Xəbər lenti





 Ermənistan-Azərbaycan gərginliyi: fransalı deputatdan sülh çağırışı
 
Esson departamentindən deputat, Milli Assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun sədri Pyer-Alən Rafan Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqda danışıb.
 
Ovqat.com xəbər verir ki, deputat bu barədə fikirlərini Fransanın Atlantico.fr nəşrinə açıqlamasında bildirib.
 
İyulun ortalarında Ermənistan və Azərbaycan Silahlı qüvvələri arasında artilleriyadan da istifadə edilməklə, şiddətli toqquşmalar olub. Nəticədə hər iki tərəf itki verib, hərbçilərlə yanaşı, mülki şəxslər də həyatını itirib. Maraqlıdır ki, bu dəfə toqquşmalar Ermənistanın 1990-cı illərdə işğal etdiyi Dağlıq Qarabağ ətrafında deyil, Azərbaycanın ondan xeyli uzaqda yerləşən Tovuz rayonu istiqamətində baş verib. Bu, iki ölkə arasında bütün sərhəd boyu döyüşlərin alovlanması riski yaradır.
 
Bütün baş verənlər Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın da ciddi səylərini zəruri edir. Bununçünsə Fransa parlamentarilərinin də dəstəyinə ehtiyac var.
 
Fransa 1992-ci ildən Sovet İttifaqının dağılması ilə baş qaldırmış bu münaqişənin sülh yolu ilə həllinə yönəlmiş beynəlxalq səylərə ilk vaxtlardan qoşulub. Hazırda o, ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupuna həmsədrlik edir. Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-İv Lö Drian Paris və Avropa İttifaqının Azərbaycanın milli təhlükəsizliyini dəstəklədiyini, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllini arzuladığını dəfələrlə dilə gətirib. Lakin təəssüf ki, bəzi fransalı deputatlar (bəziləri Milli Assambleyada çoxluqda olan qrupu təmsil edir) ermənipərəst düşmən mövqeyindən çıxış edir, üstəlik, Fransanın Avropa və Xarici İşlər Nazirliyini də bu əməllərinə alət etməyə çalışır. Halbuki, nə ailə mənşəyi, nə hansısa lobbiyə tabeçilik, nə də ümumiyyətlə, müsəlman dünyasına kor-təbii nifrət kiminsə iki xarici ölkə arasındakı qarşıdurmaya dair çirkin mövqe tutmasına haqq qazandıra bilər. Xüsusilə bu, ilk növbədə beynəlxalq hüquqa, daha sonra isə Fransa və Avropanın strateji maraqlarına ziddirsə…
 
Beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu hələ 1990-cı illərin əvvəllərində bəyan edib. O, bunu BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın çoxsaylı qətnamələrilə təsdiqləyib. Ermənistan tərəfindən hələ 1991-ci ildə ələ keçirilmiş 13 min 638 kvadrat kilometr ərazinin qanunsuz işğal olduğu danılmaz faktdır. Söhbət Azərbaycan ərazisinin təxminən 20%-dən gedir. Qondarma “Dağlıq Qarabağ Respublikası”nı Rusiyanın dəstəyilə yaradılmış və heç kəsin qəbul etmədiyi 3 qondarma qurum – Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgədən başqa heç kəs, yəni heç bir dövlət tanımır. O, hətta Ermənistanın özü tərəfindən belə, tanınmayıb. Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan torpağıdır.


Pyer-Alen Rafan (Deputat, Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri)
 
1990-cı illərin əvvəllərində qızışmış bu münaqişənin humanitar nəticələri də dəhşətlidir. Bu münaqişə nəticəsində 30 min insane həyatını itirib, yüzlərlə azərbaycanlı ailənin kökü kəsilib, saysız-hesabsız insan öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalaraq, qaçqına və məcburi köçkünə çevrilib. Azərbaycan dövləti bu gün də onların sosial-iqtisadi təminatı üçün yorulmadan çalışır.
 
Beləliklə, münaqişə ciddi insan təlafatı ilə nəticələnib. Lakin təxminən 30 ildir davam edən münaqişəli vəziyyət Ermənistan iqtisadiyyatını çökdürüb: ölkə regiondan təcrid olunub, iqtisadiyyatını heç cür inkişaf etdirə bilmir, nəticədə gənc nəsil kütləvi şəkildə ölkəni tərk edir. Bu gün Ermənistan sağ qaldığına görə yalnız Rusiyaya borcludur.
 
Lakin bu iki qonşu münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olduqlarını deyirlər. Odur ki, Ermənistan kimi, Azərbaycanı da Fransanın və ümumilikdə Avropanın dostu kimi görməliyik.
 
Məqsədli şəkildə yayılan bəzi məlumatların əksinə olaraq, Azərbaycan sözün əsl mənasında dünyəvi dövlətdir. Azərbaycan əhalisinin əksəriyyəti şiə müsəlmanı olsa da, orada bütün dinlərə, hətta ateizmə tolerant yanaşma mövcuddur. Bakı cənub qonşusu olan İrandan, eyni zamanda, Şimali Qafqaz – Dağıstan, Çeçenistan və İnquşetiyadan radikal islamçıların ölkəyə axını ilə cəsarətlə mübarizə aparır. O, beynəlxalq cihadçı qüvvələr, o cümlədən İŞİD ilə mübarizədə də vacib tərəfdaşdır. Bu gün Azərbaycan ərəb-müsəlman dünyasında universalizmin təbliği üçün əsas körpü rolunu oynayır.
 
Hələ 1918-ci ildə yaradılmış birinci Azərbaycan Respublikası dünyada qadınlara seçki hüququ vermiş ilk ölkələrdən, müsəlman Şərqində isə ilk belə dövlət olub. O, bu gün də qadınlarla kişilər arasındakı hüquq bərabərliyinin qorunmasında, məişət zorakılığı ilə mübarizədə ön sıralardadır.
 
Doğrudur, Azərbaycan hələ də demokratik idarəetmə sisteminə tam nail ola bilməyib. Amma bu, Baltikyanı dövlətlər istisna olmaqla, bütün postsovet ölkələrinə, o cümlədən Ermənistana aiddir. Bakı bu istiqamətdə tədricən konkret nailiyyətlər qazanmaqdadır. Həqiqət ondan ibarətdir ki, bəzi qüvvələrin təsirində olan medianın iddialarının əksinə olaraq, Azərbaycan qaniçən diktaturadan uzaq, prezidentli respublikadır.
 
Bakı Avropa İttifaqı ilə münasibətlərdə də səmimidir. O, qonşuluq siyasəti çərçivəsində Aİ-nin 27 ölkəsinin hər birilə müttəfiqidir. Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkə, həmçinin Şərqi Avropanın 3 və Qafqazın 3 ölkəsi, ümumiyyətlə, bütün keçmiş sovet respublikaları arasında ən maraqlı tərəfdaş məhz Azərbaycandır. O, nə siyasi, nə də iqtisadi baxımdan Moskvaya tabedir. Bununla yanaşı, Bakı Aİ-ni onu sıralarına qəbul etməsi üçün yalvarmır! Bu ölkə ümumi maraq kəsb edən bütün sahələrdə hər iki tərəflə səmərəli əməkdaşlığa açıqdır. Yeri gəlmişkən, Azərbaycan Aİ ilə yeni əməkdaşlıq sazişilə bağlı danışıqlar aparır. Bu məqsədlə, əməkdaşlıq komissiyası davamlı müzakirələr aparır.
 
İqtisadi baxımdan Azərbaycan siyasi müstəqilliyini təmin etmək, istehsal mənbələrini şaxələndirmək, əhalisinin rifahını yaxşılaşdırmaq istiqamətində karbohidrogen ehtiyatlarından faydalana bilib. Üstəlik, bu gün o, Aİ-nin enerji təhlükəsizliyinin təminində vazkeçilməz tərəfdaşdır.
 
Fransa ilə Azərbaycan arasında mədəni əlaqələr də yaxşıdır. Lakin bu sahədə əməkdaşlığın inkişafına ehtiyac var. Azərbaycan Luvr Muzeyinin İslam incəsənəti departamentinin yenidən qurulması üçün ciddi maliyyə yardımı ayırıb, Fransanın bir çox şəhərində kilsələrin bərpasına dəstək verib.
 
Bundan başqa, paytaxt Bakıda Fransız Liseyi, Strasburq Universiteti  və Azərbaycan Neft və Sənaye Universitetinin birgə idarə etdiyi, dəqiq elmlər üzrə ixtisaslaşmış Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyət göstərir.
 
Beləliklə, Parisin Dağlıq Qarabağ münaqişəsilə bağlı balanslaşdırılmış mövqeyi məhz bu obyektiv təhlildən irəli gəlir. Odur ki, münaqişə tərəflərindən birini qəhrəman kimi qələmə verən, digərini tamamilə mənfi obrazda təqdim edən bəzi dairələrin qərəzli mövqeyi həm Fransa, həm də Avropanın maraqlarına ziddir. Belə birtərəfli açıq bəyanatlar Fransada müəyyən cinayətlərə də yol açır. Məsələn, iyulun 14-də Parisdəki Azərbaycan səfirliyinə və Azərbaycan Mədəniyyət Mərkəzinə təşkil edilmiş hücumları kimi…
 
Fransalı deputatların Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermələri üçün Cənubi Qafqazın gələcəyində maraqlı olan deputat və senator həmkarlarıma “Parlamentarilərin Minsk qrupu” adlı təşəbbüslə çıxış etmək haqda düşünmələrini təklif edirəm. Hökumətin rəsmi diplomatiyası ilə paralel fəaliyyət göstərəcək və onu dəstəkləyəcək bu platforma Ermənistan, Azərbaycan, Fransa, ABŞ və Rusiya parlamentlərilə birgə çalışa bilərlər.
 



Ana səhifəyə qayıt        Baxış: 4 139          Tarix: 9-08-2020, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma