Ermənistan əhalisi inqilabın ikinci ilini yaşasa da, yenə ağır güzəran problemləri ilə baş-başadır, təzə təqvim ilinə köhnə problemlərlə girir. Səbəb bəsitdir: baş nazir Nikol Paşinyanın “iqtisadi inqilab” vədi quru vəd olaraq qalır. Sərt gerçək belədir ki, işğalçı ölkənin əsas problemlərinin həllində (yoxsulluq, ağır dolanışıq, ölkədən kütləvi köç, iş yerlərinin azlığı, iqtisadiyyata iri xarici sərmayələrin cəlb olunmaması və s.) ciddi heç bir irəliləyiş əldə olunmayıb.
Paşinyanın pafoslu vədlərindən biri də ordu quruculuğu ilə bağlı idi. Baş nazir silahlı qüvvələrdə dərin islahatlar aparmaq, orduda qayda-qanun yaratmaq, artıq adi hal almış nizamnamədən kənar halları aradan qaldırmaq, peşəkar orduya keçidə zəmin hazırlamaq, eyni zamanda hərbi qulluqçuların maddi təminatını gücləndirməyi söz vermişdi. Ancaq iqtisadi vədlər kimi bu vədi də o tuta bilmədi. Çünki bundan ötrü böyük maddi vəsait lazımdır ki, onu da acından ölən, blokadada və Rusiya vassallığında olan ölkəyə heç kim boşuna vermir.
Odur ki, əvvəlki hakimiyyətlərin dönəmində olduğu kimi, “xalq” baş nazirinin dövründə də erməni ordusunda problemlər, başıpozuqluq qalır. O sırada hərbçilər arasında intihar halları son illər daha da artıb. Yeri gəlmişkən, srağagün orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin yaxınları İrəvanda Ermənistan hökumətinin binası yaxınlığında aksiya keçirib (Virtulaz.org). Erməni KİV-ləri bildirir ki, ölən əsgərlərin ailələri ölüm işinin şəffaf araşdırılmasını tələb edib və baş nazir Nikol Paşinyanla görüşmək istəyiblər.
Aksiya zamanı polis əməkdaşları ilə öldürülən əsgərin yaxınları arasında dava düşüb. Əsgər anası Paşinyanla görüşmək üçün binaya girməyə cəhd edib. Polis qapının qarşısında dayanaraq qadının binaya daxil olmasının qarşısını alıb. Aksiya iştirakçıları polis kordonunu yarmağa çalışıblar. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Həmin vaxt isə Nazirlər Kabinetinin iclası keçirilib. Daha sonra əsgərin qohumları Respublika meydanında avtomobil yolunu bağlayıb, nəqliyyatın hərəkətini məhdudlaşdırıblar. Hadisə yerinə vətəndaşların qəbulu şöbəsinin müdiri Alexander Kazaryanın gəlişindən sonra gərginlik bir qədər səngiyib.
“Paşinyana deyin ki, camaat onunla görüşməyi tələb edir. Qoy bizim yanımıza gəlsin”, - aksiya iştirakçıları Kazaryana deyib. Buna cavab olaraq Kazaryan iclas keçirildiyini və indi tələblərinin yerinə yetirilməyəcəyini bildirib. Ölən əsgərin yaxınları isə görüşün sonuna qədər gözləməyi qərara alıblar. Hökumət başçısı onlarla görüşməyəcəyi təqdirdə yolları bağlayacaqlarını bəyan ediblər.
Xatırladaq ki, dekabrın 2-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər Artur Acamyan naməlum şəraitdə güllə yarasından ölüb. Digər hərbçi David Melikbekyan isə yaralanıb. İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 104 (1) maddəsinin 1-ci hissəsi (iki və ya daha çox şəxsi öldürmək) ilə cinayət işi açıb.
*****
Göründüyü kimi, Nikol Paşinyan hakimiyyətinin güvəndiyi daxili ictimai dayaqlar güclənmək əvəzinə zəifləməkdə və laxlamaqdadır. Artıq o, vədlər vermək yox, vədlərin niyə həyata keçmədiyi haqda sualları cavablandırmaq zorundadır. Obrazlı desək, “məxməri” baş nazir üçün “daşları yığmaq” zamanı gəlib.
Maraqlıdır ki, bu arada rəsmi Moskva da Paşinyana Yeni il öncəsi şok yaşadıb. Məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan eks-prezidenti, Paşinyanın qatı düşməni sayılan Robert Köçəryana təbrik məktubu göndərib. Bildirilir ki, Putin keçmiş həmkarını Milad və Yeni il bayramı münasibətilə təbrik edib. Məktubda deyilir: “Rusiya dövlətlərimiz arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafındakı töhfənizi yüksək qiymətləndirir”. Putin həmçinin Köçəryana möhkəm cansağlığı, dözüm və nikbinlik arzulayıb.
Yada salaq ki, bundan qabaq - cari ilin avqustunda Putin Köçəryanı ad günü münasibətilə təbrik eləmişdi. Onda da Köçəryan zindanda idi. Oktyabr ayında isə Kreml başçısı İrəvanda bir neçə saatlıq səfərdə olarkən nümayişkaranə şəkildə Rusiya səfirliyində R.Köçəryanın arvadı Alla Köçəryanla görüşmüşdü.
Sözsüz ki, budəfəki təbrik məktubu Ermənistan rəhbəri üçün əsl Yeni il sürprizidir. Bu, ən əvvəl o anlama gəlir ki, Rusiya rəhbəri verdiyi sədaqət andlarına rəğmən, Nikol Paşinyandan hələ də narazıdır, ona etibar eləmir və Paşinyana qarşı köhnə “kart”dan istifadə eləmək niyyətindədir. Ehtimal ki, 2020-ci ildə onu şimaldan yeni və daha böyük sürprizlər gözləyəcək. Neqativ planda təbii ki...
“Yeni Müsavat”ın analitik xidməti
Paylaş: