Xəbər lenti

 
Yeganə günahım sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağımdır”.
 
Ovqat.com xəbər verir ki, bu sözlər ölüm aclığına başlayan jurnalist Zaur Qənbərovun dünən ölkə başçısı İlham Əliyevə ünvanladığı məktubdandır.
 
Jurnalist Prezidentə açıq məktubunu özünün facebook səhifəsində status paylaşıb. 
 
Məmur özbaşınalığından bəhs edən həmin məktub-statusu təqim edirik:


 
“ÖLÜM ACLIĞI ELAN EDİRƏM
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
 
Möhtərəm Prezident,
 
Ölkəmizin çox ciddi problemlərlə üzləşdiyi bir zamanda Sizə müraciət etmək mənim üçün çox ağır olsa da, başqa əlacım yoxdur.
 
Bu ilin may ayının 4-də peşə fəaliyyətimi həyata keçirərkən Gədəbəy rayon İcra Hakimiyyəti başçısı İbrahim Mustafayevin tapşırığı ilə DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülmüşəm. Buna baxmayaraq, İbrahim Mustafayevin göstərişi ilə Gədəbəy rayon Polis Şöbəsində qarşı tərəfə yox, mənə qarşı cinayət işi qaldırılıb və qərəzli şəkildə tamamlanaraq prokurorluğa göndərilib. Keçmiş prokuror Allahverdi Səfərov mənə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə saxta cinayət başlayıb. İstintaqa və prokurorluğa təqdim etdiyim heç bir sübut və etiraz qəbul edilmədən mən təqsirli hesab edilmişəm. İstintaqın qərəzli aparıldığına dair Daxili İşlər Nazirinə və Baş Prokurora yazdığım bütün şikayətlər araşdırılmaq üçün yerli qurumlara, bu qərəzli istintaqı aparan qurumlara göndərilib. Belə görünür ki, İbrahim Mustafayev qardaşı İsgəndər Mustafayev vasitəsilə bu orqanların rəhbərlərindən mənim həbsimə icazə alıb.
 
Cənab Prezident,
 
Mən Azərbaycan Konstitusiyasına və Müqəddəs Qurana and içərək bildirirəm ki, mənim günahım yoxdur. Mənim guya onları döyməyim haqqında DSMF-nin Gədəbəy rayon şöbəsinin 11 nəfər korrupsiyaya qurşanmış işçisinin imzaladığı akt saxtadır. 


 
Əksinə həmin gün mən döyülmüsəm, telefonum sındırılıb, təhqir edilmişəm. Mənim yeganə günahım sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində "hörmət" qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çoxsaylı əsaslı sübutlar var və həmin sübutları obyektiv istintaq aparılacağı təqdirdə təqdim edəcəm. Mən öz qanunsuz mühakiməm ilə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq bu gündən ölüm aclığına başlayıram. 
 
Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”.
 


Ana səhifəyə qayıt        Baxış: 3 283          Tarix: 26-07-2020, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma