İranın dini lideri Əli Xamneyi iyunun 20-də yüksək rütbəli bir nümayəndə heyətin müşayiəti ilə Tehrana səfər edən İraqın baş naziri Heydər əl-İbadi ilə görüşərək Amerikanın bu ölkədəki rolundan və İraq Kürdistanının müstəqilliyi üçün keçiriləcək referendumdan danışıb.
Ovqat.con xəbər verir ki, bu məlumatı Gunaz.tv yayıb.
Məlumata görə, tərəf-müqabiliylə söhbətində Vaşinqtonun İŞİD-ə müxalif olmadığını vurğulayan Xamneyi deyib ki, İraq xalqı və onun hökuməti Amerikaya inanmamalı, ona etimad göstərməməlidir: “Heç vaxt amerikalılara etimad etməyin. Çünki onlar sizə zərbə vurmaq üçün fürsət axtarırlar. Bu fürsət nəinki amerikalılara verilməməli, hətta onların hər hansı bir bəhanə ilə İraqa gəlişinin qarşısı alınmalıdır. Bu gün amerikalıların İraqdakı xalq qüvvələrinə, o cümlədən də “Həşdi-Şabi”yə qarşı çıxması ona görədir ki, onlar bu ölkədə öz nüfuzlarını itirməkdən ehtiyatlanırlar.
Amerikalıların və onlara tabe olan bir sıra region ölkələrinin guya İŞİD-ə qarşı çıxması həqiqi deyil. Onlar bölgədə İŞİD-in kökünün kəsilməsini və onun məhv olunmasını istəmirlər. Çünki İŞİD onların birbaşa dəstəyi və pulu ilə meydana çıxıb. Onlar, özlərinin yaratdığı İŞİD-in İraqda qalıb fəaliyyət göstərməsinin tərəfdarıdırlar.
İraqda məlum referendum məsələsinə gəlincə, İran İslam Respublikası İraqın müəyyən bir hissəsinin ölkədən ayrılması üçün referendum keçirilməsinə müxalifdir. Hesab edirik ki, bu məsələni qaldıranlar və onu gündəmə gətirənlər İraqın istiqlalına və kimliyinə müxalif olanlardır. İraq ərazisi bütöv olaraq qalmalıdır”.
Xatırladaq ki, İraq Kürdistan muxtariyyətinin başçısı Məsud Bərzani iyunun 7-də öz “Twitter” səhifəsində xalqa müraciət edərək, Kürdistanın müstəqilliyi üçün referendum keçiriləcəyindən danışmışdı: “Mən tam sevinc hissi ilə bildirirəm ki, 2017-ci il sentyabrın 25-i Kürdistanın müstəqilliyi üçün referendum keçirilməsi günü elan edilib”.
Bərzaninin bu açıqlamasından sonra İraqın mərkəzi hökuməti, eləcə də Amerika və Türkiyə İraq Kürdistanı hökumətinin bu qərarına reaksiya verərək, ona qarşı kəskin etiraz bildirmişdilər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə iyunun 12-də jurnalistlərə açıqlamasında İraq Kürdistanının müstəqil olması üçün referendum keçirilməsi məsələsinə belə münasibət bildirmişdi: “İndiki məqamda bu kimi məsələlərin gündəmə gətirilməsi düşünülməmiş bir addımdır. Belə bir qərar, İraqın ərazi bütövlüyünün qorunub saxlanılmasına zərbə vura bilər. Biz bütün iraqlıların vahid bir ölkədə bir-birinin yanında və sülh içində yaşamasının tərəfdarıyıq. Əhəmmiyyət daşıyan əsas məsələ İraqın ərazi bütövlüyünün qorunması, onun vahid bir Anayasaya malik olması və bu ölkədə yaşayan etniklərin demokratik və dinc bir İraqda bir-birinin yanında yaşaya bilməsidir”.
Paylaş: