"Cari ildə də yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilib. Həmin layihələr sırasında yeni nəsil təsir gücü artırılmış qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini göstərmək olar".
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov"Azərbaycan" qəzetində dərc olunan məqaləsində yazıb.
"2017-ci ildə də nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir. Cari ilin 11 ayında nazirliyin müəssisələri tərəfindən 4 məmulat üzrə - xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılmış və istehsalı təşkil olunmuşdur. Eyni zamanda, xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşmış və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur. Bununla yanaşı, QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilmiş, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif mm-lik uzaq mənzilli minaatanların, müxtəlif mm-lik atəş yığımları üçün partladıcıların sınaqlarına başlanılıb. Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilib", - deyə nazir öz məqaləsində bildirir
Məqalədə daha sonra qeyd olunur:
"Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir...
Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2017-ci ildə 31 mövzu, o cümlədən müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Əsas mövzular sırasında 57 mm-lik (S-5 tipli) və 80 mm-lik (S-8 tipli) idarə olunmayan aviasiya raketlərinin, 25, 50, 100 və 250 kq-lıq qəlpəli-fuqaslı aviabombaların, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusu və onun qumbarası və s. vardır".
Onun sözlərinə görə, Milli Aerokosmik Agentliyi tərəfindən isə (MAKA) 2017-ci ildə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılır:
"İlk növbədə, əsas diqqət müxtəlif növ döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” milli zirehli nəqliyyat vasitəsinin, 12,7 mm-lik pulemyotla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulunun, 40 mm-lik QP-25 tipli lüləaltı qumbaraatanın və s. məmulatların hazırlanmasına yönəldilib. Müdafiə Sənayesi Nazirliyinin respublikanın elm ocaqlarından Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti və digərləri ilə birgə əməkdaşlığına əsasən bir sıra tədqiqat işləri aparılır".
Paylaş: