Xəbər lenti

“Həmin tədbirdən sonra ermənilər Çardaxlıdan Qarabağa yürüş edib orada mitinqlərə başlayacaq, Dağlıq Qarabağın  Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi ilə əlaqədar iddialarını irəli sürəcəkdilər...”

“Əvvəllər mənə həmişə yaxşı münasibət göstərənlərin heç biri mənim lehimə və müdafiəmə bir kəlmə də olsun söz demədilər. Yalnız ədliyyə naziri Əlisaab Orucov milli təəssübkeşliklə oradakıların hamısına dərs verdi...”
 Bildiyiniz kimi, bu il oktyabrın 30-da Xankəndində şəksiz olaraq Rusiya “FSB”-nin təşkilatçılığıyla separatçı və revanşist haykların Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş mitinqi keçirilib. Erməni mənbələrinin iddia etdiyinə görə, kütləvi etiraz aksiyasında 50 minə yaxın hayk  iştirak edib. 
 Araşdırmamızdan bəlli olur ki,  ifrat millətçi ermənilərin Azərbaycan ərazisində separatçı, düşmən niyyətli ilk mitinq cəhdi hələ 1987-ci ildə baş verib…
 1988-1992-ci illərdə ölkə rəhbərlərinin tapşırıqlarına əsasən Qarabağ ərazisində ərazilərimizin işğaldan müdafiəsi naminə aktiv fəaliyyət göstərmiş sabiq Ədliyyə naziri və Prezidentin Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsi(aprel-iyun 1992-ci il) Əlisaab Orucovla “Mübarizəmiz Qarabağdadır” adlı kitabındakı faktlar əsasında Moderator.az üçün bu dəfəki söhbətində hələ 1987-ci ildə millətçi, ekstremist, separatçı xislətli ermənilərin Azərbaycan ərazisində 50 minlik mitinq təşkil etməsi cəhdi və hələ Kremlin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda bu cəhdin milli qeyrətli məmurlarımızdan biri tərəfindən alınmasından bəhs etdi. Təəssüf ki, bundan sonra ermənilərin təhriki və Moskvanın göstərişi ilə Bakıdakı rəhbərlik tərəfindən həmin məmur mükafatlandırılmaq əvəzinə cəzalandırılıb. Respublika rəhbərliyinin hadisələrə məhz bu cür yanaşması düşmənlərimizin sonrakı fəallığına və separatçı, işğalçı niyyətlərini həyata keçirmələrinə rəvac verib… 
Nə yazıqlar ki, bu gün də Azərbaycanda Moskvaya canla-başla quyruq bulayan,  yalnız vəzifə, kürsü, karyera maraqlarını düşünüb şəxsi mənafeyini haqqdan, ümummilli mənafedən üstün tutanlar xeylidir. Şərti olaraq “5-ci kalon” adlanan bu zümrə bilavasitə müstəqil(!) dövlətimizin, xalqımızın maraqlarına xidmət  edən addımları əngəlləməyə, belə addımları atan məmur və ya müstəqil şəxslərin ləkələnməsinə, cəzalandırılmasına çalışırlar…
 
Beləliklə,  Əlisaab Orucovun  “Mübarizəmiz Qarabağdadır” kitabınının “Qarabağ məsələsinin ədalətli həllində tərəfdarımız yoxdur” başlıqlı bölməsi və müəllifin orada bəhs edilən mövzuya indiki əlavə şərhləri ilə tanış edirik:
 
“Azərbaycan Respublikasının  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində(DQMV) 1988-ci ilin fevralında hadisələr başlayanda, artıq üç il idi ki, Respublikanın Ədliyyə naziri vəzifəsində çalışırdım. Yaxşı yadımdadır, 1987-ci ilin 30 dekabrı idi. Dzerjinski adına klubda(indiki Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzi) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin(Azərbaycan KP MK) 1-ci katibi Kamran Bağırovun keçirdiyi büroda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul işçisi Afanasyev və digərləri də iştirak edirdi.
İclasda Şamxor(indiki Şəmkir) rayon partiya komitəsininn 1-ci katibi Əjdər Əsədovun məsələsi müzakirə olunurdu. Müzakirəyə səbəb Şamxor rayon PK-nın qərarıyla Çardaxlı kəndinin sovxoz direktoru Yeginyanın partiya sıralaraından xaric edilməsi və haqqında olan materialların rayon prokurorluğuna göndərilməsi idi. Büro iclasında respublika hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edirdilər. İclasdakılardan Ə.Əsədova qarşı çıxış edib erməni millətçisi Yeginyana haqq qazandıranlar da oldu...
 
Məsələyə münasibət bildirib Ə.Əsədovun qanuni hərəkətlərini müdafiə etdim. Yeginyanın etmiş olduğu vəzifə saxtakarlığı yolu ilə külli miqdarda dövlət əmlakını israf etməsi və sair cinayətlərinə görə haqqında istintaq aparılıb məhkəməyə verilməli və uzun müddətə azadlıqdan məhrum edilməli olduğunu izah etdim...
 
Bu məsələdə Ə.Əsədov prinsipiallıq  və sayıqlıq göstərdiyinə görə ona təşəkkür elan edilməsini və vəzifəsində saxlanılmasını təklif etdim. Lakin, təəssüf ki, Ə.Əsədovla bağlı mənim mövqeyimi müdafiə edən olmadı...
 
Həmin hadisədən təxminən iki ay əvvəl 1987-ci il oktyabrın 7-də erməni akademik Abel Aqanbekyanın Fransanın “Fiqaro” qəzetindəki çıxışında DQMV-nin Ermənistan SSR ərazisi olmasını iddia etmişdi...
 
Şamxor rayonunun Çardaxlı kəndində o vaxt baş vermiş hadisələri təəssüf hissi ilə xatırlayan Əjdər Əsədov o günlərə yenidən qayıdaraq xatırlayır:
“1980-ci illərin sonlarında Şəmkirin Çardaxlı kəndindən başlayan ilk erməni-azərbaycanlı qarşıdurmaları  Dağlıq Qarabağ ətrafında ermənilərin həyata keçirmək istədikləri bəd niyyətlərindən xəbər verirdi...
 
O vaxt ermənilərə 1987-ci il aprelin 24-də dünya ermənilərinin uydurma “genosid” gününü Çardaxlıda keçirməyə imkan vermədim. Həmin gün Çardaxlıya dünyanın hər yerindən 50 mindən artıq erməni toplanmalı idi. O ərəfədə Çardaxlıya güclü erməni axını başlamışdı. 
 
1987-ci il dekabrın 1-də marşal Baqramyanın anadan olmasının 90 illik yubileyinin də Çardaxlıda keçirilməsinin qarşısını aldım. Çünki həmin tədbirdən sonra ermənilər Çardaxlıdan Qarabağa yürüş edib orada mitinqlərə başlayacaq, Dağlıq Qarabağın  Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi ilə əlaqədar iddialarını irəli sürəcəkdilər...
 
Həmin tədbirlərin həyata keçirilməsinə rəhbərlik edən Çardaxlının sovxoz direktoru Yeqinyanın fəaliyyətini yoxlatdırdım. Onun saxtakarlıq yoluyla külli miqdarda dövlət əmlakını israf etməsi və digər cinayətləri aşkar edildi. Yeginyanı partiya sıralaraından xaric etməklə haqqında olan materilları Şamxor rayon prokurorluğuna göndərdim.
 
1987-ci il dekabrın 23-də “Selskaya jizn” qəzetində ermənilər haqqında tədbir gördüyümə görə mənim əleyhimə məqalə dərc olundu...
 
1987-ci ilin 26 dekabrında Şamxor rayon Partiya Komitəsinin plenumunda ermənilərə və Yeginyana qarşı gördüyüm tədbirlərə görə vəzifəmdən azad edildim... 
 
Nəhayət, 1987-ci ilin 30 dekabrında Azərbaycan KP MK-nın büro iclası oldu. Büronun gündəliyinə bir məsələ çıxarılmışdı: “Şamxor rayonunun Çardaxlı kəndində yaşayan ermənilərə və ələlxüsus, sovxoz direktoru Yeginyana qarşı tədbir görmüş Əsədovun məsələsi”.
 
Büro  iclası başlanan kimi K.Bağırov arayışı oxuyub büro üzvlərinə məsələ ilə bağlı çıxış etmələrini təklif etdi. Orada büro üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, respublikadakı hərbi qurumların ruslardan ibarət olan generalları, MK-nın şöbə müdirləri və məsul işçiləri iştirak edirdilər. K.Bağırovun təkid etməsinə baxmayaraq bizimkilərdən çıxış edən olmadı. Yalnız respublikanın ədliyyə naziri Ə.Orucov çıxış edib dedi: “Mən uzun illər hakim işləmişəm. K.Bağırovun oxuduğu arayışa diqqətlə qulaq asdım və orada qeyd olunan faktlara görə Yeginyana 15 il azadlıqdan məhrumetmə cəzası düşür”.
 
Büro üzvləri Ə.Orucovun çıxışından sonra çaşıb qalmışdılar. K.Bağırov söz tapa bilmirdi. Elə bu zaman vaxtilə marşal Baqramyanın yavəri olmuş general üzünü Ə.Orucova tutaraq yerindən: “Zaçem sajat, zaçem sajat”(nə üçün həbs etmək, nə üçün həbs etmək) – dedi. Əlisaab müəllim ona: “Tələsməyin,Yeginyanın işinə məhkəmədə baxılanda, vəkillik edərsiniz”,- deyib  tutarlı cavab verdi.
 
Əvvəllər mənə həmişə yaxşı münasibət göstərənlərin heç biri mənim lehimə və müdafiəmə bir kəlmə də olsun söz demədilər. Yalnız ədliyyə naziri Ə.Orucov milli təəssübkeşliklə oradakıların hamısına dərs verdi”.
 
 
Moderator.az-a açıqlamasında Prezidentin Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsi Əlisaab Orucov bir daha o vaxtkı respublika rəhbərliyinin Əjdər Əsədov kimi milli qeyrətli, vətənpərvər məmurlara bu cür yanlış, əslində anti-milli münasibətindən, eləcə də rəhbərlikdə digər rəhbər məmurların onun düşmənlərimizə qarşı haqlı və ədalətli mövqeyini dəstəkləməməsindən təəssüfləndiyini bildirib:
“Təəssüf ki, Əjdər Əsədov kimi bir vətənpərvər məmur rəhbərlik tərəfindən cəzalandırıldı, partiyadan azad edildi və bundan sonra heç bir vəzifə verilmədi. Tutduğu vəzifədən istifadə edərək törətdiyi iqtisadi cinayətlərdən əlavə, separatçı, ekstremist hərəkatın təşkilinə cəhd etmiş erməni Yeganyan isə yalnız vəzifəsindən azad olundu və heç bir hüquqi cəza almadı...   Bilirsiz ki,  bundan bir neçə ay keçməmiş – 1988-ci ilin fevralında Moskva və İrəvanın təhriki ilə Xankəndində separatçı ermənilərin kütləvi aksiyaları baş qaldırdı. Ermənistandan – Qərbi Azərbaycandan yüz minlərlə soydaşımız qovuldu... Sumqayıtda sovet “KQB”-sinin Eduard Qriqoryan başda olmaqla bir qrup erməni vasitəsilə təşkil etdiyi iğtişaşlar baş verdi... Ancaq baş verənlərdən belə nəticəyə gəlmək olur ki, əgər o dövrdə Şəmkirdəki separatçı hadisələrin qarşısını almış Ə.Əsədov kimi məmurlar cəzalandırılmaq əvəzinə, mükafatlandırılsaydı və digər məntəqələrdə, o cümlədən  Xankəndində, Hadrutda hayların aksiya cəhdlərinin qarşısı alınsaydı, sonrakı daha ciddi olaylar baş verməz və Qarabağ münaqişəsi alovlanmazdı... Təəssüf ki, Ə.Əsədovun cəzalandırılması və rəhbərliyinin, məmur həmkarlarının bəndəniz kimi ona dəstək verməməsi düşmənlərimizin sonrakı fəallığına stimul verdi...”
"Moderator.az"
 


Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edi



Ana səhifəyə qayıt        Baxış: 4 860          Tarix: 3-11-2022, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma