İraqda İŞİD-in son qalası hesab olunan əl-Ənbar şəhəri uğrunda döyüşlər davam edir.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, son 72 saat ərzində keçirilən əməliyyatlarda, ən azı, 75 İŞİD üzvünün öldürüldüyü bildirilir.
İraq ordusunun Ortaq Əməliyyatlar komandiri Yəhya Rasulun mətbuata verdiyi açıqlamaya görə, mahala bağlı kəndlərin və ətraf bölgələrdəki strateji məntəqələrin yer aldığı geniş ərazi artıq tam nəzarət altına alınıb:
“İraq döyüş təyyarələrinin Qaim və Rava qəsəbələrindəki İŞİD mövqelərinə hava hücumu təşkil edilib, hücumlarda onlarla yaraqlı öldürülüb, bir silah anbarı istifadə edilə bilməz hala gətirilib.”
Qeyd edək ki, İraq Baş naziri Heydər əl-İbadi ötən cümə axşamı günü, əl-Ənbar əməliyyatının başladığını bildirmişdi.
Əl-Ənbar İraqın ən böyük vilayətidir. Bu vilayət münbit torpaq sahələriylə tanınır. Tarix boyu İraqın əsas ərzaq deposu kimi mühüm strateji əhəmiyyətə sahib olan vilayət həm də ölkə ilə Suriya arasında iki keçid qapısından biridir. Digər qapı olan Sincar bir müddət əvvəl Şimali İraqda başlayan hərbi əməliyyatlar zamanı mərkəzi hakimiyyətin tam nəzarətinə keçmişdi. Əl-Ənbarın alınmasından sonra İraqdan Suriyanın mərkəzinə doğru ən qısa və təhlükəsiz yol da İŞİD işğalından təmizlənə biləcək, beləcə İrandan Livana qədər uzanan “Şiə hilalı”nın şimal yarımqövsü tamamlanacaq.
Ovqat.com
Paylaş: