"İqlim dəyişikliyinə qarşı qərarlı mübarizə ortaya qoya bilməsək, 83 ölkənin yer üzündən silinmə riski var."
Ovqat.com-un məlumatına görə, bu qara xəbəri Avropa Birliyi Komissiyasının rəhbəri Jean-Claude Juncker ABŞ prezidenti Donald Trampın Paris İqlim sazişindən ayrılmasını şərh edərkən verib.
İqlim dəyişikliyinin gətirəcəyi təhlükələrindən danışan Juncker təkcə Avropa vətəndaşlarının taleyinin deyil, başqa yerlərdə yaşayanların gələcəyinin də bu qərardan asılı olduğunu deyib. Onun bildirdiyinə görə, "öncə Amerika!" düşüncəsinin qlobal təhlükəsi barədə narahatlıqlarını İtalyanın Taormina şəhərində keçirilən G7 sammitində ABŞ rəhbərinin diqqətinə çatdırsa da bir xeyri olmayıb.
Transatlantik münasibətlərin davam etməsinə tərəfdar olduğunu bildirən Juncker, bununla belə, ABŞ-ın hər nazına dözməyi də doğru hesab etmir:
“Amerika prezidenti önümüzdəki bir neçə saat və ya gün içində Paris müqaviləsindən çəkiləcəyi təqdirdə, Avropanın bunun belə ola bilməyəcəyini söyləmək vəzifəsi doğar".
Qeyd edək ki, Tramp artıq “İqlim sazişi”ndən çəkindiyini elan edib. Junckerin təbirilə desək, Avropa Birliyinin bundan sonra öz vəzifəsini necə yerinə yetirəcəyi maraq doğurur.
Paylaş: