Xəbər lenti

 

 Zabil Həsənov

 

   “Çalxalandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxıb, ayranı ayranlıq olur”.

 Allah sənə rəhmət eləsin ay Mirzə, hər dərinliyi xalqa öz dilində anlatmaq bacarığı da sənə məxsusdur.  Belə deyimlər ona görə əbədilik qazanıb ki, bu ədəbi deyimdən çox fəlsəfi deyimdir.  Bəli, ölkədə yenə “çalxalanma” başlayıb, amma hələ durulmağa çox var.

    On ildən artıq olar ki, elektron məkana giriş etmişəm və elə ilk gündən ziyalı mövqeyimi qoruyaraq hadisələrə öz intellektim səviyyəsində münasibət bildirməkdən çəkinməmişməm. Yazdıqlarıma görə məni qınayan və “radikal müxalifətdə” olduğumu və bunun yaxşı nəticə verməyəcəyini anladan dostlarım da olub. Onda da demişəm və indi də deyirəm, mən özümü ziyalı sayıram, amma neynəyim ki, bu hakimiyyət özü ziyalılığa müxalifdir. Bir ziyalı kimi nəyi necə yazmağı yaxşı bilirəm. Pisionda olacaq ki, alayarımçıqlar, nadanlar yazmağa başlayacaq, onda  gəl, bunların halına tamaşa elə.

Bəli, indi o dövrə gəlib çıxmışıq ki, əlinə klaviatura arxasına keçən başlayır bu hakimiyyətin ünvanına ağlına və ağzına gələni yazmağa.  Bilmirsən, kimi qınayasan.  Söyüş ritorikası dəbdədir,  yazışmaların bəzəyinə çevrilib, adiləşib. Hakimiyyət müxalifəti, müxalifət isə hakimiyyəti söymək üçün trollar dəstəsi yaradıb.

Ola bilsin ki, o zamanlar üçün yazdıqlarım “radikal müxalifət” deyiminə uyğun olsun, amma indi mənim yazılarım heç kəsdə qıcıq oyatmır. Zaman öz işini görüb. Deməli,  bu yanaşmanın özü də nisbidir.  Elə hakimiyyət  də yaxın vaxtlara qədər AXCP, Musavat, “Real” kimi partiyaları  radikal müxalifət  adlandırılırdı, amma deyəsən indi yeni korrektlər edilir.

   Ümumiyyətlə, 19 yanvar mitinqi göstərdi ki, artıq hakimiyyət üçün  müxalifət üç yerə bölünüb; iqtidarın konstruktiv, müxalifətin isə “cib müxalifəti” adlandırdığı qüvvələr ki, bunları da iki yerə ayırmaq olar; YAP-ın “doğduğu” müxalifət və vaxitilə müxalifət sırasında olub hakimiyyətin əlinə oynayan, sonra faş olanlar (əsasən də AXCP-dən “doğulanlar”).

İkincisi, Milli Şurada təmsil olunanalar və indiyə qədər radikal müxalifət adlandırılanlar ki, atrıq hakimiyyət onları radikallıqdan liberallığa sürüşdürmüş oldu və nəhayət, AXH adlanan qurum, hansı ki yeni yaranır və  iqtidar onları radikal müxalifət kimi görür.

   İndi aydın oldumu niyə hakimiyyət 19 yanvar mitinqinə, o qədər də ehtiyatlanmadan,  icazə verdi? Ona görə ki, burada həm iqtidarın həm də müxalifətin maraqları üst-üstə düşmüş oldu. Hakimiyyət  radikalların 20 yanvar toplantısından və onların nüfüz qazanacaqlarından ehtiyatlandığı üçün  yeni yaranan qüvvələrə qarşı duran  qüvvələr kimi müxalifətdə olanlara stavka etmək qərarına gəlib.

Digər tərəfdən, müxalifətdə olanlar yaxşı anladılar ki, yeni qüvvələrin 20 yanvarda təşkil edəcəyi ziyarət toplantısı onların uzun illər təşkil etdikləri mitinqləri  kölgədə qoyacaq. Həmçinin, müxalifətdə olanlar xalqın oyanışını özlərinin hesablarına yazmağa və bunu dünyaya nümayiş etdirməyə imkan tapdılar.

Mehman məsələsi sadəcə bəhanə idi. Ola bilsin ki,  iqtidarın bu yumşalması növbəti seçkilərdə, radikallara alternativ kimi liberallara  yer alacağının mesajıdır. Yəni yeni parlament seçkilərində onlar iqtidara sərf edəcəyi sayda yer əldə edəcəklərinə ümüdlü ola bilərlər (bunu Əli Kərimlinin son çıxışlarından da anlamaq olar).

Hakimiyyət 26 yanvar mitinqinə icazə verməməklə həm də onu anlatdı ki, yeni oyun qaydalarında da əvvəlki kimi diqtə etmək ona məxsusdur. Əgər bu mülahizələr təsdiqini tapsa, gələcək parlamentdə  konstruktiv müxalifətdə olanların bir qisminin kənarda qalacağı və YAP-ın ancaq “balalarına” yiyə duracağı qaçılmaz olacaq. Çünki,  öz maraqları xatirinə o tərəf-bu tərəfə tullanmaq bacarığını olanlara etibar etmək olmaz. Afsayta düşəcəklərini  hiss edən bu qəbilədən olan  parlamanların son zamanlar fəallıqlarını artırması bununla bağlıdır.

    Beləliklə, müxalifət adlanan qüvvələr üç qanada bölünmüş oldu. Onu da qeyd edim ki, hələlik radikallar, liberallara nisbətən  daha monolit görünürlər.

   Demək olar ki,  ölkə  yeni ictimai-siyasi mərhələyə daxil olmuş kimi görünür. Bəs görəsən bu bölünmədə  kim uduzdu, kim uddu? Yəni hakimiyyətə iddialı olan partiyalar nə qazandılar, nə itirdilər?

Bəri başdan deyim ki, itirənlər sırasında birincilik Əli bəyə məxsusdur. Əgər Əli bəy bu situasiyanı düzgün qiymətləndirə bilsəydi, öz elekttoratını nəzərə çarpacaq dərəcədə artıra bilərdi. Digər tərəfdən, müxalifətdaxili rəqibləri ilə bir yerdə olması perspektivdə ona yaxşı heç nə vəd etmir. Siyasətə yeni gələn qüvvələr gənclər olacaq ki, onların ən çox üz tutduğu partiyalar sırasında  “Ağ partiya” və “Ümüd” partiyaları AXCP-nin itirdiklərinə yiyə çıxa biləcəklər.  




Ana səhifəyə qayıt        Baxış: 872          Tarix: 30-01-2019, 23:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma