Xəbər lenti

 

 Mürvət Həsənli,
ADAM sədri

Ölkə başçısı İlham Əliyevin 2016-cı ilin 17 senyabrında Sabirabadda keçirdiyi pambıq müşavirəsində fermerlərin qarşısında qoyduğu hədəflər bir çoxlarına inandırıcı gəlməmişdi. Prezident həmin müşavirədə 1980-ci illərdəki pambıq yığımı göstəricilərindən bəhs etmiş və fermerlərimizi istehsal gücünü o səviyyəyə qaldırmağa çağırmışdı. Bu isə yaxın gələcəkdə pambıq istehsalını 300 min tona çatdırmaq demək idi. 

Bəzi müxalif görüşlü ekspertlər bu hədəfə şübhə ilə yanaşır, Azərbaycan fermerlərinin bu hədəfi reallaşdıra bilməyəcəyini düşünürdülər. Onların əsaslandıqları arqument isə çox sadə idi: Prezidentin çıxışından cəmi bir il əvvəl - 2015-ci idlə fermerlərimiz pambıqçılıq tariximizdə ən az məhsul vermiş, cəmi 18 min hektardan 35 min ton pambıq tədarük etmişdilər. Prezident isə bu göstəricidən hardasa 10 dəfə artıq pambıq yığılmasını tələb edirdi.

Üzərindən 3 il keçdikdən sonra Azərbaycan pambıqçıları ölkə başçısının onlar qarşısında qoyduğu bu hədəfi reallaşdırmaq üzrədirlər. Rəsmi statistik məlumata görə, artıq 2019-cu ilin pambıq yığımı mövsümü başa çatmaqdadır və son operativ məlumata görə, dekabrın 4-dək sahələrdən 293 min tondan artıq məhsul yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Bu, pambıqçılığın yenidən inkişafına təkan verildiyi 2013-cü ildən başlayaraq əldə olunan ən yüksək göstəricidir. Sözsüz ki, pambıq yığımı başa çatanadək bu rəqəm də artacaq.

Azərbaycan pambıqçıları müxalif ekspertləri təəccübləndirəcək bu uğuru təsadüfən əldə etməyiblər. Prezident İlham Əliyevin və Kənd Təsərrüfatı nazir İnam Kərimovun ardıcıl aqrotexniki siyasətləri nəticəsində bu hədəf reallaşıb. Bəs bu aqrotexniki siyasətlər nəyi ehtiva edirdi? Fikrimizcə, bu sualın ən doğru cavabı ölkə başçısının ötən il Bərdədə pambıqçılığın inkişafına dair respublika müşavirəsində səsləndirdiyi bu fikirlərdə gizlidir: “Biz dövlət xətti ilə böyük həcmdə müasir texnika almışıq, - 500-ə yaxın pambıqyığan kombayn, - onların böyük hissəsi artıq alınıb. Digər texnika - Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular. Dünən mən Bərdədə də texnikanın bir hissəsi ilə tanış olmuşam. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Gübrə ilə təminat yaxşılaşır. Azərbaycan dövləti bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilir. Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, biz daha da ciddi işləməliyik. Gübrələrin keyfiyyəti daha yaxşı olmalıdır, bu sahəyə də böyük diqqət göstərilir”.

Göründüyü kimi, ölkə başçısı pambıqçılıqda nəticəsi bu il tam mənası ilə ortaya çıxacaq olan inkişafı 2 vacib amillə əsaslandırırdı: maddi-texniki bazanın yüksəldilməsi, gübrələmə işinin düzgün qurulması. Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumatlardan aydın olur ki, fermerlərimiz bu iki uğurlu siyasət nəticəsində ötən ilə nəzərən daha az torpaq sahəsini əkərək qarşıya qoyulan hədəfə nail ola bilmişlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır. Bu isə ötən illə müqayisədə 32,401 hektar az ərazinin əkilməsi deməkdir. Belə ki, ötən il 132,512 hektar sahədə pambıq əkilmişdi, bu il isə əkini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarılması hesabına 100.1 min hektaradək azaldılmışdır. Məhsul yığımına gəldikdə isə, daha az əkin sahəsiylə bu il toplanan məhsul ötən illə müqayisədə 60 min ton çox olmuşdur: 2018-ci ildə 233 min ton, bu il isə 293 min ton. Bu isə fermerlərimizin məhsuldarlığı artırması deməkdir. Statistik məlumatlar təsdiqləyir ki, ötən il 132,512 hektar pambıq sahəsində orta məhsuldarlıq hektara görə 17,6 sentner təşkil etmiş, indiki halda isə bu rəqəm 12 sentnerədək artmışdır. Dekabrın 6-na olan məlumata görə, 2019-cu ildə orta məhsuldarlıq 29,31 sentnerdir. Bu son illərin ən yüksək göstəricisidir. Əkin sahələrinin azaldılması və orta məhsuldarlığı artırılması yoluyla ölkə başçısının qarşıya qoyduğu hədəfi reallaşdırmaq həm də pambıq əkini dövriyyəsindən çıxarılmış torpaqların daha səmərəli istifadəsi deməkdir ki, bu da digər aqrar sektorlara əlavə əkin sahəsi qazandıracaq.
Kənd təsərrüfatı mütəxəssisləri bu siyasəti pambıq yığımında ekstensiv üsuldan intensiv üsula keçmək adlandırır və fikirlərini belə izah edirdilər: Məhsul yığımını əkin sahələrinin artırılması hesabına deyil, məhsuldarlığı yüksəltmək hesabına artırmaq lazımdır. Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi də məhz intensiv becərmə üsuluna keçməyin tərəfdarı idi və belə görünür ki, bu il öz niyyətini reallaşdırdı.

Mütəxəssislər KTN-nin bu uğurunun sirrini nazir İnam Kərimovun öz işinə məsuliyyətlə yanaşmasıyla əsaslandırır: “Bu il Kənd Təsərrüfatı naziri bölgələrdə pambıqçılıqla bağlı 5 müşavirə keçirib, fermerlər təlimlərə cəlb olunub, onlara pambığı aqrotexniki qulluq qaydalarına uyğun becərmək tövsiyə olunub, pambıq sahələrinin gübrə ilə təminatında əvvəlki illərdə aktual olan problemlər tam aradan qaldırılıb, səyyar gübrə satışları həyata keçirilib, ən əsası isə bu il pambığın əllə yığımı minimuma endirilib. Bu il sahələrdən məhsulun 93 faizi kombayn vasitəsilə yığılıb. Bu amil həm məhsulun tez yığılmasına (əvvəllər pambıq yığımı yanvar ayına kimi davam edirdi), həm də itkisiz yığılmasına ciddi təsir göstərib”.

Diqqət etsək, görərik ki, KTN-nin yeni rəhbərliyi ötən il ölkə başçısının ortaya qoyduğu prinsiplər cizgisində hərəkət edərək hədəfə yaxınlaşıblar. Zira prezident də Bərdə müşavirəsində eyni yolu göstərir, müasir texnikaların pambıq yığımına cəlbi və düzgün gübrələmə siyasəti yürütməyi təklif edirdi. İnam Kərimovun rəhbərliyi altında KTN də məhz bu prinsipləri əldə tutaraq bir çox müxalif ekspertlərin inanmadığı xariqələrə imza atmışdır.

Pambıqçılarımızın əldə etdiyi bu uğurda, sözsüz ki, dövlətin bu sahəyə ayırdığı subsidiyaların da rolu böyükdür. Dövlət fermerləri bu işə maddi cəhətdən həvəsləndirməsəydi, bəlkə də istənilən siyasət uğurlu alınmazdı.

Bildirildiyinə görə, Prezidentin Bərdə müşavirəsində söylədiyi məşhur nitqindən sonra pambığın alış qiyməti daha 50 manat artırılmışır. Hazırda fermerlər təhvil verdikləri 1-ci sort pambığın hər tonuna görə 650 manat, 2-ci sort pambığa görə 630 manat, 3-cü sort pambığa görə 590 manat, 4-cü sort pambığa görə isə 550 manat alırlar. Bundan başqa, dövlət fermerə təhvil verdiyi pambığın hər tonuna görə 100 manat subsidiya ödəyir. Dövlət dəstəkli tədbirlərə gübrənin limit çərçivəsində fermerlərə 70 faiz güzəştlə satılmasını da aid etmək olar.

Mütəxəssislərin fikrincə, gələn il məhsuldarlıq daha yüksək olacaq. Çünki 2020-ci ildən isə pambıqçılığa dövlət dəstəyi daha da genişləndirilməsi nəzərdə tutulur. Yeni qaydalara görə, pambıqçılara gələn il həm əkin, həm məhsul subsidiyası veriləcək. Aqrar Subsidiya Şurasının 2020-ci il üçün açıqladığı əmsallardan məlum olur ki, pambıqçılar hər hektara görə 220 manat, təhvil verdiyi məhsulu hər tonuna görə isə 100 manat subsidiya alacaqlar. Bu isə əslində məhsuldarlıq subsidiyasıdır və məqsəd məhsuldarlığı artırmaqdır. Yeni qaydalara görə fermer hər hektardan orta hesabla 30 sentner məhsul götürübsə, dövlətdən 520 manat, 40 sentner məhsul götürübsə 620, 50 sentner götürübsə, 720 manat subsidiya alacaqlar.

Qısası, Azərbaycanda pambıqçılığa yeni yanaşmalar məhsuldarlığı cənab Prezidentin 2016-cı ildə pambıqçıların qarşısına qoyduğu hədəflərə yaxınlaşdırır və ölkəmizdə yeni yüngül sənaye müəssisələrinin bazasını formalaşdırır.




Ana səhifəyə qayıt        Baxış: 325          Tarix: 7-12-2019, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma