Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp seçki öncəsi vədlərindən birini yerinə yetirərək ölkəsini qlobal iqlim dəyişikliyi ilə mübarizə anlaşmasından çıxaracağını bildirib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu məlumat prezidentə yaxın dairələrdən ötürülüb.

Qeyd edək ki, Tramp seçkilərdən öncəki çıxışlarında qlobal istiləşmə ilə bağlı fikirləri mif adlandırıb. Prezident öz tvitter hesabında "Paris anlaşmasından çıxmaq barədə qərarımı yaxın günlərdə açıqlayacağam" yazıb. Xatırladaq ki, mayın 27-də G7 ölkələrinin zirvə toplantısında Tramp öz həmkarlarının iqlim dəyişikliyi üzrə kommyunikesini dəstəkləməkdən imtina edib.

Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç xəbərə münasibətində bildirib ki, ABŞ-ın anlaşmadan çıxması məyusluq yaradacaq. Amma Avropa İttifaqı liderliyi öz üzərinə götürərək iqlim dəyişikliyi ilə mübarizəni davam etdirəcək.

"Report"un analitik qrupu bildirir ki, ABŞ-ın iqlim dəyişikliyi ilə bağlı Paris anlaşmasından çıxması ənənəvi yanacaq növlərindən istifadənin inkişafına, bu da öz növbəsində neft hasilatının artmasına gətirib çıxaracaq. Nəticədə, onsuz da yüksək olan neft təklifi bir qədər də artaraq qiymətləri kəskin aşağı salacaq. ABŞ-ın belə bir qərar verməsi neft qiymətlərinin 40 dollar/barel səviyyəsindən də aşağı düşməsinə gətirib çıxara bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 677          Tarix: 1-06-2017, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma