Konsitutisiyanın 41-ci maddəsinə görə, “hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır”. Bəs, bu hüquq necə təmin olunmalıdır?
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla bu dəfəki söhbətimizə də elə bu sualla başladıq.
İlyas İsmayılovun Ovqat.com-a müsahibəsini təqdim edirik:
-İlyas müəllim, əhalinin sağlamlığının qorunması hüququ necə həyata keçirilməlidir?
-Həqiqətən də Azərbaycanın ən yaralı yerlərindən biri səhiyyə sistemidir. Hər il səhiyyə ilə bağlı müxtəlif qanunlar hazırlanır, ölkə büdcəsindən bu sahəyə yüz milyonlarla vəsait ayrılır, yeni tibb müəssisələri tikilir, köhnə müəssisələrdə bahalı təmirlər aparlır, müasir avadanlıqlar quraşdırılır. Amma bu xərclər vətəndaşlarımızın sağlamlığının qorunması üçün kifayət etmir. Əhalimizin böyük qisminin xaricə - imkansızların İran, Rusiya və Gürcüstana, imkanlıların Türkiyə, İsrail və Qərb ölkələrinə müalicəyə getməsi də haqqında danşdığınız Konstitusiya maddəsinin tam yerinə yetirilmədiyindən xəbər verir.
Məsələn, heç uzağa getməyək, 2017-ci il dövlət büdcəsi haqqında qanunda səhiyyəyə ayrılan xərclərin miqdarı 775 milyon manat nəzərdə tutulub. Qanunlara görə, bir çox ağır xəstəliklərin müalicəsi dövlət hesabına yerinə yetirilir. Guya, bütün dövlət xəstəxanaları pulsuzdur. Amma bu qanunlar real həyatda nə qədər tətbiq olunur, bu sualın ən yaxşı cavabını xəstəxanalara üz tutanlar bilirlər. Dövlət xəstəxanalarında müalicə bəzən özəl klinikalardan daha baha başa gəlir. Hələ də səhiyyə ocaqlarında keçmişdən qalma ənənələr – hər kəsə pul vermək qaydası qüvvədədir. Çünki vətəndaşların sağlamlıq hüququnun qorunmasının real əsası yoxdur.
Axı, 180-200 manat maaş alan tibb işçisinə necə deyə bilərsən ki, xəstənin əlinə baxmasın? Onlar da məcburən indiki bahalıq şəraitində dolanmalı, övladlarını oxutmalı, yeri gələndə istirahət etməli, sanatoriyalara getməlidirlər. Bunların hamısı pul tələb edir. Hakimiyyət isə əsasən güc strukturlarında işləyənlərin maaşlarını artırır, müəllim və tibb işçilərinin vəziyyəti yaxşılaşmır. Belə vəziyyətdə hər hansı tibb işçisindən xəstənin əlinə baxmamağı tələb etmək mümkün deyil.
- Əhalinin sağlamlığının qorunması mənzərəsi dediyiniz kimi ürəkağrıdıcıdır. Bəs, bu qaranlıq tablodan çıxış yolları varmı? Sizcə, vətəndaşların keyfiyyətli və ucuz müalicə alması üçün hansı addımlar atılmalıdır?
-Əlbəttə, var. Ümumiyyətlə, cəmiyyət həyatında həlli olmayan heç bir problem yoxdur. Sadəcə, dövlət adamlarının bu işdə marağı olmalıdır. Türkiyənin ən məşhur prezidentlərindən olan Süleyman Dəmirəlin bu barədə yaxşı bir fikri var: “Demokratiyalarda çarələr tükənməz”.
Məqsəd, niyyət olarsa, Konstitusiyada nəzərdə tutulan bütün hüquq və azadlıqları yerinə yetirmək mümkündür. Məncə, bütün məsələ siyasi niyyətin yoxluğundadır. Ümumiyyətlə, Konstitusiyalarda vətəndaşlara verilmiş hüquq və azadlıqlar gəlişi gözəl şəkildə düşünülməyib. İnsanlıq tarixinin təcrübələrindən faydalanaraq, ən fundamental hüquqlar ortaya çıxarılıb və qanuniləşdirilib. Sağlamlığın qorunması hüququ da fundamental hüquqlardandır və insanın 4 təməl azadlığından biri sayılan yaşamaq hüququndan doğub. Bütün dövlətlər minillər boyu bu hüququ təkmilləşdirə-təkmilləşdirə bugünkü hala gətiriblər və onun həyata keçirilmə yollarını düşünüblər. Azərbaycan hakimiyyəti də bu təcrübələrdən istifadə etməli, həm əhalimizin sağlamlığını, həm də tibb işçilərinin daha yaxşı yaşamasını təmin etməlidir. Həkimi xəstənin əlinə baxmaqdan xilas etmədikcə, bu problemi ortadan qaldırmaq mümkün olmayacaq. Təsadüfi deyil ki, bir çox xəstələr həkimlərin onlara maddi mənfəət niyyətilə artıq dərman yazmasından, lüzumsuz müayinələrə göndərməsindən gileylidirlər. Hətta lazım olmadığı halda xəstələrin əməliyyat etdirilməsi hallarına da rast gəlirik. Bəzi hallarda bu riskli qərarlar faciələrlə nəticələnir. Bütün bu eybəcərliklərin əsl səbəbi bilirsiniz nədən qaynaqlanır?
-Nədən qaynaqlanır?
-Həkimlərin xəstələrə pul kisəsi, çörək ağacı kimi baxmasından. Azərbaycanın bugünkü səhiyyə siyasəti, təəssüf ki, vətəndaşları həkimlərin gözündə əmtəələşdirib, həkimləri öz peşələrinə xəyanət etməyə, içdikləri həkim andını pozmağa sürükləyir.
Bu yaxınlarda bir qohumumun xəstəliyi ilə bağlı Bakıdakı dövlət xəstəxanaların birində (adını çəkmirəm, çünki digər səhiyyə ocaqlarında da vəziyyət eynidir) oldum. Nə deyim... Xəstəxananın dəhlizləri kasıb-kusubla dolu, əksəriyyətin maddi imkanı yalnız müayinəyə kifayət edir, və bu müayinə vaxtı hər hansı bir acınacaqlı, yəni əməliyyat müdaxiləsi tələb edən diaqnoz qoyulsa, buna imkanı çatmayan insan, demək olar ki, klinikadan əlində ölüm hökmü ilə çıxır...
- İlyas müəllim, bəs, problemin həllini nədə görürsünüz? Özünüz də dediyiniz kimi, indiki sistemdə xəstə pul verməsə, həkim acından ölər. Həkimlərəsə “acından öl” demək mümkün deyil. Elədirsə, nə edilməlidir?
-“Nə edilməlidir” sualının cavabı sizin sitat gətirdiyiniz Konstitusiya maddəsində öz əksini tapıb. Diqqətlə baxsanız, Konstitusiyanın 41-ci maddəsinin II bəndində deyilir: “Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”. Məncə, dediyiniz bütün problemlər icbari tibbi sığorta ilə aradan qaldırıla bilər. Vətəndaşlar sığortalanarsa, pulsuz tibbi xidmət ala bilərlər. Sığorta şirkətləri onların müalicəsinin bütün xərclərini öz boyunlarına götürər və həkimlər xəstənin əlinə baxmazlar. Müalicə xərcləri pulsuz olduğundan xəstələr lazım olmadığı halda artıq pul qazanmaq xətrinə əməliyyata yönləndirilməzlər. Xəstələr vaxtaşırı pulsuz tibbi müayinədən keçib sağlamlıqlarının hansı səviyyədə olduğunu zamanında müəyyənləşdirər, bir çox xəstəliklərin qarşısı orqanizmdə böyük fəsad yaratmadan alınar. Səhiyyə sistemi də beləcə inkişaf edər. Bütün dünyada bu praktikadan effektli istifadə edildiyi halda, Azərbaycanda hələ də məcburi tibbi sığorta oturuşmayıb.
-Maraqlıdır, bir halda ki, Azərbaycan Konstitusiyası sağlamlıq hüququnun icra mexanizmini də tam aydın şəkildə ortaya qoyur, niyə bu müddəa işləmir?
-Bəli, məsələ də elə bundadır. Mən 2013-cü ildə parlamentdə çıxış edərkən də bu məsələni qaldırdım. Problemlə bağlı yığcam, amma məsələnin mahiyyətinə işıq tutan təkliflər verdim. Təəssüf ki, indiyə qədər təkliflərim həyata keçirilməyib. Elə ona görə də “Azərbaycanda sağlamlıq hüququnun həyata keçirilməsində siyasi niyyət yoxdur” deyirəm. Zənnimcə, bütün məsələlərin kökündə tibbi sığortanın faktiki olaraq tətbiq olunmaması dayanır. Bütün dünyada tibbi sığorta səhiyyənin maliyyələşdirilməsinin uğurlu modeli sayıldığı halda bizdə bu modelin həyata keçirilməsində süni əngəllər yaradılır. Baxmayaraq ki, Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun hələ 1999-cu ildə qəbul olunub, yəni, üstündən 18 il keçsə də, qanunun icrası reallaşmır.
Hörmətli Əli Əhmədov baş nazirin müavini vəzifəsinə təyin ediləndə söhbət getdi ki, o, məhz icbari tibbi sığorta məsələləri ilə məşğul olacaq. Lakin bu təyinatdan neçə il keçdiyinə baxmayaraq, tibbi sığorta sahəsində heç bir irəliləyiş yoxdur.
Halbuki, bayaq da qeyd etdiyim kimi, tibbi sığortanın tam tətbiq olunması əhalinin uyğun şəkildə tibbi yardım və dərman almasına təminat verər, xəstələr pulsuz müalicə alar, bəzi ixtisaslaşdırılmış xəstəxanalarda isə tələb olunan məbləğin cuzi hissəsini ödəyərlər.
-Sizcə, tibbi sığortanın həyata keçirilməməsi nəylə bağlıdır? Axı, bu, iqtisadi fəaliyyətlə məşğul olan dövlət xadimlərimiz üçün də yeni fürsətlər yaradır.
- Mən deputat olanda bu məsələ ilə maraqlanmışdım. Sən demə, ən böyük problemlərdən biri icbari tibbi sığortaya hansı qurumun nəzarət etməsinin müəyyənləşdirilə bilməməsindən qaynaqlanır. Təsəvvür edin, möhtərəm Prezident İlham Əliyev tərəfindən 2016-cı ildə ildə “Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb və ötən il dövlət büdcəsindən ona 30 milyon manat vəsait ayrılıb. Amma həmin vəsait xərclənmədən büdcəyə qayıdıb. İndiyədək davam edən bu fəaliyyətsizliyin səbəbi isə Səhiyyə Nazirliyi ilə Nazirlər Kabinetinin həmin Agentliyi bölüşə bilməməsidir. Yəni Səhiyyə Nazirliyi iddia edir ki, Agentlik onun tabeçiliyinə verilməlidir. Nazirlər Kabineti isə bununla razılaşmır. Düşünürən ki, bu çəkişməyə son qoymaq üçün sözü gedən Agentlik birbaşa Prezidentə tabe olmalıdır – Natiq Əmirovun rəhbərlik etdiyi iqtisadi islahatlarla məşğul olan qurumun timsalında müvafiq presedent də var.
Məsələnin digər, üzdə olmayan tərəfləri də var. İcbari tibbi sığorta problemi sırf korrupsiya və idarəçilik çəkişmələri ilə bağlı deyil. Burada həm də sıravi həkimlərin işsizliklə qarşılaşacağından ehtiyatlanması, tibbi sığortaya cəlb olunan şirkət və idarələrin yenə də korrupsiya əsasında konkret klinikalara təhkim oluna biləcəyi kimi məsələlər mövcuddur.
Bundan başqa, nə qədər ki dövlət müəssisələri və özəl təşkilatlarda işçilərlə işəgötürənlər arasında münasibətlər qanuna uyğun şəkildə tənzimlənməyib, nə qədər ki “qara maaş” məsələsi var, nə qədər ki, özəl sektorda sahibkarlar müəssisələri yoxlayan qurumlara mütəmadi qeyri-qanuni haqq ödəyir, bu məsələ öz həllini tapmayacaq. Bilirsiniz ki, iqtisadiyyatımızın əhəmiyyətli hissəsi “kölgə sektoruna” aiddir və bu kəsim heç vaxt qanunlara tabe olmur. Bir çox öhdəlikləri qeyri-qanuni razılaşmalar əsasında həyata keçirir. Əlbəttə ki, həmin müəssisələrin sahibkarları icbarı sığortanı ödəməkdə də maraqlı deyillər. Özlərinə görə, haqsız da deyillər. Həm rəsmi vergiləri və sosial ayırmaları, həm də qeyri-qanuni rüsumları ödədikdən sonra bir də işçilərin icbari tibbi sığortasına pul ayırsalar, qısa müddətdə müflis olarlar.
Bu gün Azərbaycanda 30 min həkim və 60 min tibb bacısı vardır. Hər həkimə əhalinin 300-dən bir az artıq sakini düşür. Avropada və Şimali Amerikada bu göstərici 480-500 nəfər təşkil edir. Yəni, həm xəstələrə lazımi səviyyədə tibbi xidmət göstərmək üçün, həm həkimləri yüksək maaşla təmin etmək üçün bu nisbət daha əlverişlidir. Yəni, həkimlərin sayı doğrudan da azaldılmalıdır. Bu da bir çoxları üçün işsizlik deməkdir. Digər tərəfdən, həkimlərin sayı azalmasın deyə onların aylıq maaşlarını 180-200 manat səviyyəsində saxlamaq da onların ələbaxımlılığını aradan qaldıran çarə deyil. Bir məsələ də var – Tibb universitetinin tələbələrinin sayı azalmalıdır, lakin burada əks tendensiyalar müşahidə olunur.
- Sizcə, məsələnin həllinə nədən başlanılmalıdır?
- Zənnimcə, bizim hökümət son illər geniş tətbiq olunan “Yol xəritəsi” formasına müraciət etməlidir. Amma bu dəfə sənəd xətrinə sənəd yox, tutarlı, hərtərəfli, ictimai müzakirədən keçən bir fəaliyyət planı hazırlanmalıdır. Bildiyimə görə, belə sənədin işlənib hazırlanması heç planlaşdırılmır da...
Əgər dövlət özünü sosial dövlət adlandırırsa, xalqın sağlamlığı onun ümdə vəzifəsi olmalıdır!
Söhbətləşdi: Heydər Oğuz
Paylaş: