Xəbər lenti

  

Əziz və hörmətli qurultay iştirakçıları!

Möhtərəm qonaqlar və media nümayəndələri!

Partiyamızın növbəti VI qurultayında iştirak etdiyinizə görə sizə şəxsi təşəkkürümü və minnətdarlığımı bildirirəm! Çox sağ olun!

Bu gün, biz V qurultaydan sonrakı dörd ildən artıq müddətdə fəaliyyətimizi, necə deyərlər, tənqidi fikir süzgəcindən keçirməli və bu əsasda gələcək fəaliyyət istiqamətlərimizi müəyyən etməliyik, habelə rəhbər orqanları seçməliyik. Bu işdə sizə uğurlar arzulayıram.

Hörmətli qurultay iştirakçıları! Biz keçən V qurultayımızda nəinki Ədalət partiyasının, ümumiyyətlə, mövcud müxalifət partiyaların fəaliyyətinə maneçilik törədən bir sıra amilləri qeyd etmişdik. Bunlar – siyasi partiyaların vətəndaş cəmiyyəti təşəkkül tapmamış, cəmiyyətdə sosial-siyasi təbəqələşmə müəyyən səviyyəyə çatmamış, vaxtından qabaq, regional əsasda, ayrı-ayrı şəxslərin ətrafında yaradılması; ölkədə siyasi apatiya və vətəndaş fəaliyyətsizliyinin mövcud olması və belə bir vəziyyətin əmələ gəlməsində hakimiyyətin məqsədyönlü fəaliyyəti; iqtidarın müxalifətə potensial müttəfiq kimi deyil, bir növ düşmənçilik münasibəti nümayiş etdirməsi; maliyyə imkanlarının kasadlığı; ölkənin qanunlarla yox, yuxarıların siyasi maraqlarına qulluq edən göstərişlərlə idarə olunması; məmur özbaşınalığına qanunçuluq görkəmi verilməsi; ictimai fikrin nəzərə alınmaması və s-dən ibarətdir.

Təəssüflə qeyd etməliyəm ki, bu amillər nəinki aradan qaldırılmayıb, əksinə daha da dərinləşib və cəmiyyətdə müxalif qüvvələrin fəaliyyətini daha da məhdudlaşdırıb. Biz bir partiya olaraq mümkün olan bütün qanuni vasitələrdən istifadə edərək vətəndaş cəmiyyətinin bərqərar olunmasına, əhalinin məhz vətəndaş hüquq və azadlıqlarının təntənəsinə mane olan qeyd olunan və digər amillərin aradan qaldırılmasına çalışmalıyıq. Biz hər bir cəmiyyət üzvünü inandırmalıyıq ki, o düşünsün, canından, hər bir bioloji və sosial anomaliyaların səbəbi olan, qorxu xofunu çıxarsın, yuxarıdan təqdim edilən “həqiqət”lərə kortəbii olaraq inanmasın, göstərişləri müticəsinə yerinə yetirməsin, həyata, necə deyərlər, ağılın gözlərilə baxsın, mövcud olan qanunları gözləsin, kimin tərəfindən törədilməsinə baxmayaraq, qanun pozuntusuna qarşı üsyan səsini qaldırsın.

Hörmətli qurultay iştirakçıları!

Ölkəmizin və hər birimizin şəxsi təhlükəsizliyinə, cəmiyyətimizin varlığı və gələcək inkişafına əhəmiyyətli dərəcədə təsir edən çoxsaylı problemləri var. Biz bu problemləri görməli, onlara öz münasibətimizi bildirməliyik. Bu problemlər içərisində, şübhəsiz, birinci yeri ərazi bütövlüyümüz və milli təhlükəsizliyimiz durur. Hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, dünyada ərazidən qiymətli heç nə yoxdur. Odur ki, Azərbaycan heç bir vəhclə bir qarış torpağını belə kimlərəsə verə bilməz. Bu baxımdan bizim ən böyük taleyüklü problemimiz erməni qəsbkarları tərəfindən Dağlıq Qarabağ və digər yeddi rayonumuzun işğal edilməsidir.

Hörmətli qurultay iştirakçıları!

Fransanın əfsanəvi generalı, sonradan Prezidenti olmuş Şarl de Qollun gözəl bir deyimi var: “Əgər Siz hər hansı problemi həll edə bilmirsinizsə, heç olmasa, onu gündəmdə saxlayın”. Biz bir partiya olaraq hesabat dövründə Azərbaycanın bütün problemlərini gündəmdə saxlamış və hər biri üzrə də öz münasibətimizi bildirmiş, həlli yollarını göstərmişik.

Düşünürəm ki, Dağlıq Qarabağ probleminin həlli də, ilk növbədə, problemin mahiyyətinin aydınlaşdırılmasını, ona  siyasi qiymət verilməsini tələb edir.  Siyasi qiymət vermədən problemi hüquqi cəhətdən həll etmək mümkün deyil. Necə ki, həkimlər də bir xəstəni müalicə etməmişdən əvvəl onun xəstəliyini müəyyənləşdirirlər, yəni xəstəliyə diaqnoz qoyurlar. Bu yanaşmanı siyasi hadisələrə də şamil etmək olar. İndi, gəlin, aydınlaşdıraq: Dağlıq Qarabağda nə baş verib? Doğrudanmı, orada məskunlaşan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmirdilər? Başqa sözlə desək, bu, milli azadlıq hərəkatı idi, yoxsa, orada separatçı-terrorçu hərəkat baş vermişdi?

O zaman mən Azərbaycan SSR Prokuroru kimi Dağlıq Qarabağda tez-tez olur, təkcə prokurorluq işçiləri ilə deyil, sadə vətəndaşlarla da  ünsiyyət qururdum. Əhalinin mütləq əksəriyyətinin həyatlarından razı olduqlarını, həm Dağlıq Qarabağda, həm ətraf rayonlarda yaşayan azərbaycanlılarla münasibətlərinin normal olduğunu görürdüm. Bu mənim şəxsi qənaətimdir. Razılaşmayanlar da ola bilər. İndi görək, böyük müəllimimiz və tərbiyəçimiz olan Cənab Tarix nə deyir?

1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı oldu. Qurultayın gündəliyində ancaq bir məsələ dururdu – Ermənistanın ərazisini genişləndirmək və bu işə haradan başlamaq?

Türkiyə güclü dövlət olduğundan onun torpaqları hesabına Ermənistanın ərazisinin genişləndirilməsi məqbul sayılmadı. Ya Azərbaycandan-Dağlıq Qarabağdan, ya da Gürcüstandan – Cavaxetiyadan başlamalı idilər. Qurultayda bir səs çoxluğu ilə Dağlıq Qarabağa üstünlük verdilər. Bu barədə Moskvaya məktub göndərdilər və oranı əmin etdilər ki, bu, Rusiyanın da maraqlarına uyğundur.

Çox təəssüf ki, o vaxtkı SSRİ rəhbərliyi də separatçı-terroristləri tam dəstəklədi. Buna sübut kimi bir faktı Sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm.

Dağlıq Qarabağ separatçılarının o vaxtki rəhbəri Manuçarovun haqqında Azərbaycan Respublikası Prokurorluğunda dövlət əmlakını xüsusilə külli miqdarda oğurladığına və rüşvətxorluqla məşğul olduğuna görə cinayət işi qaldırılmışdı və Respublika prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi V.T.Boqomolovun rəhbərliyi ilə istintaq aparılırdı. İstintaq çox uğurlu gedirdi. Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları özləri Manuçarovu ifşa edən ifadələr verirdilər. Əşyayi-dəlillər də əldə edilmişdi. Cinayətkarlar tərəfindən binanın divar hörgüsündə gizlədilmiş qiymətli qızıl sikkələr və bəzək əşyaları da əldə edilmişdi. İfşa olunduğundan hədsiz qəzəblənən Manuçarov Xankəndində vilayət prokurorluğunda istintaqı davam etdirən Boqomolova hücuma keçdi. Mən deyərdim ki, Boqomolov bu işi böyük qəhrəmanlıqla ondan xilas edə bildi. Manuçarov Azərbaycandan Yerevana qaçdı. Sonralar ermənilərin şikayətinə əsasən (guya, biz işi qərəzli aparırdıq) bu işi SSRİ prokurorluğu bizdən alıb icraatına götürdü və istintaqı xüsusilə mühüm işlər üzrə baş müstəntiq  K.K.Maydanyuka tapşırdı. Maydanyuk, həmçinin SSRİ Baş prokurorunun istintaq üzrə müavini A.F.Katusev də işə çox vicdanla yanaşdılar, 10 nəfərdən çox adam həbs edildi, o cümlədən Manuçarov Yerevanda tutlub Şuşa türməsinə gətirildi. Həmin ərəfədə (tarixi dəqiq yadımda deyil – İ.İ.) SSRİ Baş prokuroru A.Y.Suxarev mənə zəng edərək bildirdi ki, səhər Bakıya uçur, onu qarşılayım. Onun istintaq üzrə müavini A.F.Katusev də Bakıda idi. Səhər Suxarevi qarşılayıb mehmanxanada yerləşdirdim. O, müavini A.F.Katusevi, Manuçarovun işini istintaq edən K.K.Maydanyuku və məni yanına dəvət edərək, Manuçarovun haqqındakı həbs qəti-imkan tədbirinin dəyişdirilib onun azad edilməsi barədə fikrimizi soruşdu. A.F.Katusev və Maydanyuk işin tam sübutlu olduğunu ona bildirdilər və xüsusilə təhlükəli cinayətkar olan Manuçarovun azad edilməsini mümkünsüz saydılar. Onda Suxarev Manuçarovun Moskvaya etap olunması məsələsini müzakirə etdi. Müstəntiq bunun işin istintaqı baxımından ziyanlı olduğunu bildirdi. O dedi ki, həbsdə 10 nəfərdən çox müqəssir var, bu müqəssirlər də Manuçarovla üzləşməlidirlər. Müqəssir və şahidləri Moskvaya etap eləmək isə ağılsızlıqdır. Suxarev bu dəlillərlə razılaşdı. Elə bu vaxt Moskvadan ona zəng oldu. O, zəng edənə işin sübutlu olduğunu, Manuçarovun da azad edilməsinin mümkün olmadığını bildirdi. Zəng edən şəxs narazı qaldı və “ermənilərə qarşı repressiya aparırsınız” dedi. A.Y.Suxarev bizə bildirdi ki, bu şəxs məhz Sov.İKP MK katibi, Siyası Büronun üzvü A.N.Yakovlevdir. Sonra mənə aydın oldu ki, Suxarev məhz onun tapşırığı ilə Bakıya gəlibmiş.

Ardınca daha dəhşətli hadisər baş verdi: səhər hərbi vertolyotla Manuçarovu qanunsuz olaraq Şüşa türməsindən Moskvaya apardılar. Qanuna görə, müqəssirin bir türmədən başqasına köçürülməsi ancaq işin istintaqını aparan müstəntiqin onun barəsində etap olunmaya dair prokuror tərəfindən sanksiyalanmış qərarı əsasında ola bilərdi. Belə bir qərar olmadan Moskvadakı azadlıqdan məhrum olunma yeri də müqəssiri qəbul edə bilməzdi. Tez bir müddətdə Manuçarovu Ermənistan Ali Sovetinə deputat seçdilər. Ermənipərəst olmaları ilə tanınan, Azərbaycana düşmən kəsilmiş A.SaxarovQ.Starovoytova türmədə ona deputat mandatını təqdim etdilər və onun azad olunmasına nail oldular. O vaxtlar artıq mən Azərbaycan Respublikası prokuroru deyildim, Moskvada SSRİ Prokurorluğunda işləyirdim, Manuçarovun işi ilə də daim maraqlanırdım.

Onu qeyd etməyi özümə borc bilirəm ki, həm A.F.Katusev, həm də K.K. Maydanyuk bu işə vicdanla yanaşırdılar, böyük təsirlarə baxmayaraq, qanun pozuntusuna və ədalətsizliyə yol vermirdilər. Onların məlumatlarına görə, hələ Qorbaçovun həyat yoldaşı Raisa Maksimovna da zəng edərək işin xətm olunmasını xahiş edirmiş. Qanuna hörmət bəsləyən insanlar işi xətm etmədilər, əksinə, təqsirnamə ilə baxılması üçün SSRİ Ali Məhkəmsinə göndərdilər. Burda da ağılagəlməz hadisə baş verdi – SSRİ Ali Məhkəməsi işə baxmadı və onu Belorusiya Ali Məhkəməsinə göndərdi. Belorusiya Ali Məhkəməsi də işə baxmadı, onu Brest Vilayət məhkəməsinə göndərdi. Vilayət Məhkəməsi də işi uydurma əsaslar üzrə qanunsuz olaraq təkmil istintaqa qaytardı. SSRİ Prokurorluğunda Vilayət Məhkəməsinin bu qərarından protest hazırlanırdı ki, SSRİ dağıldı, Yakovlev və digərlərinin köməyi ilə dövlət əmlakını xüsusilə külli miqdarda talayan, rüşvətxor Manuçarov cəzasız qaldı. Bu da Yakovlevin şəxsində Sov.İKP MK Siyasi Bürosunun separatçılara dəstəyi idi.

 

Daşnakstün partiyasının XXIII qurultayının yuxarıda qeyd olunan qərarının həyata keçirilməsinin nəticələri artıq göz qabağındadır – Moskvanın iştirakı ilə Dağlıq Qarabağ və ətrafında olan 7 rayon millətçi-şovinist terrorçuların idarə etdikləri Ermənistan tərəfindən işğal olundu.

Dağlıq Qarabağda Daşnak partiyasının separatçı-terrorçu siyasətini həyata keçirən sarkisyanlar onların sözünə baxmayan Xocalı aeroportunun qadın rəhbərinin evini partlatdılar, onun özünü, ərini və iki uşağını öldürdülər. Məqsədləri terror vasitəsilə əhalini qorxu altında saxlamaq idi. Xatırlayıram ki, 1990-çı ilin fevralında 1989-cu ilin yekunlarını ətraf rayonların prokurorlarının iştirakı ilə Stepanakertdə Vilayət prokurorluğunun kollegiyasında müzakirə etdik. Vilayət Prokurorluğunun bəzi rəhbər işçiləri kollegiya iclasında iştirak etmirdilər. Bunun səbəbini soruşanda mənə onların məktublarını təqdim etdilər. Yazırdılar ki, biz kollegiya iclasına gəlsək, axşam evimiz partladılacaq. İndi söz sizindir-gələkmi? Mən Xocalı aeroportunun rəhbərinin taleyini yada salaraq, təhlükənin real olduğunu hiss etdim və göstəriş verdim ki, iclasa gəlməsinlər.

Mən hələ, Moskvada işlədiyim zamanlarda Dağlıq Qarabağ Vilayət Prokurorluğunun işçilərindən zəng edirdilər ki, onları tək qoymayaq, terrorçu separatçıların əlindən qurtaraq.

Artıq xeyli vaxt keçib. Dağlıq Qarabağda baş verənlərin xaricdən daşnaqlar tərəfindən təşkil olunan terrorçu-separatçı hərəkat olması heç kimdə şübhə doğurmur. Belə hərəkat nəticəsində isə heç bir dövlət qurula bilməz.Bu, beynəlxalq hüquqa zidd olardı.

Hörmətli qurultay iştirakçıları!

Mən uzun illərdir deyirəm və indi də təkrar edirəm: ATƏT bu məsələni həll edə bilməz, çünki onun qərarları hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır. Bu qərarlar tövsiyə xarakterlidir, ermənilər isə belə tövsiyələri qəbul etmək istəmirlər.

Onu da qeyd etməliyəm ki, ATƏT-in qərarları konsensusla qəbul edilir, yəni bir nəfərin razılığı olmasa, qərar meydana çıxmır. Arada istədilər ki, konsensus məsələsini səs çoxluğu ilə əvəz etsinlər. Ermənistan və onu müdafiə edənlər buna imkan vermədilər.

Hərdən təkliflər səsləndirilir ki, format dəyişdirilsin, Türkiyə də ATƏT-in Minsk qrupunun üzvü olsun. Türkiyə, bizi istəyən Pakistan da Minsk qrupuna daxil olsalar belə, heç nə dəyişməyəcək. Səbəb bayaq qeyd etdiyim kimi, ATƏT-in qərarlarının məcburi xarakter daşımamasıdır. Nə qədər ki, ATƏT-in Minks qrupu bu məsələ ilə məşğul olur, problem həll olunmayacaq. Odur ki, məsələ BMT TŞ-nın gündəliyinə qaytarılmalıdır. Ondan tələb olunmalıdır ki, əvvəllər qəbul etdiyi 4 qətnaməni icra etsin. Nə üçün Liviya ilə bağlı qərar qəbul etdilər və dərhal da həyata keçirdilər, təkcə M.Qəddafini deyil, habelə Liviya dövlətini məhv etdilər? Yox, əgər BMT TŞ da bu problemi həll etməsə, onda bütün qüvvələrimizi səfərbər edib torpaqlarımızı azad etməliyik. Bu bizim şərəf, ləyaqət, qeyrət işimiz, borcumuz olmalıdır.

Dağlıq Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur, 10 milyon əhali eyni mövqedədir. Bunun qarşısında isə heç kim dayana bilməz. 2016-cı ilin aprel döyüşləri və bu döyüşlərin vətəndaşlarımızda yaratdığı əhval-ruhiyyə bunun əyani sübutudur. Problemin “həllinin” ATƏT-in Minsk qrupuna həvalə edilməsi ancaq və ancaq Ermənistanın maraqlarına qulluq edir.

Son vaxtlar beynəlxalq qüvvələr Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə çalışırlar və belə bir görüş də keçən ilin oktyabr ayının 16-da Cenevrədə keçirildi. Biz Ermənistan prezidentilə dil tapılacağı ehtimalına da inanmamalıyıq. Çünki bu adam söz sahibi deyil. Bir tərəfdən Rusiyanın, digər tərəfdən dünyadakı erməni lobbisinin təsiri altındadır. Bir müqəvva ilə danışıqlar aparmağımızın nə mənası var? O, istəsə belə, təsiri altında olduğu qüvvələrin iradəsindən kənar heç nə edə bilməz. odur ki, təkrar edirəm torpaqlarımızı özümüz azad etməliyik.

Hörmətli qurultay iştirakçıları!

Bu yaxınlarda Ermənistan lideri Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Bu da erməni fırıldaqlarından biridir. Düzdür, Azərbaycanın ərazi bütövlüyünü etiraf etdi, amma ardınca da beynəlxalq hüquqdakı millətlərin öz müqəddəratını təyin etmək prinsipindən və bu prinsipin həyata keçməsi üçün Dağlıq Qarabağda referndum keçirilməsindən dəm vurdu. Beləliklə də, Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə, Xocalı qətliamına bəraət qazandırmağa çalışdı. Guya Dağlıq Qarabağda ermənilərdən fərqli bir xalq var. Buna da əvvəllər “Qarabağ xalqı” deyirdilər, indisə “Artsax”. Bu yalana inanmaq istəyənlər də var. Halbuki, Dağlıq Qarabağda erməniəsilli Azərbaycan vətəndaşları yaşayırlar. Onlara isə beynəlxalq hüququn göstərilən prinsipi şamil oluna bilməz. Ermənilər öz müqəddaratını artıq təyin edib Ermənistan respublikasını yaradıblar. Hardasa birgə yaşayan ermənilər varsa, onlara bu hüquq verilə bilməz. Əks halda, dünyada yüzlərlə erməni dövləti yarana bilər ki, bu da nonsesdir. Qoy, ermənilər kompakt yaşadıqları Krasnodarda, Stavropolda, Rostov vilayətində, Koliforniya statında və s. yerlərdə erməni dövləti yaratsınlar, görüm, yarada bilirlərmi?

Görünür, Dağlıq Qarabağda referendum keçirilməsini istəyən Sarkisyana və onu dəstəkləyənlərə Azərbaycan Konstitusiyasının 11-ci maddəsinin III hissəsini xatırlatmaq lazımdır. Orada deyilir: “Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər”.

Bu maddədən də göründüyü kimi,  Dağlıq Qarabağda heç bir referendum keçirilə bilməz.

Son olaraq böyük hümanist Erazmo Roterdamskinin “Axmaqlığın tərifi” adlı əsərini xatırlatmaq yerinə düşərdi. Əsərin leytmotivi odur ki, dünyada hər şey axmaqlığın şıltaqlığına qulluq edir. İndi biz də eyni vəziyyətlə qarşı-qarşıyayıq. Sanki, dünyadakı super güclər hər şeyi erməni millətçilərinin şıltaqlığına qulluq etmək üçün formalaşdırmağa çalışırlar. Əslində isə hər şey beynəlxalq hüquqa və ədalətə qulluq etməlidir.

Hörmətli qurultay iştirakçıları!

Hər birimiz və bir partiya olaraq bilməliyik ki, bizim problemlərimiz içərisində erməni qəsbkarlarından heç də az təhlükəli olmayan, çox təəssüf ki, ictimai həyatımızın bütün sahələrinə sirayət etmiş, ağacı qurd yeyən kimi bizi içəridən məhv edən əsas bəla rüşvətxorluq və korrupsiyadır. Mahiyyəti dövlət aparatı ilə cinayətkar maraqların çuğlaşmasından ibarət olan korrupsiya (məsələn, MTN-i cinayət yuvasına çevirən Eldar Mahmudovun və dəstə üzvlərinin fəaliyyəti) qanunların aliliyini nüfuzdan salır, ölkənin maddi imkanlarını tükəndirir, vətəndaşların dövlət institutlarına, vəzifəli şəxslərə inamını sarsıdır. Çox təəssüf ki, bu cinayətin miqyası günü-gündən genişlənir, işgüzar fəaliyyətin dərinliklərinə işləyir. Bu bəla ilə aparılan mübarizə, yumşaq desək, kosmetik xarakter daşıyır.

Düşünürəm ki, korrupsiya ilə effektli mübarizə ilk növbədə beynəlxalq təcrübənin və sağlam düşüncənin göstərdiyi kimi, milli qanunvericilik bazasının yaradılmasını tələb edir. Çox təəssüf ki, respublikamızda belə zəruri qanunvericilik baza hələ də yaradılmayıb.

Məsələnin mahiyyətinə peşəkar baxış budur ki, Azərbaycanda korrupsiyaya qarşı nəinki ciddi mübarizə aparılmır, əksinə o, məhz "yuxarılar"ın istəyi və iştirakı ilə daha da çiçəkləndirilir. Fikrimi əsaslandırım:

Birincisi, korrupsiya ilə uğurlu mübarizə dövlət vəzifə daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Bu barədə hələ 2005-ci ildə – təsəvvür edin, 13 il bundan qabaq, – qanun da qəbul olunub, ancaq məlum olmayan hansı səbəblərdənsə indiyə qədər bu qanun tətbiq edilmir. Deməli, ölü qanundur. Bu, dözülməz haldır. Korrupsionerlərin maraqlarına qulluq edən bu vəziyyətə görə kim və yaxud kimlər məsuliyyət daşıyır?

İkincisi, korrupsiya ilə mübarizə, mahiyyət etibarilə, xərclər barəsində də deklarasiya tələb edir. Bu barədə Rusiya Federasiyasında qanun qəbul edilib. O, belə adlanır: “Dövlət vəzifələrini tutan şəxslərin və digərlərinin xərclərinin gəlirlərinə uyğun olması üzərində nəzarət haqqında”. Belə bir qanunu təcili olaraq biz də qəbul etməliyik.

Düşünurəm ki, bu, gəlirlər barədə deklarasiyadan daha vacibdir. Özü də, gəlirlər və xərclər haqqında deklarasiyalar mütləq elektron qaydada müvafiq dövlət qurumlarının saytlarında yerləşdirilməlidir ki, xalq oxusun və hər şeyi bilsin. Başqa sözlə, şəffaflıq təmin olunsun.

Üçüncüsü, hamımıza məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Birbaşa korrupsiyaya aparan yollardan biri də budur. Bunun qarşısını almaq üçün mən hələ deputat olduğum vaxtı Milli Məclisə, korrupsiya ilə ciddi mübarizə aparan ölkələrdə olduğu kimi, sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim etdim. Çox təəssüf ki, uzun vaxtdan sonra Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi layihəni müzakirə üçün plenar iclasa təqdim etmədi və bununla, əslində korrupsionerlərə töhfə verən mövqe nümayiş etdirdi.

Dördüncüsü, korrupsiya ilə ciddi mübarizə habelə, demək olar ki, əksər nazirliklərdə yaradılıb və həmin nazirliklərin mənafelərinə qulluq edən istintaq şöbələrini ləğv edib Vahid İstintaq Komitəsinin yaradılmasını, bütün vəzifəli şəxslərin, nazirliklərin və digər dövlət qurumlarının qanunauyğun fəaliyyətini təmin etmək üçün prokurorluğun ümumi nəzarət funksiyasının bərpa edilməsini tələb edir.

Beşincisi, bu gün sosial-iqtisadi durumumuzun böyük bəlası olan inhisarçılıqdan çox danışılır. Amma bu bəla ilə mübarizə üçün tələb olunan qanunvericilik bazası yaradılmır. Haqlı olaraq da sual yaranır: 2-ci oxunuşdan hələ 2006-cı ildə, deməli, 12 il əvvəl, keçmiş Rəqabət Məcəlləsi indiyədək hansı səbəbdən qəbul edilmir, burada marağı olan kimlərdir? Hansı qanun və qaydaya görə qanun layihəsi iki oxunuşdan sonra səsverməyə çıxarılmadı? Belə bir normativ akt yoxdur. Bu hal bir daha sübut edir ki, ölkə qanunlarla deyil, artıq yuxarıda qeyd olunduğu kimi göstərişlərlə idarə olunur. Elə fəlakətimizin əsas səbəblərindən biri də budur. 

Xatırlatmaq yerinə düşər ki, II Dünya müharibəsindən sonra bədbəxt hala salınmış Almaniyanın iqtisadiyyatını dirçəltmək üçün ABŞ-ın keçmiş dövlət katibi və Müdafiə naziri Marşalın planında nəzərdə tutulan tədbirlər içərisində  inhisarçılığın ləğvi birinci yerdə dururdu. Çünki inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Məhz inhisarçılıq insanın hüquq və azadlıqlarını pozur, onların təşəbbüskarlıqlarını aradan qaldırır, azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, qiymətlərin qalxmasına səbəb olur, beləliklə də, insanların maddi rifah halını pisləşdirir, cəmiyyətdə gərginlik yaradır. Var-dövlətin ayrı-ayrı korrupsioner məmurların, soyğunçu sahibkarların cibinə axmasına qulluq edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran inhisarçılığa qarşı amansız mübarizə aparılmalıdır və bunun üçün də tezliklə Rəqabət Məcəlləsi qəbul olunmalıdır.

Əlbəttə, rüşvətxorluq və korrupsiya ilə mübarizə ancaq və ancaq hakimiyyət pilləkəninin ən yuxarılarında olanların istək və əməllərindən əhəmiyyətli dərəcədə asılıdır. Məhz dövlət qurumlarının rəhbərləri korrupsiya ilə mübarizədə örnək olmalıdırlar. Çünki korrupsiya ilə mübarizə, ilk növbədə, dövlət funksiyalarını həyata keçirən şəxslərin öz vəzifələrindən qulluq mövqelərilə əlaqədar olan imkanlarından qeyri-qanuni olaraq maddi və digər nemətlərin, imtiyazların əldə edilməsi üçün, habelə fiziki və hüquqi şəxslər tərəfindən bu nemətlərin, imtiyazların onlara qeyri-qanuni verilməsi cəhdlərini qadağan etmək deməkdir. Korrupsiya ilə mübarizə dövlət işlərində, hakimiyyət münasibətlərində, vəzifə əlaqələrində, kadrların seçilməsində ailəçiliyə, qohumbazlığa, yerliçiliyə yol verilməməsini, dövlət qulluqçularının, bayaq da qeyd etdiyim kimi, gəlirləri üzərində ciddi nəzarətin olmasını tələb edir. Xalq bilməlidir ki, kimlər ona rəhbərlik edir: vicdanlı, təmiz, vətənini və xalqını sevən şəxsiyyətlər, yoxsa açıqda-açığa, həyasızcasına öz cibini dolduran yaramazlar?!

Müstəqil Azərbaycan dövləti halallıqdan, xeyirxahlıqdan mayalanmalıdır. Müstəqillikdən şər qüvvələr faydalanarsa, onda xalqın müstəqilliyə inamı itər, deməli, gələcəyimiz arzuolunmaz çətinliklərlə üzləşər.

Hörmətli qurultay iştirakçıları!

Hər bir cəmiyyətin inkişafı ilk növbədə onun vətəndaşlarının sağlamlığından və təhsilin səviyyəsindən asılıdır. Aksioma kimi səslənən bu fikir partiyamızın Məramnaməsində də öz əksini tapıb. Orada deyilir ki, partiyamız vətəndaşın normal yaşayışı və inkişafı üçün zəruri olan iki sahənin – səhiyyə və təhsilin pulsuz və hamı üçün əlçatan olmasının tərəfindədir. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə görə “hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır”.

Çox təəssüf ki, bu hüququn həyata keçirilməsi olduqca çətinləşib və həqiqətən də Azərbaycanın ən yaralı yerlərindən biri səhiyyə sistemidir. Hər il səhiyyə ilə bağlı müxtəlif qanunlar hazırlanır, ölkə büdcəsindən bu sahəyə yüz milyonlarla vəsait ayrılır, yeni tibb müəssisələri tikilir, köhnə müəssisələrdə bahalı təmirlər aparlır, müasir avadanlıqlar quraşdırılır. Amma bu xərclər vətəndaşlarımızın sağlamlığının qorunması üçün kifayət etmir. Əhalimizin böyük qisminin xaricə – imkansızların İran, Rusiya və Gürcüstana, imkanlıların Türkiyə, İsrail və Qərb ölkələrinə müalicəyə getməsi də haqqında danışdığınız Konstitusiya maddəsinin tam yerinə yetirilmədiyindən xəbər verir.

Guya, bütün dövlət xəstəxanaları pulsuzdur. Amma dövlət xəstəxanalarında müalicə bəzən özəl klinikalardan daha baha başa gəlir. Hələ də səhiyyə ocaqlarında keçmişdən qalma ənənələr – hər kəsə pul vermək qaydası qüvvədədir. Çünki vətəndaşların sağlamlıq hüququnun qorunmasının real əsası yoxdur.

Axı, 180-200 manat maaş alan tibb işçisinə necə deyə bilərsən ki, xəstənin əlinə baxmasın? Onlar da məcburən indiki bahalıq şəraitində dolanmalı, övladlarını oxutmalı, yeri gələndə istirahət etməlidirlər. Bunların hamısı pul tələb edir. Hakimiyyət isə əsasən güc strukturlarında işləyənlərin maaşlarını artırır, müəllim və tibb işçilərinin vəziyyəti yaxşılaşmır. Belə vəziyyətdə hər hansı tibb işçisindən xəstənin əlinə baxmamağı tələb etmək mümkün deyil.

Bu yaxınlarda mən səhiyyədə olan problemlərlə bağlı Ovqat.com-a  bir müsahibə vermişdim. Bu müsahibə Strateq.az və Azpolitika.info saytlarında da getmişdi. “Azpolitika”nı oxuyan bir xanım  bir şərh yazmışdı: “Hörmətli ziyalımız İlyas İsmayılov, bizim sizin kimi alicənab, xalqın hörmətini qazanmış ziyalılara çox ehtiyacımız var. Ailədə yoldaşım həkim, özüm isə orta tibb işçisiyəm. Hamımızın maaşı heç ayda 300 manat eləmir. Yoldaşım poliklinikada 0.5 stavka ilə 80 manat alır. Mən isə 150-170 manat maaş alıram. Kimsə mənə 1-2 manat pul verəndə özümü pis hiss edirəm. Sürünə-sürünə yaşamaq deyərlər buna”.

Elə hesab edirəm ki, əlavə şərhə ehtiyac yoxdur.  Mən ancaq xoş sözlərə görə xanıma təşəkkürümü bildirirəm və ümid edirəm ki, aiddiyyati vəzifəli şəxslər ürək ağrıdan bu vəziyyəti müvafiq tədbir görəcəklər.

Azərbaycan hakimiyyəti həm əhalimizin sağlamlığını, həm də tibb işçilərinin daha yaxşı yaşamasını təmin etməlidir. Həkimi xəstənin əlinə baxmaqdan xilas etmədikcə, bu problemi ortadan qaldırmaq mümkün olmayacaq. Təsadüfi deyil ki, bir çox xəstələr həkimlərin onlara maddi mənfəət niyyətilə artıq dərman yazmasından, lüzumsuz müayinələrə göndərməsindən gileylidirlər. Hətta lazım olmadığı halda xəstələrin əməliyyat etdirilməsi hallarına da rast gəlirik. Bəzi hallarda bu riskli qərarlar faciələrlə nəticələnir. Bütün bu eybəcərliklərin əsl səbəbi həkimlərin xəstələrə pul kisəsi, çörək ağacı kimi baxmasından irəli gəlir. Azərbaycanın bugünkü səhiyyə siyasəti, təəssüf ki, vətəndaşları həkimlərin gözündə əmtəələşdirib, həkimləri öz peşələrinə xəyanət etməyə, içdikləri həkim andını pozmağa sürükləyir. Bu yaxınlarda bir qohumumun xəstəliyi ilə bağlı Bakıdakı dövlət xəstəxanalarının birində (adını çəkmirəm, çünki digər səhiyyə ocaqlarında da vəziyyət eynidir) oldum. Nə deyim… Xəstəxananın dəhlizləri kasıb-kusubla dolu, əksəriyyətin maddi imkanı yalnız müayinəyə kifayət edir və bu müayinə vaxtı hər hansı bir acınacaqlı, yəni əməliyyat müdaxiləsi tələb edən diaqnoz qoyulsa, buna imkanı çatmayan insan, demək olar ki, klinikadan əlində ölüm hökmü ilə çıxır…

Düşünürəm ki, insanların sağlamlığının qorunmasında mövcud olan bütün problemlər icbari tibbi sığorta ilə aradan qaldırıla bilər. Vətəndaşlar sığortalanarsa, pulsuz tibbi xidmət ala bilərlər. Sığorta şirkətləri onların müalicəsinin bütün xərclərini öz boyunlarına götürər və həkimlər xəstənin əlinə baxmazlar. Müalicə xərcləri pulsuz olduğundan xəstələr lazım olmadığı halda artıq pul qazanmaq xətrinə əməliyyata yönləndirilməzlər. Xəstələr vaxtaşırı pulsuz tibbi müayinədən keçib sağlamlıqlarının hansı səviyyədə olduğunu zamanında müəyyənləşdirər, bir çox xəstəliklərin qarşısı orqanizmdə böyük fəsad yaratmadan alınar. Səhiyyə sistemi də beləcə inkişaf edər.

Bütün dünyada tibbi sığorta səhiyyənin maliyyələşdirilməsinin uğurlu modeli sayıldığı halda bizdə bu modelin həyata keçirilməsində süni əngəllər yaradılır. Baxmayaraq ki, Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun hələ 1999-cu ildə qəbul olunub, yəni, üstündən 19 il keçsə də, qanunun icrası reallaşmır.

Hörmətli Əli Əhmədov baş nazirin müavini vəzifəsinə təyin ediləndə söhbət getdi ki, o, məhz icbari tibbi sığorta məsələləri ilə məşğul olacaq. Lakin bu təyinatdan neçə il keçdiyinə baxmayaraq, tibbi sığorta sahəsində heç bir irəliləyiş yoxdur. Halbuki, bayaq da qeyd etdiyim kimi, tibbi sığortanın tam tətbiq olunması əhalinin uyğun şəkildə tibbi yardım və dərman almasına təminat verər, xəstələr pulsuz müalicə alar, bəzi ixtisaslaşdırılmış xəstəxanalarda isə tələb olunan məbləğin cuzi hissəsini ödəyərlər.

Sual oluna bilər: tibbi sığortanın həyata keçirilməməsi nəylə bağlıdır? Axı, bu, iqtisadi fəaliyyətlə məşğul olan dövlət xadimlərimiz üçün də yeni fürsətlər yaradır. Mən deputat olanda bu məsələ ilə maraqlanmışdım. Sən demə, ən böyük problemlərdən biri icbari tibbi sığortaya hansı qurumun nəzarət etməsinin müəyyənləşdirilə bilməməsindən qaynaqlanır. Təsəvvür edin, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ildə ildə Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb və ötən il dövlət büdcəsindən ona 30 milyon manat vəsait ayrılıb. Amma həmin vəsait xərclənmədən büdcəyə qayıdıb. İndiyədək davam edən bu fəaliyyətsizliyin səbəbi isə Səhiyyə Nazirliyi ilə Nazirlər Kabinetinin həmin Agentliyi bölüşə bilməməsidir. Yəni Səhiyyə Nazirliyi iddia edirdi ki, Agentlik onun tabeçiliyinə verilməlidir. Nazirlər Kabineti isə bununla razılaşmırdı. Çox şadam ki, bu çəkişməyə son qoyuldu, bizim mətbuatda səsləndirdiyimiz təklif həyata keçirildi - sözügedən Agentlik birbaşa Prezidentə tabe olundu.

Hörmətli qurultay iştirakçıları!

Bu məsələyə yekun vuraraq xüsusilə vurğulamaq istəyirəm ki, əgər dövlət özünü sosial dövlət adlandırırsa, xalqın sağlamlığı onun ümdə vəzifəsi olmalıdır!

Hörmətli qurultay iştirakçıları!

Yuxarıda qeyd etdik ki, cəmiyyətin, millətin gələcəyi əsaslı surətdə təhsildən asılıdır. Ancaq çox təəssüf  ki, cəmiyyətimizin problemləri olan rüşvət, korrupsiya, yerliçilik, qohumbazlıq iş görmək əvəzinə manipulyasiya etmək və s. təhsil sisteminə də xasdır. Bu bəlaları aradan qaldırmaq üçün təhsildə ciddi islahatlar həyata keçirilməlidir. Məncə, təhsildə aparılacaq ilk islahat müəllimin hörmətini yüksəltmək olmalıdır. Çox təəssüf ki, xalqa yaxınlığı ilə seçilən, onun ağrı və əzablarını çəkən, bu ağrılardan xilas yolunu bilik və tərbiyədə görən və ömrünü bu amala həsr edən müəllimin müqəddəs adı “bəy”, “ağa” və xalqdan üstün tutulan digər ictimai statuslu müraciətlərlə əvəz olunmaqdadır. Müəllim sözünə hörmətsizlik, müəllimlərə laqeydlik cəmiyyəti bədbəxtliyə aparır. Cəmiyyətin inkişaf səviyyəsi bir sıra iqtisadi, siyasi, hüquqi və mənəvi meyarlarla ölçülür. Biz bir partiya olaraq hesab edirik ki, bu meyarlar içərisində müəllimin maddi mənəvi durumu əsas meyar olmalıdır, müəllim sözü isə müqəddəs sayılmalıdır.

Təhsildə aparılacaq önəmli islahatlardan biri də rüşvətin qarşısını almağa yönəlməlidir. Bunun üçün isə həyata keçirilməsi tələb olunan iş  müəllimlərin ən azı öz ailələrini dolandıra biləcək qədər maaşla təmin olunmasıdır. Ayda 150-200 manat maaşla bu islahata ümid bağlamaq təbii ki, sadəlövhlükdən başqa bir şey deyil.

Fikrimcə, müəllim elə yüksək maaşla təmin olunmalıdır ki, o, parta arxasında oturan uşaqların əlinə baxmasın. Ələ baxan müəllim nəticə etibarilə ev yıxan müəllimdir və sözügedən ələbaxımlılıq dövlətimizin müəllim əməyinə verdiyi qiymətlə bağlıdır. Nə qədər ki, dövlət müəllim əməyinə düzgün qiymət vermir, gələcək nəsillərimizi hələ şagirdikən korrupsiyaya alışdıran, rüşvət alıb verməyə öyrəşdirən məktəblərdə bu bəlanın qarşısını almaq mümkün olmayacaq.

Bəzən adama elə gəlir ki, təhsil işçılərimizin müqəddəs əməyinin bu cür olduqca aşağı səviyyədə qiymətləndirilməsi bilərəkdən siyasi səbəblərlə bağlanıb. Sanki Azərbaycanın təhsil ocaqlarının təyinatı gələcəyin intellektual bazasını təşkil etməyə yox, korrupsioner rejimin bərqərar olmasına yönəlib. Dünyagörüşü məktəblərdə formalaşan övladlarımız kasıb və ələbaxan müəllimlərin ümidinə ona görə buraxılıb ki, müəllimlərindən keyfiyyətli tədris proqramı yerinə, necə rüşvət almağı və asan nəticə əldə etmək üçün rüşvət verməyi öyrənsin. Rüşvətin olduğu yerdə alınan “təhsilin” isə heç bir qiyməti yoxdur. Məhz bu baxımdan müasir Azərbaycan məktəbləri gələcəyin intellektual bazasını deyil, korrupsioner rejimin vətəndaşlarını yetişdirir. Korrupsiyaya qarşı mübarizə apardığını elan edən hakimiyyət əgər öz fikrində səmimidirsə, bu sahədə ilk işini məktəblərdən başlamalıdır. Lakin buna şagirdindən rüşvət istəyən kasıb müəllimləri həbsə atmaqla yox, onların maaşını yüksəltməklə nail olmaq mümkündür.

Deyilə bilər ki, məmurların, o cümlədən müəllimlərin maaş həcmini Azərbaycanın iqtisadi potensialı müəyyənləşdirir. Büdcəsinin hardasa 11 faizini (41.384000) təhsilə ayıran Azərbaycan hakimiyyəti bu sahədə dünyanın digər ölkələri ilə eyni siyasəti həyata keçirir. Qardaş Türkiyə də, Rusiya da, ABŞ da təhsil sisteminə təxminən eyni faizdə vəsait ayırır. Bu fikirlərlə hardasa razılaşmaq olar. Ancaq iqtisadiyyatının böyük hissəsini kölgə iqtisadiyyatı təşkil edən ölkəmizin potensialı hər halda indikindən qat-qat yüksəkdir. Təhsildə, səhiyyədə və büdcədən maliyyələşən digər sahələrdə bu cür problemləri həll etməyin qısa yolu kölgədə qalan iqtisadi potensialımızı real fəaliyyətə cəlb etmək və ondan alınan vergilərlə, gömrüklərdə, vergi sistemlərində gözdən yayındırılan böyük həcmli vəsaitlərlə  büdcənin həcmini artırmaqdır. Bu da büdcə təşkilatlarında çalışan insanların əmək haqlarının artırılmasına xidmət göstərər.

Təhsilə ayrılan vəsaitin artırılması ali təhsil müəssisələrində gənclərimizin pulsuz təhsil almaq imkanlarını da artıra bilər və bu da sözügedən sistemdə arzu etdiyimiz islahatlardan biridir. Bildiyimiz kimi,  Azərbaycan Konstitusiyasının 42-ci maddəsinin II bəndinə görə ölkə vətəndaşlarının yalnız orta təhsili pulsuz almaq hüququ vardır. Bu maddədən istifadə edən bəzi rektorlar son bir neçə il ərzində ali məktəblərdə ödənişsiz təhsil almaq imkanını minimum həddə endiriblər. 2007-2008-ci  tədris ilində ali məktəblərdə ödənişsiz təhsil alan gənclərimiz ümumi tələbələrin təxminən yarısını təşkil edirdisə, indi statistikaya görə, bu il ali təhsil müəssisələrində tələbələrin 64 faizi ödənişli, 36 faizi isə ödənişsiz  təhsil alır. Hesab edirəm ki, bu, bir millətin intelektual bazası üçün olduqca təhlükəli haldır və istedadlı kasıb balalarının həyatda öz layiqli yerlərini tutmasını əngəlləyir. Onların öz intellektual imkanlarından istifadə edərək cəmiyyətin inkişafına xidmət göstərmələrinin qarşısını alır.

İlk baxışdan istedadlı kasıb uşaqlarının ali təhsil almaq üçün 10 faizə ümid bağlaması ehtimalı var. Nəzəri olaraq mümkün hal kimi görünən bu vəziyyət praktikaya gələndə düşünüldüyü qədər də asan deyil. İndiki təhsil sisteminin eybəcərliyi elə bir vəziyyət yaradıb ki, həmin ödənişsiz 10 faizə düşmək üçün ciddi təhsil almağa ehtiyac var. Məktəblərdəki mövcud vəziyyət təhsilin keyfiyyətini aşağı salır və əlavə hazırlıq kursu görməyən abituriyentlər ali məktəblərə qəbul imtahanlarında da müvəffəqiyyət əldə edə bilmirlər. Əlavə hazırlıq kursu isə ciddi maliyyə imkanı tələb edir ki, aldığı maaşdan artırıb bu istiqamətə vəsait yönəldə bilməyən imkansız vətəndaşların övladarı bu şansdan da məhrum olurlar. Bunun zərərini isə yalnız həmin kasıb ailələr deyil, bütünlüklə cəmiyyətimiz çəkir.

Təcrübələr göstərir ki, cəmiyyətlərin inkişaf etməsində, elmi texniki tərəqqinin formalaşmasında kasıb balalarının payı kifayət qədər önəmli olmuşdur. Adətən gününü eyş-işrətdə keçirməyə öyrəncəli olan bəzi varlı ailələrin üzvlərindən fərqli olaraq kasıb uşaqları oxumağa daha çox üstünlük verir və həyatlarını bu yolla dəyişəcəklərinə inanırlar. Hakimiyyətin təhsil siyasəti isə kasıb övladlarının bu ümidlərini də əllərindən alır, onları çarəsizliyə düçar edir. Belə vəziyyətlərin hegemon olduğu cəmiyyət istər-istəməz sinfi mübarizələrə sürüklənməyə məhkum olunur, istedadların parlamasının qarşısı alınır və xalq intellektual tənəzzülə uğrayaraq xarici qüvvələrin təsiri altına düşür. Çünki hazırkı dövrdə dövlətlərin ən böyük milli sərvətləri onların nefti, qazı və sair təbii sərvətləri yox, insanları, intellektual gücüdür. Dövlətlər özlərinin iqtisadi infrastrukturlarını məhz bu intellektual güc sayəsində qurub, inkişaf edirlər.

Bütün bunları nəzərə almaqla, biz bir partiya olaraq Konstitusiyanın 42-ci maddəsinin dəyişilməsini tələb edir və vətəndaşın pulsuz ali təhsil almaq haqqını islahatların başlıca müddəası hesab edirik. Onu da qeyd etmək yerinə düşərdi ki, qardaş ölkə olan Türkiyədə dövlət ali məktəblərində pullu təhsil yoxdur.

Hörmətli qurultay iştirakçıları!

Hakimiyyət öz fəaliyyəti dövründə Əsas Qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasına üç dəfə öz siyasi məqsədlərinə qulluq edən  əlavə və dəyişikliklər edərək onun mahiyyətini sahəvi qanunlar səviyyəsinə endirmiş, nəticə etibarilə də öz istəyinə nail olmuşdur. 2002-ci ildə olan birinci referendumda bütün dünyada gedən proseslərin əksinə olaraq proporsional seçki sistemini, 2009-cu ildə prezidentin iki dəfədən artıq seçilə bilməsini ləğv etmiş, hesabat dövrünə düşən 2016-cı ildə isə I vitse-prezident və vitse-prezidentlər institutunu təsis etmişdir. Biz hər dəfə əlavə və dəyişikliklərə münasibətimizi bildirmiş və Konstitusiyanı qorumağa çalışmışıq. Ancaq bu rejim öz istəyinə çatmaq üçün Konstitusiyanın tələblərinə belə məhəl qoymamağı nümayiş etdirmişdir. Zənnimcə, biz siyasi partiyaların inkişaf etməsi, onların xalqla əlaqəsinin zəruri şərti olan proporsional seçki sisteminin bərpa edilməsinə çalışmalıyıq.

Hörmətli qurultay iştirakçıları!

Hesabat dövründə Milli Məclisə “seçkilər” keçirildi. Qarşıdan prezident seçkiləri gəlir. Ona görə  seçki qanunvericiliyinin təkmilləşdirilməsi barədə fikirlər səslənir. Zənnimcə, müsbət siyasi iradə olarsa qüvvədə olan seçki qanunvericiliyi əsasında düzgün seçkilər keçirilə bilər. Məsələ ondadır ki, sözün əsl mənasında demokratik və ədalətli seçkilər keçirilmir. Əgər əvvəllər seçkilər zamanı qanun pozğunluqları “karusel” üsulundan istifadə edərək bir şəxsin bir neçə dəfə səs verməsində, qutuya müəyyən şəxsin xeyrinə artıq bülletenlər tökülməsində və s. ifadə olunurdusa, hazırda sadəcə olaraq istədikləri şəxsin seçilməsi barədə qeyri-qanuni protokollar tərtib edilir.

Azərbaycanın müxalif siyasi müstəvisində öz yeri və çəkisi olan Ədalət partiyası ötən müddət ərzində də nüfuzunu nəinki qoruyub saxlayıb, hətta ölkədə baş verən hadisələrə bir canlı sistem kimi obyektiv reaksiya verərək çox hallarda ictimai rəydə rəğbət doğura bilib. Bütün bunlar isə partiyamızın rayon təşkilatlarının fəaliyyətinə təbii ki, təsirsiz ötüşmür. Biz fəxrlə deyə bilərik ki, bir çoxlarının mövcud ağır siyasi şəraitə davam gətirmədiyi halda Ədalət partiyası özünü qoruyub saxlayıb, rəhbər strukturları Nizamnaməyə uyğun olaraq fəaliyyət göstərməkdədir və üstəlik, az da olsa yeni üzvlərin qəbulunu həyata keçiririk. Əlimizdə olan son məlumata görə hazırda Ədalət partiyasının 63 rayon təşkilatı fəaliyyət göstərir. Üzvlərimizin sayı isə 20 minə yaxındır. Düşünürəm ki, qarşıya qoyduğumuz məqsədlər prizmasından yanaşdıqda bütün bunlar azdır. Biz Respublikamızın bütün bölgələrində rayon təşkilatları yaratmalıyıq, üzvlərimizin sayı da artmalıdır. Bunun üçün yerlərdə özəklərin yaradılması istiqamətində fəaliyyətimiz bir an olsa belə zəifləməməlidir. Eyni zamanda daimi olaraq kəmiyyət artımının tədricən keyfiyyətə transfer etməsinə çalışmalıyıq. Ədalət partiyasının hər bir üzvü partiyanı layiqincə təmsil etmək, hadisələrdən düzgün baş çıxarmaq səviyyəsində olmalıdır.

Hörmətli qurultay iştirakçıları!

Yekun olaraq bir məqamı xüsusi vurğulamaq istəyirəm. Ədalət partiyası ideya partiyasıdır. Biz bunu bütün Azərbaycan vətəndaşlarına çatdırmalıyıq. Əhali bilməlidir ki, müsəlman dininin qəbuluna qədər haqq-ədalətə və dostluğa dini doqma kimi sitayiş etmək xalqımızın həyat qanunu, həyat amalı olub. Və indi də xalqımızın tamarzı qaldığı, həsrətində olduğu bir şey varsa, o da insan münasibətlərində, dövlət və vətəndaşlar arasındakı ilişkilərdə ədalət axtarışıdır.

Partiyamızın Məramnaməsində qeyd edildiyi kimi məhz ədalət prinsipi hər bir şəxsin sosial vəziyyətinin cəmiyyətə, insanlara verdiyi faydalardan asılılığını, ayrıseçkiliyə son qoyulmasını, bütün vətəndaşların məhkəmə və qanun qarşısında həqiqi bərabərliyini, cinayətə görə cəzanın labüdlüyünü, çoxluğun azlıq üzərində ağalığının inkar edilməsini, azlığa öz mövqeyini müdafiə etməyə imkan verilməsini, müxalifətin hüquqlarının tapdalanmamasını, cəmiyyətdə bütün maraqlı tərəflərlə razılaşdırılmış qərarların qəbul edilməsini tələb edir. Bu mənada ədalət – insan cəmiyyətinin varlığı və inkişafının dəyəri və əxlaqi oriyentiridir. Ədalət – insanların səylərinin və məsrəflərinin cəmiyyət, onun qurumları və fərdləri tərəfindən mükafat, həvəsləndirmə, yaxud məzəmmət şəklində verilən cavabın uyğunluğunun, tarazlığının və müəyyən ahəngdarlığının ölçüsüdür. Bu prinsip tələb edir ki, insanların əməkləri ilə məvacibləri, gəlirləri ilə həyat tərzləri, xidmətləri ilə mükafatları, qəbahətləri ilə məzəmmətləri, cinayətləri ilə cəzaları arasında müvafiqlik gözlənilsin. Ədalət olmayan yerdə cəmiyyətin və şəxsiyyətin mütərəqqi inkişafı, nə də bunun üçün zəruri olan ictimai əmin-amanlıq ola bilməz. Məhz ona görə biz partiyamızın Məramnaməsini əhali arasında yorulmadan təbliğ etməli və hər bir partiya üzvü üçün burada göstərilən prinsip və müddəalar uğrunda mübarizə həyatımızın mənası və fəaliyyətimizin ali məqsədi olmalıdır.

Bu işdə sizə uğurlar arzulayıram!

Diqqətinizə görə təşəkkür edirəm!

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 062          Tarix: 8-02-2018, 14:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma