“Mən Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanovu tanımıram və onunla heç bir söhbət aparmamışam”.
Ovqat.com xəbər verir ki, bunu sabiq Müdafiə naziri Rəhim Qazıyev əməkdaşımızla söhbətində bildirib.
Sabiq nazirin bildirdiyinə görə, onun ordu rəhbəri olduğu dövrdə nəinki Gəncədən Bakıya silah göndərilməyib. Əksinə, özü şəxsən Naxçıvandan Bakıya silah daşıyıb:
“Səhv etmirəmsə, 1992-ci ilin yanvar ayının ilk günlərində Etibar Məmmədov o zaman çox çətinliklə Türkiyədən Naxçıvana 4932 ədəd AKM avtomatları gətirmişdi. Həmin avtomatlar Şərqi Avropa ölkələrindən yığılmışdı. Bir çoxları da xeyli köhnə idi. Etibar Məmmədov silahları Naxçıvana gətirib çıxartdıqdan sonra mənə zəng etdi. Silahları Naxçıvandan Bakıya gətirə bilmədiyini dedi. Mən həmin vaxt nazir də deyildim. Bir deputat kimi AZAL-a müraciət edib AN-26 təyyarəsi sifariş etdim. Naxçıvana gəlib Heydər Əliyevlə danışdım. 932 avtomatı Naxçıvanda saxladıq, qalan 4000 silahı təyyarə ilə Yevlaxa daşıdıq. AN-26-lar 5 ton yük tutduğundan biz həmin silahları 2 dəfəyə daşıdıq. O zaman bizdə silah harda idi ki, Urfullah Qurbanova da verək?”
İddiaların əksinə, həmin dövrlərdə Heydər Əliyevlə münasibətlərinin çox yaxşı olduğunu bildirən Rəhim Qazıyevin dediyinə görə, nazir olduqdan sonra Naxçıvandakı briqadanı da özü qurub: “Hətta həmin vaxt Naxçıvan şəhərindəki hərbi şəhərcik yerli könüllü dəstələrə paylanmışdı. Mən isə Naxçıvana hərbçilər aparmışdım. Onların evlə təmin olunması lazım idi. Heydər Əliyevdən xahiş etdim ki, həmin şəhərciyin boşaldılmasına göstəriş versin. Çünki bu şəhərcik Naxçıvanda xidmət edən hərbçilər üçün nəzərdə tutulmuşdu. Heydər Əliyevlə mənimlə razılaşdı və şəhərciyi mənim ixtiyarıma verdi. Mən də yalnız Heydər Əliyevin mühafizəçisi Əmiri (Hüseynov) saxlamaqla, şəhərciyi tamamilə boşaltdırdım. Mənzillər daha sonra Briqadanın zabitlərinə paylandı”.
Urfullah Qurbanovun bir çox iddialarıyla razılaşmayan Rəhim Qazıyev onu debata çağırdı.
Xatırladaq ki, Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanov saytımızda dərc olunan xatirələrində Rəhim Qazıyevlə görüşdüyünü və ondan Naxçıvanın müdafiəsi üçün silah istədiyini bildirmişdi. Rəhim Qazıyev isə ona, iddiaya görə, bu cür cavab vermişdi: “Naxçıvanı, getsin, Heydər Əliyev qorusun!”
Paylaş: