Xəbər lenti

 
Jalə Müəllimova
 
 
 Qəribə və maraqlı yanaşma var. Bilmirəm, bu bilməyərəkdən səbirsizlikdir, ya bilərəkdən ərköyünlük. Özü də bunu edənlərin əksəriyyəti ölkənin bir neçə sahədə çalışan brendləşmiş adlarıdır
 
ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya öz təşəbbüsləri ilə səfər edib tərs sillə “yeməsindən” bir qədər əvvəl,  diversiya qrupu işğaldan azad olunmuş ərazilərə daha dəqiqi Hadruta hücum edib. Üstəgəl sülhməramlıların hərəkət istiqamətində, istisna edilmir ki, bilərəkdən, qəza vəziyyəti yaradıblar. Rusiya sülhməramlıları arasından da canlı itkilər olub.
 
Nə qədər sülh müqaviləsi imzalamış olsaq da, nə qədər sülh istəyirik, barış istəyirik desək də, yenə erməni erməniliyini edir, yəni “vurun bizi öldürün” deyir. Qısacası, bu dəfə Azərbaycan yenə şəhid verib - atəşkəs şəhidləri. Amma düşmən də cavabsız qalmayıb, yenə erməni əsirlər götürüb Azərbaycan ordusunun əsgərləri, yenə düşmənin diversiya qrupunun qaçmağa cəhd edənlərini məhv edib. Artıq şəkili yayımlanan erməni əsirin gözündə siz təslimçilik gördünüzmü, mən görmədim?!. Nifrət var, hikkə var, amma əsla və əsla təslimçilik, davanı bitirmək həvəsi yoxdur
 
Azərbaycan tərəfinin də diversiya qrupunun həmləsindən sonra itkisi mövcuddur və bu düşmənə ikiqat baha başa gəlib. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumları tərəfindən rəsmi məlumat hadisə ətrafında nisbi sakitlik yaranandan və vəziyyət araşdırılandan sonra dekabrın 13-də iki rəsmi dövlət qurumu geniş məlimat verib. Üstəlik, Azərbaycanın xarici siyasət idarəsi Ermənistana təxribatları dayandırmaq üçün rəsmi xəbərdarlıq edib. Azərbaycan tərəfi real vəziyyətdən çıxış edərək bölgədə anti-terror əməliyyatı reallaşdırıb. Əməliyyatların davam edəcəyi istisna olunmur.
 
Bu xırda iş, xırda proses deyil. Azərbaycanın tarixini iki yüz ilə yaxın tərsinə yazan dövlətlərə qarşı bəlli bir əraziyə sıxışdırılan Azərbaycan dövləti var olmaq mücadiləsinə, haqlı ərazi bütövlüyü bərpası əməliyyatına başlayıb. Bu gün təkcə Cənubi Qafqazın, onlarla beynəlxalq, regional və yerli əhəmiyyətli  layihələrin taleyinin həlli məqamı deyil. Bu həm də neçə yerə parçalanmış, illərdir sərvətini başqaları talan edən bir xalqın gələcək müqəddəratının həlli məqamıdır. Burada hamı susub gözünü dövlətin ağzına zilləməli, əmri də dövlətdən, daha dəqiqi, siyasi liderdən gözləməlidir. Bu elə bir proses ki, özfəaliyyətə, icazəsiz araşdırmalara, lazımsız analizlərə lüzum yoxdur. Dövlət və onun dostunun yanında, düşmənlərin qarşısında olmaqda fayda var. Haqq savaşımız hələ bitməyib.
 
Azərbaycan dövlətinin bu gün üçün bir əsas düşməni var; o da Ermənistanın siyasi rəhbərliyidir - erməni xalqını da öz dövlətinin məkirli siyasətinə qurban edən erməni siyasi rəhbəriliyi.
 
Artıq bu istiqamətdə də yəhudi əsilli rusiyalı bloqerlər çox maraqlı bir piar işi başladıb. Ermənilərə onlayn treninqlər keçilir. Dağlıq Qarabağ tarixən kimindir və siz ermənilərin var olması hansı halda mümkündür? Onlayn treninqi son dərəcə maraqla dinləyən ermənilər, başları ilə razılıq ifadə edirlər. Yəhudi bloqer ermənilərə izah edir ki, Azərbaycana qarşı hücumlarınızı dayandırmırsınız, amma Bakıda erməni icması belə yaratmaq mümkündür. Sizin  Azərbaycanda qırx min həmvətənliniz yaşayır, sizn cinayətlərinizə rəğmən bir Azərbaycan ermənisinin burnu da qanamayıb, siz bunları görmürsünüzmü?
 
Yəni bütün bunları izləmək, ölkədə hansı prosesin getdiyinə diqqət eləmək, dünyanı nəyə vadar etdiyimizin fərqində olmaq lazımdır. Hə, bu onlayn treninq məsələsin bir qulp qoyacaqlara indidən onu da deyim, bu o demək deyil ki, Azərbaycan ermənilərlə gələcəkdə bir məhləni, kəndi, şəhəri bölüşək. Bu dünyaya anlatmaqdır ki, ermənilərlə mümkün deyil. Dünya qəbul etməlidir ki, çox etibarsız bir millət üzərindən Cənubi Qafqazda iş aparıb. Nə qədər gec deyil dünya öz mövqeyindən çəkinsin.
 
Daha vacib bir məqam. Ermənilərin dünyaya iradına diqqət etmək gərək. Erməni deyir ki, ey dünya, sən susdun, türkün “Boz qurdu” gəlib bizi parçaladı cəmi 44 günə…
 
Yəni 44 günə məhv olduğunu etiraf edən ermənilər, bundan sonrakı aqibətlərini bilirlər, amma biz diqqət etmək istəmirik ki, haradan haraya gəlmişik və hədəfimiz nədir. Bunu ya bilərəkdən edirlər, ya da ərköyünlükdən. Hər iki halda ziyanlı məsələdir. Təbii ki, ermənilər üçün yox, Azərbaycan üçün.
 
Erməni özünün türklərə qarşı etdiyi bir rəzilliyi, qəddarlığı pisləmir, irad tutumur. İki tələbi var: Qarabağda təkrar savaşa başlasın və itkin əsgərlərin hamısı tapılsın, vəssalam. Azərbaycan ictimai rəyindəki dağınıqlıq, hikkə, mənəmlik, çox parakəndə mənzərə yaradır ki, bu da gələcəkdə mütləq ölkəyə təzyiq elementi kimi düşmən tərəfindən mütləq dəyərləndiriləcək.
 
Qaldı məsələyə beş gün sonra aydınlıq gətirilməsinə. Bircə şeyi anlamaq lazımdır. Bu gün Azərbaycan dövlətinin, siyahi rəhbərliyinin, hətta hadisələrlə bağlı Türkiyənin dediyi hər bir söz, hər element ən xırda detalına qədər düşünülür. Və əgər hadisələr barədə beş gün sonra ictimai rəyə o cümlədə KİV-ə açıqlama verilirsə, demək ki, o xəbərin zamanı və siyasi-diplomatik əhəmiyyəti üçün məhz bu məqam münasib idi,  vəssalam! Bizə düşən sadəcə o ki, gözünüz, gözümüz dövlətin “ağzında” olsun, ona görə davranaq, ona görə analiz edək, ona görə başa salaq, nə də olsa seçilmişlərik…
 
 
13.12.2020


Ana səhifəyə qayıt        Baxış: 4 386          Tarix: 15-12-2020, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma