Xəbər lenti


 

Bakixanov qəsəbəsi, Akif Mustafayev küçəsi 29, mənzil 2 ünvanında yerləşən ev qəzalı vəziyyətdədir. 

 

Ev sakini Qüdrət Hüseynovun çəkib Ovqat.com-a göndərdiyi şəkil və videolardan da aydın görünür ki, evin divarlarında ciddi çatlar əmələ gəlib. Hətta çatlar elə böyükdür ki, divarların, qapı və pəncərə yerlərinin ölçüləri deformasiyaya uğradıb. Hazırda evin çöl qapısı bağlanmır. İstənilən oğru heç bir zəhmətə qatlanmadan evə oğurluğa girə bilər.

 

Şikayətçinin iddiasına görə, gözlərinin önündə evləri hər gün daha ağır vəziyyətə düşür. Faktiki olaraq onun içərisində yaşamaq əcəllə çiling-ağac oynamağa bənzəyir.

 

Ev sahibinin şikayətlərinə FHN-dən də adekvat cavab vermirlər. Ya onun telefonunu götürmürlər, ya da gün boyu Nazirliyə düşmək olmur. Dəfələrlə üz-üzə şikayətlərindən sonra ona bildiriblər ki, mənzilin qəzalı vəziyyətdə olduğu barədə rəy vermək üçün ev sahibi FHN-nə 500 manat rüsum ödəməlidir. Büdcə hesabına maliyyələşən bir idarənin vətəndaşdan niyə bu qədər “rüsum” istəməsini anlaya bilməyən şikayətçi Azərbaycanda işçilərin maaşı ilə “yoxlama pulu” arasında fərqi müqayisə edərək bildirib: “Təsəvvür edin, bu ölkədə minimum əmək haqqı 345 manatdır. FHN-dən məndən tələb olunan “rəyvermə rüsumu” minimum əmək haqqından belə çoxdur. Üstəlik, mən hazırda heç harda işləmirəm. Mənim kimi işsizlərin sayı da az deyil. Belə çıxır ki, FHN aztəminatlı ailələr üçün çalışmır, varlı-karlı adamlara xidmət göstərir. Halbuki varlı-karlı adamların yeri gələndə, evlərini bərpa etmək üçün dövlətdən hər hansı yardım almağa ehtiyacları yoxdur. Aztəminatlı ailələr isə “yoxlama rüsumu”nu tapa bilmədiklərindən hər an uça biləcək evlərində ölümlə burun-buruna yaşamağa məhkum edilirlər”.

 

Maraqlıdır ki, ev sığortalanıb da. Şikayətçinin iddiasına görə, istənilən qəzalı evə sığorta şirkətləri 25 min manat vəsait verməlidir. Amma sığorta şirkətindən gələn ekspert vətəndaşa dəyən ziyanı 1960 manat olaraq dəyərləndirib. Ev sahibi bununla razılaşmayıb və sığorta şirkətindən müstəqil ekspert göndərilməsini tələb edib. İnsafən, vətəndaşın bu tələbi qəbul olunub və müstəqil ekspert gələrək evə baxış keçirib. Onun verəcəyi rəy bu gün bəlli olacaq.

 

Şikayətçi “müstəqil ekspert”dən ədalətli rəy ala biləcəyinə inanmır. Təcrübəli dostlarından öyrənib ki, sığorta şirkətləri qəzalı vəziyyətə düşən evlər üçün uzağı 3000-3500 manat ödəyirlər. Bu isə evin bərpasına çəkiləcək xərcin heç 25%-i də eləmir.

 

Onun dediyinə görə, bəzi tikinti şirkətlərin nümayəndələri ilə görüşüb. Təmir-bərpa işi ilə məşğul olan bu şirkətlər evə baxış keçirdikdən sonra bildiriblər ki, qəzalı vəziyyətdə olan evin bərpasına ən azı 15 min manat lazımdır. 

 

Vətəndaş evinin yenidən bərpası üçün tələb olunan bu vəsaitin böyük qismini hardan tapacağını bilmir. Belə görünür ki, ev sahibi və ailəsi bir başlarına uçacaq damın altında son günlərini gözləməlidirlər.


Qəzalı evin videosu





Ana səhifəyə qayıt        Baxış: 3 472          Tarix: 18-09-2023, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma