Xəbər lenti

 

“Mənim şəxsi qənaətimcə Milli Məclisdə mütləq çoxluqu hüquqşunaslar və iqtisadçılar təşkil etməlidir”

Müsahibimiz politoloq, hüquq üzrə fəlsəfə doktoru Xaliq Şükürovdur .

-Xaliq müəllim, respublikamızda son vaxtlar Milli Məclisin buraxılması ilə əlaqədar hər kəs deputatlığa namizəd olacağını bildirir. Milli Məclisə deputatlığa kimlər namizəd ola bilər; onu hər kəs bilir, bəs qanunvericiliyə əsasən, kimlər deputatlığa namizəd ola bilməz ?

-Çox maraqlı və aktual sualdır. Bildirmək istəyirəm ki, bu həm siyasi, həm də hüquqi sualdır və bunu iki aspektdən yanaşaraq izah etmək lazımdır. İlk öncə hüquqi baxımdan izah etməyə calışacağam və siyasi cəhətlərə də qismən toxunacağam. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblərin qeyd olunduğu Konstitusiyamızın 85. maddəsinin II bəndinə əsasən, bu şəxslər Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd ola bilməzlər: İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Burada əsas məsələ Konustitusiyamızın 85. II maddənin (icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər,) hissəsidir ki, həmişə hüquqşunaslar tərəfindən ən cox müzakirə olunan məsələdir.

-Ən cox müzakirə olunan və mübahisə yaradan məsələ də biznes fəaliyyəti olan və ya bu fəaliyyəti idarə edən şəxslərin Milli Məclisdə təmsil olunmalarıdır. Bu barədə Konustitusiyamızın və qanunlarımızın tələbi nədir?

-Tamamilə düz buyurursunuz ki, bu məsələ həmişə xalqımızı və dövlətimizi narahat edən məsələlərdən biri olmuşdur. Hüquqi baxımdan, bu qəbildən olan şəxslərin Milli Məclisə deputlığa namizəd kimi təsdiq olunmaları yolverilməzdir və əgər qeydiyyata alınarlarsa, sonrakı dövrdə bu müəyyən edilərsə, o şəxsin namizədliyi ləğv edilməlidir. Bu qəbildən olanlar deputat secilmiş olduğu halda belə, Mərkəzi Seçki Komisiyasının təqdimatına əsasən, o deputatın mandatı etibarsız sayılaraq yenidən həmin dairədə seçki kecirilməlidir.

-Sizcə, Mərkəzi Seçki Komissiyası seçki zaman bu şəxslərin müəyyən edilməsini qısa zamanda necə tənzimləməlidir?

 -Düşünürəm ki, bu çox cətin olsa da, mümkünsüz deyil. Dairə Seç komissiyası və Mərkəzi Seçki Komissiyası bu məsələni həll etmək üçün kifayət qədər kadr ehtiyatına malikdir. Təcrübə göstərir ki, hər bir dairədən 2-15 deputatlığa namizəd olur və namizəd olan bu şəxsləri də cəmiyyət kifayət qədər tanıyır. Əslində bu məsələnin həlli düşünüldüyü qədər də çətin deyil. Dairə Seçki Komissiyası namizədlərin biznes fəaliyyəti ilə məşğul olub-olmamaları barədə namizəd olan şəxslərin qeydiyyatda olduğu və yaşadığı rayon Polis, Dövlət Təhlükəsizlik şöbələrindən və digər dövlət qurumlarından tam dolğun məlumat ala bilər.

-Əksər hallarda bu kimi insanların öz adlarına bir biznesləri olmur, onlar yaxın qohumlarının adına biznes yaradaraq onu idarə edib qazanc götürürlər. Bu kimi halların aradan qaldırılması qanunla tənzimlənirmi?

-Təəssüf hissi ilə qeyd etməliyəm ki, belə hallar qanununla tənzimlənmir. Heç bir halda qanun yaxın və ya başqa hər hansı bir qohumun adına olan biznes gizli olaraq məmurun və ya deputatın vasitəsilə idarə olunmasına görə məsuliyyət və qadağa qoymur. Belə hallar da təəssüflər olsun ki, bu gün çox geniş yayılıb. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblərin qeyd olunduğu Konstitusiyamızın 85.II. maddəsinə əsasən, “bu şəxslər Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd ola bilməzlər” bölməsində olan (pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər) qeyd olunan hissəsində ödənişli ifadəsi ilə bərabər (ödənişli və gəlirli fəaliyyətlə məşğul olan) şəxslər ifadəsinin olması daha məqsədə uyğun olardı. Başqa yolla Konustitusiyamıza uyğun olaraq bu maddəyə Konustitusiya məhkəməsi qeyd etdiyim şərhi verərək bu məsələnin qısa yolla həll oluna bilər. Başqa həlli yolu da gələcəkdə bu qəbildən olan insanların millət vəkili olmaqdan qanunla cəkindirmək məqsədilə Cinayət Məcəlləsinə bununla bağlı yeni normanın gətirilməsi tam məqsədəmüvafiq olardı.

 -Bəs monopolistlər haqqında nə demək olar?

-Demək olar ki, iqtisadiyyatımızın zəifləməsində monopoliyanın böyük mənfi təsiri var. Monopolistlerin Milli Məclisdə cəmləşməsi əksər jurnalistlər tərəfindən mətbuatda dəfələrlə qeyd olunub. Bununla bağlı Cənab prezidentimiz də tam olaraq dəfələrlə çıxışlarında məmur özbaşınalığına və monopoliyasına qarşı mübarizə apardığını bildirib. Bu məsələ ilə bağlı bəzi deputatlarımız da bəzən üstü örtülü də olsa vurğulayırlar ki, monopoliya Milli Məclisdən və yüksək çinli məmurlar tərəfindən idarə olunur. Belə olan halda Milli Məclisdə olan bugünkü deputatların demək olar ki, belə hallarda şübhəli bilinənləri də var. Güman edirəm ki, aparılan islahatlar belə halları da tədricən aradan qaldıracaq.

-Sizcə, Milli Məclisdə ixtisas etibarı ilə ən çox kimlər təmsil olunmalıdır?

-Milli Məclis qanunverici orqandır və qanunların işlənib hazırlanması, qəbul edilməsi səlahiyyətini həyata keçirir. Mənim şəxsi qənaətimə görə, Milli Məclisdə mütləq çoxluğu hüquqşünaslar və iqtisadçılar təşkil etməlidir. Digər peşə sahiblərinin də təmsil olunması mümkündür ki, bunlar da Milli Məclisin fəaliyyətinin daha da keyfiyyətli olmasına xidmət etməlidir.

-Mİlli Məclisə deputatlığa namizədlərin yaş həddi içtimaiyyətdə geniş müzakirə olunan mövzulardandır. Qanunda yaş həddi barədə barədə məhdudiyyət varmı? Bu məsələ ilə bağlı sizin şəxsi fkrinizi də bilmək istərdik və bu necə tənzimlənməlidir ?

 - Konustitusiyamızda Mİlli Məclisə deputatlığa namizədlərin yuxarı yaş həddi ilə bağlı bir qadağa yoxdur, yəni 18 yaşdan yuxarı qanunla müəyyən edilmiş hər kəs deputatlığa namizəd ola bilər. Burada namizədlərin ruhi və fiziki sağlamlığı nəzərə alınmayıb . Düşünürəm ki, yaş həddində məhdudiyyət mütləq olmalıdır. Bu halla biz Milli Məclisin son çağrış üzvlərinin səhətlərinə və yaşlı olmaları səbəbindən komisiyaların mütamadi olaraq iclaslarında iştirak edə bilməyənləri nəzərə alsaq, tam əsas verir ki deyək, Milli Məclisə deputatlığa namizədlərin yuxarı yaş həddi də müəyyən edilməlidir. Milli Məclisə deputatığa namizədlər psixoloji baxımdan da komissiyadan kecməlidir. Son cağrış və bundan öncəki çağrışda deputatların bəziləri oldu ki, milli maraqlarımızın əlehinə ifadələr işlətdilər, bəziləri də psixoloji baxımdan normal insana xas olmayan ifadələrlə yaddaşlarda qaldılar.

- Son sual, Sizcə, Milli Məclisdə xalqı kimlər təmsil etməlidir?

-Mİlli Məclisdə dövlətini, vətənini, millətini, xalqını sevən, dövlətə və xalqına qarşı digər kənar qüvvələrdən asılı olmayan, öz maraqlarını dövlət və vətən maraqlarına qurban verməyi bacaran, savadlı, geniş dünyagörüşlü, ruhi cəhətdən sağlam, pedoqoji fəaliyyətdən başqa digər ödənişli və gəlirli fəaliyyətlə məşğul olmayan, özünə, qohum-əqrabasına deyil, dövlətinə və xalqına xidmət edən şəxslər Mİlli Məclisdə xalqı təmsil etməlidir.

 Söhbətləşdi: Oktay Hacımusalı,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 234          Tarix: 9-12-2019, 23:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma