OPEC+in sazişin yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsinin yeni tərkibi OPEC+in martın 17-18-də Bakıda keçiriləcək iclası ərəfəsində hələ təsdiqlənməyib. Venesuela, Əlcəzair və Omanın yerinə BƏƏ, İraq və Qazaxıstanın komitəyə daxil edilməsi müzakirə olunur.
"Report" xəbər verir ki, bu barədə TASS OPEC+in Yaxın Şərq nümayəndə heyətlərində və OPEC katibliyində olan üç mənbəyə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, buna qədər monitorinq komitəsinin üzvü olan Venesuela, Əlcəzair və Oman artıq komitə üzvləri deyil.
"Yeni üzvlərin seçilməsi məsələsi çox güman ki, aprel ayında OPEC+in fövqəladə nazirlər iclasında müzakirə olunacaq", - agentliyin həmsöhbətləri deyiblər.
Komissiyanın işində qeyri-OPEC ölkələri adından iştirak edən Omanın yerinə daha əvvəl komitə üzvü kimi işləmək istəyini təsdiq etmiş Qazaxıstanın seçilməsi təklif olunur.
Venesuelanın isə Bakıdakı iclasda komitə üzvü yox, 2019-cu il üçün seçildiyi OPEC konfransının prezidenti qismində iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, komitənin tərkibinin dəyişəcəyi barədə nazirlər 2018-ci ilin dekabrında Vyanada keçirilmiş iclasda xəbər veriblər, lakin yeni tərkibin seçilmə tarixi məlum deyil.
Mənbələrdən birinin sözlərinə görə, qarşıdakı görüşün əsas məsələsi OPEC+ ölkələri arasında əməkdaşlıq haqqında xartiyanın müzakirəsi olacaq.
Daha əvvəl bildirilib ki, OPEC+ ölkələri apreldə keçiriləcək nazirlər görüşündə müddətsiz əməkdaşlıq haqqında bəyannaməni nəzərdən keçirə bilər.
Paylaş: