Xəbər lenti

 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesindən yaxın vaxtlarda hər hansı irəliləyiş gözləməyə dəyməz.
Bu sözləri oxu.az-a türkiyəli politoloq Engin Özer deyib.
Ekspert qeyd edib ki, buna səbəb Nikol Paşinyanın həm Ermənistanda baş verən daxili proseslərdə, həm də ölkənin xarici siyasət kursunda böyük problemlərlə qarşılaşması olub:
"Görünür, hazırda o, sülh barədə düşünəcək halda deyil".
O, Paşinyanın hökumət başçısı kürsüsündə çox qalmayacağını ehtimal edir:
"Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olmaq qabiliyyətində deyil. Bundan əlavə, o, öz ziddiyyətli bəyanatları ilə bunu etməyəcəyini bildirir. Baş nazir sadəcə vaxt uzadır. O, ölkənin həm daxilində, həm də xaricində problemləri sanki özünə çəkir".
E.Özerin sözlərinə görə, N.Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən Kremlin etibarını itirib:
"Paşinyanın bəyanatlarına və davranışına Moskvanın belə reaksiyası anlaşılandır və bu münasibət erməni Baş nazirin ardıcıl olmayan xarici siyasət kursu ilə bağlıdır. O, gah Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxaracağını deyir. Ardınca isə Rusiyanın Yerevanın strateji tərəfdaşı və ən sadiq müttəfiqi olduğunu bildirir. Bununla yanaşı, Paşinyan Vaşinton nümayəndələri ilə sıx ünsiyyət qurmağa davam edir. Bu səbəbdən ruslar ona etibar etmir, onunla işləmək istəmirlər. Kremlin xahişinə rəğmən, erməni Baş nazirin rusiyayönlü Robert Koçaryanı təqib etməsi də burada böyük rol oynayır".
Ekspert vurğulayıb ki, Qərb ölkələri də Paşinyanın siyasətindən narazıdır:
"ABŞ-dan xarici investisiyanın həcminin azalması Paşinyanı ciddi narahat edir. Bundan əlavə, Donald Tramp administrasiyası Yerevandan Suriyadan hərbi kontingenti çıxarmağı tələb etməyə davam edir. Digər tərəfdən, RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin erməni kontingentini artırmaq təklifi barədə məlumat yayılır. Paşinyana etibar etmədikləri üçün Parisdə də onun siyasəti narazılıq doğurur".
Onun fikrincə, N.Paşinyan Ermənistanda ictimai-siyasi vəziyyətə nəzarət edə bilməyən çox zəif liderdir:
"Hesab edirəm ki, o, hakimiyyətdə çox qalmayacaq. Hətta Ermənistanda dövlət çevrilişi də baş verə bilər. Yaxud Paşinyanın siyasi rəqibləri onu Baş nazir vəzifəsindən istefa verməyə məcbur edə bilər".



Ana səhifəyə qayıt        Baxış: 538          Tarix: 4-09-2019, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma