Xəbər lenti
Dünən, 19:25
 
Gürcüstanda “Dini ekstremizm və radikalizm təhlükəsinin qarşısının alınmasında sağlam dini maarifləndirmənin rolu” mövzusunda konfrans keçirilib

İslamazeri.com xəbər verir ki, Tbilisidə “Dini ekstremizm və radikalizm təhlükəsinin qarşısının alınmasında sağlam dini maarifləndirmənin rolu” mövzusunda konfrans keçirilib.

Ayətullah Məkarim Şirazinin təşəbbüsü ilə yaranan Radikal və Ekstremist Cəryanlara Qarşı Ümumdünya Təşkilatı ilə Gürcüstan Müsəlmanları İdarəsinin birgə təşkil etdiyi konfransda din, elm, ictimaiyyət xadimləri ilə yanaşı, dövlət rəsmiləri, diplomatik korpus və media nümayəndələri iştirak edib.

Konfransda 4 ölkədən çıxış edənlər arasında Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müftisi Hacı Yasin Əliyev, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, İİR-nın Gürcüstandakı səfiri Cavad Qevam Şəhidi, Türkiyənin ölkəmizdəki səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmet Erdem, Türkiyə Əhlibeyt Alimlər Dərnəyinin (Ehlader) sədri Hacı Kadir Akaras, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı, Təzə Pir məscidinin axundu Mir Cəfər Əyyubov, QMİnin Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev, İran İslam Respublikasından Radikal və Ekstremist Cəryanlara Qarşı Ümumdünya Təşkilatının sədri Doktor Məhəmməd Həsən Zəmani, İranda Əhlisünnə məzhəbinə aid Dini Təhsil ocaqlarının elmi şürasının üzvü Hacı İshaq Mədəni, Gürcüstanda tanınmış siyasi araşdırmacı, yazar Vasili Papava da olub.

Azərbaycanlı Quran qarisi Ruslan Qasımovun Qurandan ayələrin tilavəti ilə başlayan konfransda çıxış edən alimlər bu gün dünyada bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələr və onun acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodlarından olan maarifləndirmənin önəmi haqda danışılıb. Bu kimi dağıdıcı qruplaşmalara qarşı müsəlmanların məzhəbindən aslı olmayaraq vəhdət içində olmalarının, dünya xalqlarının həmrəylik nümayiş etdirmənin vacibliyi haqda ətraflı məlumatlar verilib.

Nitqlərdə qeyd olunub ki, terrorun dini və milliyəti yoxdur. Onun hər növünə və ümumiyyətlə zorakılıq və radikal və ekstremist davranışlara qarşı qətiyyətlə mübarizə aparmaq vacibdir. Çünki bu gün radikallaşdırılmış din və dinləşdirilmiş Radikalizm hallarının hər ikisində də zərbə görən insanlıq və dindir. Hər iki halda dünyada sülh və barışa böyük zərbə dəyir. Onu da bildiriblər ki, terrorizm radikal və ekstremist düşüncədən, radikal düşüncə də cəhalətdən doğur. Məhz buna görə də belə halların qarşısının alınması üçün sağlam dini maarifləndirməyə hər zaman böyük ehtiyac vardır.

Qeyd edək ki, 18 dekabr 2013-cü il tarixindən etibarən BMT tərəfindən "Dünya Ekstremizm və Radikalizmə qarşı" ümumdünya mübarizə günü kimi qəbul olunmuşdur.




Ana səhifəyə qayıt        Baxış: 1 298          Tarix: 20-12-2019, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma