiyi bu cümlələr deyilənlərə bir qədər də işıq salır: “Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada, “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik”.

2010-cu ildə Almaniyanın "RWE AG" elektrik-təbii qaz şirkəti ilə SOCAR arasında enerji sektorunda təməl rol oynayacaq razılaşma əldə olundu. Bu anlaşma Almaniya-Azərbaycan enerji əməkdaşlığında ilk təməl müqavilə idi. Müqaviləyə görə, Xəzər dənizindəki Naxçıvan təbii qaz yatağında kəşf və emal ilə əlaqədar işlər alman şirkətinə həvalə olunurdu. Alman şirkətinin açıqlamasında vurğulanırdı ki, "bu anlaşma Azərbaycanla Almaniya arasında neft-qaz sektorunda əməkdaşlığa böyük təkan olacaq". RWE AG-nin prezidenti Yürgen Qrossmann isə Azərbaycanla olan bu əməkdaşlığın gələcəkdə Nabucco projesinin bir bölümünə çevirilə biləcəyinə də diqqət çəkmişdi.

Bəzi mənbələr yazır ki, Almaniyanın cəmi 2 şirkəti - "E.ON" və "RWE AG" Cənub Qaz dəhlizi layihəsindən - TANAP (TAP), eləcə də "Nabucco" layihəsində iştirak edib, ancaq bəlli səbəblərdən "Nabucco" kəməri reallaşmadı. Bu səbəbdən də hər iki şirkətin sonrakı iştirakı və fəallığı bağlı əsaslı fikirlər söyləmək çətindir.

Almaniyanın neft, yaxud texnologiya şirkətləri Azərbaycanın neft-qaz sektoruna girə bilmədikləri üçün, Qazaxıstanda özlərinə yer axtarmağa başlamışdılar. Almaniyanın İqtisadiyyat Nazirliyinin xarici əlaqələr üzrə mütəxəssisi Karl-Ernst Braunerin fikirləri də maraq çəkir: "Qazaxıstandan neft və təbii qaz nəqlinin genişləndirilməsi Qafqazdakı gərginlik səbəbindən daha perspektivli görünür". Prezident Horst Köhlerin Qazaxıstan səfəri zamanı alman analitiklər həmin ölkənin özləri üçün neft qaynağı olduğunu vurğulayırdılar. Bu fikirlərdən də aydın görmək olur ki, Almaniyanı Cənubi Qafqazda, xüsusən bu regionda reallaşan enerji projelərində sıxışdıran güclər var. Heç istisna deyil ki, bu güc ABŞ və Britaniyadır.
AzVision.az 


Ana səhifəyə qayıt        Baxış: 1 232          Tarix: 12-04-2017, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma