Xəbər lenti
Dünən, 19:25
 

Azərbaycan hakimiyyətinin koronavirusa qarşı apardığı mübarizə və bu mübarizə çərçivəsində aldığı proflaktik tədbirlər təqdirə layiqdir. Xüsusilə virusun ortaya çıxdığı Çində bu xəstəliyə qarşı mübarizə tədbirlərində qazanılan təcrübələr də Azərbaycan hakimiyyətinin düz yolda olduğunu təsdiqləyir. Zira Çin izoliyasiya tədbirlərini genişləndirərək dövrün bəlası üzərində qələbə çaldı. Azərbaycan da o təcrübələrdən yararlanaraq, epidemik xəstəliklərə qarşı tibbi təhlükəsizlik strategiyası yaratmalıdır və bu istiqamətdə uğurlu işlər görülür.

Bununla belə, izoliyasiya tədbirlərinin bütün iqtisadi sahələrə tətbiq edilməsi doğru deyil. Ən azı ona görə ki, izoliyasiyaya çəkilmək hələ həyatdan təcrid olunmaq mənasına gəlmir. Vətəndaşlar evdə qalsalar belə, gündəlik tələbat malları ilə təchiz olunmalıdırlar. Əsas gündəlik tələbat mallarının başında isə qida maddələri gəlir. Bu mənada qida sektoru Operativ Qərargahın izoliyasiya tədirlərindən uzaq tutulmalı, xüsusilə kənd təsərrüfatı müəssisələri hər zamankı kimi işinə davam etməlidir.

Onu da unutmaq olmaz ki, digər sektorlardan fərli olaraq, aqrar təsərrüfatlar mövsümi iş əsasında fəaliyyət göstərirlər. İlinin bir qismini eşdə-eşikdə keçirən fermerlər əsasən yaz və yazqabağı dövrdə fəal işgüzarlığa başlayırlar. Əgər bu dövrdə istənilən səviyyədə iş görməzlərsə, məhsuldarlığa və keyfiyyətli məhsul yığına nail ola bilməzlər. Təcrübələr göstərir ki, hətta əkin sahəsində bir neçə günlük gecikmə fermerlər üçün xeyli ağır nəticələnir. Odur ki, aqrar seçkorda bütün işlər öz mövsümində görülməli və toplanan məhsullar hesabına ölkəmizin qida resursları yaranmalıdır. Xüsusilə də koronavirus kimi pandemiyaların yayıldığı bir zamanda. Çünk COVİD-19-un pandemiya xarakteri alması istər-istəməz dünya dövlətlərinin bir-biriylə qarşılıqlı ticarət əlaqələrinə mənfi təsir göstərəcək və problemin uzun sürməsi ehtimalı hər kəsi qida məhsullarını dar günə saxlamaq məcburiyyətində qoyacaq. Bundan ən çox təsirlənənlər isə öz qida təhlükəsizliyini vaxtında qura bilməyənlər dövlət üçün ağır sınaq deməkdir.

Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü ildən etibarən apardığı aqrar islahatlar da ölkəmizin bu çətin vəziyyətə düşməməsinə hədəflənmiş və ciddi məsafələr qət etmişdir. Ölkə başçısının hələ o illərdə bildirdiyi kimi, Azərbaycan fermerlərinin qarşısında dayanan əsas məqsəd qida məhsulları istehsalını özü-özünü 100% təmin edəcək səviyyəyə yüksəltmək idi. Neft erasının bitib qeyri-neft dövrünün başlanması kimi xarakterizə edilən həmin son 5-6 illik zaman ərzində Azərbaycan fermerləri böyük ölçüdə bu hədəfə yaxınlaşdılar. Quşçuluq, tərəvəzçilik, südçülük və s. sahələrdə biz idxaldan tamamilə xilas olmuş vəziyyətə gəlmişik və bunu inkar etmək mümkün deyil. Fəqət cənab prezidentin tapşırığı və təşviqilə başlanmış bu iqtisadi-strateji inkişaf prosesini dayandırmaq, yaxud təxirə salmaq qazanılan bütün uğurların üzərindən xətt çəkmək olar. Sözsüz ki, biz koronavirusa qarşı tədbirləri də yaddan çıxarmadan ölkəmizin əsas təhlükəsizlik hədəflərindən olan qida istehsalını nəinki axsatmalı, əksinə daha da inkişaf etdirməliyik. Bunun üçün isə aqrar sektorda koronavirusa qarşı müdafiə tədbirlərini artırmaqla yanaşı, işimizi də sürətləndirməliyik. Odur ki, koronavirusa qarşı izoliyasiya tədbirlərini aqrar sektora aid edə bilmərik.

Aqrar sektorun fəaliyyətini təkcə kənd təsərrüfatı müəssisələrinin işləməsi kimi də qiymətləndirmək olmaz. Hər sahə kimi bu sektorun da yan və ya köməkçi təsərrüfatları var. Məsələn, tikinti mallarının istehsalı və satışı sektoru da aqrar sahə ilə birbaşa əlaqəlidir. Belə ki, ötən il əkin-biçinindən, məhsul istehsalından sonra bütün təsərrüfatlarda bərpa-təmir işlərinə ehtiyac duyulur. Bəzən adi bir mısmarın olmaması, taxtanın tapılmaması, qumun, sementin, daşın qıta çıxması böyük bir təsərrüfat subyektinin işinin dayanmasına səbəb ola bilir. Üstəlik, 4-5 illik yaşı olan bir sıra müəssisələr daha verimli çalışa bilmələri üçün təsərrüfatlarını böyütmək məcburiyyətində qalırlar. Bunun üçün də tikinti sektorunun fəaliyyəti labüddür.
Ümumiyyətlə, koronavirusa qarşı izoliyasiya tədbirləri ancaq qələbəlik məkanlara və gec xarab olan məhsul satışına tətbiq edilməlidir. Kənd təsərrüfatı, tikinti sektoru kimi sahələrdə isə kütləvi işçilərin fəaliyyətindən söhbət getmir. Bir neçə nəfərin çalışdığı bu sektorlarda məhdud izoliyasiya tədbirlərilə də fəaliyyəti davam etdirmək olar və bu, istər ölkənin iqtisadi tərəqqisi, istər insanların işlə təmin olunması, istərsə də vətəndaşların qorunması və təhlükəsizliyi üçün vacibdir.

Qeyd edim ki, bu yazının müəllifi həm də böyük restoranlar şəbəkəsinə sahibdir. “Xəmsə” MMC-nin tərkibində şadlıq evi və digər restoran tipli müəssisələr var. Operativ Qərargahın bu sektor üçün həyata keçirdiyi izoliyasiya tədbirlərini başa düşür, haqq verir və geniş əhali kütləsinin bir araya gətirən şadlıq evi və restoranları dərhal bağladıq. Çünki xidmət göstərdiyimiz insanların sağlamlığı və rifahı bizim də arzumuzdur və pis çıxmasın, geniş götürəndə iqtisadi maraqlarımıza da cavab verir. Müəssisəmizdə çalışan insanların maaşının verilməsində də əlimizdən gələni əsirgəməyəcəyik və bu məsələdə də dövlətimizin bizə dəstək verəcəyinə inanırıq. Bu gün bütün dövlət sektorları kimi iş adamlarımızın əlini bütün dünyanı təhdid edən koronavirus fəlakətinin altına çiyinlərini verməsinin vacibliyinə inanır və Cənab İlham Əliyev və Mehriban xanımın başlatdığı Koronavirusa Qarşı Mübarizə Fonduna biz də imkanımız çatan yardımları etdik. Peyğəmbərimizin “sağ əlin verdiyini sol əl bilməməlidir” kəlamını əldə rəhbər tutaraq, etdiyimiz yardımların miqdarını açıqlamırıq. Sadəcə onu deməklə kifayətlənirik ki, kənd təsərrüfatı ilə məşğul olan iş adamlarımız izoliyasiya tədbirlərindən mümkün qədər azad olmalıdırlar ki, zərurət yarananda əlləri daşın altına qoya bilsinlər.




Ana səhifəyə qayıt        Baxış: 3 691          Tarix: 26-03-2020, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma