Azərbaycan Beynəlxalq Bankının xilası üçün ölkənin qızıl-valyuta ehtiyatlarından xərcləmək lazım gələcək. Azərbaycan hakimiyyətinin bankla bağlı taktikasını dəyişməsinin səbəbi də budur. Virtualaz.org xəbər verir ki, bunu Moody's beynəlxalq reytinq agentliyinin vitse-prezidenti, MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Paklinin sözlərinə görə, Azərbaycan hökumətinin problemli bankla bağlı taktikanı dəyişməsi, Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyasına qərar verilməsi və kreditorlara borcların 20 faizinin silinməsi təklifinin təqdim olunması onlar üçün sürpriz olub.
Moody's rəsmisi deyib ki, o artıq Azərbaycan Maliyyə Nazirliyinin Beynəlxalq Bankın borclarına dair hesablamalarına inanmır. “Mən Azərbaycan Beynəlxalq Bankına və Maliyyə Nazirliyinə daha inanmıram. Problem bizim fikirləşdiyimizdən daha dərin ola bilər. Bankın sağlamlaşdırılması prosesi dövlət büdcəsinə zərər vuracaq və xarici layihələrin maliyyələşdiirlməsinə əngəl yaradacaq”-Paklin bildirib.
Analitik hesab edir ki, Beynəlxalq Bankın borclarının restrukturizasiyası planı hökumətin maliyyə sektorundakı problemlərin miqyasını düzgün qiymətləndirmədiyini göstərir.
“Hərçənd Azərbaycanın bank sektorunun ölçüsü elə də böyük deyil, ÜDM-in yarısından bir az çoxdur. Buna baxmayaraq bizim qiymətləndirmələrimizə görə Azərbaycan 2015-2016-cı illərdə bank sektorunun dəstəklənməsinə, əsasən Beynəlxalq Banka ÜDM-in 18 faizini yönəldib”-Paklin deyib.
Analitik qeyd edib ki, Beynəlxalq Bankın borcları da nəzərə alınanda Azərbaycanın xarici borcu ÜDM-in 40 faizinə çatacaq. Bu isə o qədər də böyük deyil və Azərbaycan onun öhdəsindən gələ bilər.
Paylaş: