GünAz TV: Azərbaycanın ermənilərin işğalı altında olan ayrılmaz tərkib hissəsi Dağlıq Qarabağda qurulmuş qondarma rejimin “Ali Milli Təhlükəsizlik Şurası”nın sədri Arşavir Qaramyan Qasım Süleymaninin ölümündən narahatlıq ifadə edib.
İranda anti-Azərbaycan və anti-türk fəaliyyətlər göstərən “Azəriha” saytı onun yanvarın 3-də Facebook səhifəsində Süleymani ilə bağlı yazdıqlarını ilk günlərdə “Telegram” kanalında dərc edib.
Son günlər ərzində İran mediasında böyük səs-küyə səbəb olan bu xəbər, hətta “Anac” kimi Azərbaycanın mövcudiyyətinə qarşı düşmənçilik aparan, İran rejiminin dini ideologiyasını ölkəmizdə yaymağa çalışan media resurslarının da qıcığına səbəb olub.
İranın müəyyən dairələri tərəfindən idarə olunan “Azəriha” saytının “Telegram” sosial şəbəkəsindəki kanalında yayılan həmin sözlərdə Arşavir Qaramyanın Qasım Süleymaninin Amerika tərəfindən öldürülməsinə görə “İran xalqına və dövlətinə başsağlığı” verdiyi qeyd edilir. Arşavir Qaramyan həmçinin Süleymaninin öldürülməsinin regiondakı münaqişlərə (Qarabağ da daxil olmaqla-red.) təsir göstərəcəyindən narahatlıq ifadə edib.
"İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi bölgədəki gərginliyin artmasına səbəb olacaq. Süleymaninin öldürülməsi regional sabitliyə və terrorla mübarizəyə qarşı zərbədir. Süleymani sadiq olaraq ölkəsinin və xalqının maraqlarına xidmət etdiyindən, intiqam İran dövləti, xalqı, hərbi və xüsusilə kəşfiyyat və xüsusi xidmət orqanları üçün ləyaqət məsələsinə çevrilmişdir. Qonşu İran xalqına və generalın doğmalarına dərin hüzünümü bildirirəm",- deyə Arşavir Qaramyan facebook səhifəsində yazıb.
Qaramyan konkret olaraq Qarabağ münaqişəsinin adını hallandırmasa da, “Azəriha”nın bu xəbəri yaymasına qarşı çıxan saytlar da onun bu fikirlərlə Qarabağ müharibəsini nəzərdə tutduğunu, bununla da İranın münaqişə ilə bağlı mövqeyinə “kölgə saldığını” bildirirlər. “Anac” bu səbəbdən yazdığı məqalədə Qasım Süleymaninin Qarabağ münaqişəsində Azərbaycana kömək etməsi ilə bağlı əsası və isbatı olmayan iddialar irəli sürərək, Arşavir Qaramyanın etirafını ört-basdır etməyə çalışıb.
Digər tərəfdən, Qasım Süleymaninin Dağlı Qarabağ münaqişəsi zamanı Ermənistana yardım etdiyi barədə son günlər kifayət qədər məlumatlar dərc edilib. Hətta İran televiziyasında gedən verilişlərdən birində iranlı ekspert onun Qarabağın işğalındakı rolundan bəhs etmişdi.
Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev də Süleymaninin Azərbaycana qarşı xəyanətlərini ifşa etmişdi. O bildirmişdi ki, “Süleymani hələ 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlamış və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd etmişdi”.
Qeyd edək ki, terrorçu Arşavir Qaramyan Azərbaycan ərazilərinin işğal edilməsinin və 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub.
O, Ermənistan tərəfindən 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Fizuli rayonlarının işğalında iştirak edib.
Paylaş: