““Yaxşı bir deyim var: “Üzrü qəbahətindən böyük”.
Aslan İsmayılovun dəyərli elm xadimi, akademik Cəmil Əliyevin haqqında paylaşdığı son statusunu oxuyanda bu deyim yadıma düşdü. Ona görə ki, vəkilin Milli Onkoloji Mərkəz barədə ardıcıl olaraq paylaşdığı status və video-müraciətlərə qurum rəhbərinin məcbur qalıb cavab verməsini Aslan İsmayılov az qala represiya aktı və kimlərincə onun həbsi üçün təşkil etdiyi “qara piar” kimi qiymətləndirir. Üstəlik, özünün guya akademikdən “çəkindiyini” etiraf edərək, sanki qəsdən Azərbaycan siyasi iradəsi barədə xoşagəlməz imic formalaşdırmağa çalışır”.
Ovqat.com xəbər verir ki, bu sətirlər “Xəmsə” restoranlarının sahibi, tanınmış iş adamı Mürvət Həsənlinin bu gün öz facebook səhifəsində paylaşdığı statusundandır.
Statusda tanınmış vəkilin akademik Cəmil Əliyev barədə fikirlərindən sitat gətirən iş adamı bu fikirlərin absurd olduğunu iddia edir:
““Bilirsiniz ki, Milli Onkologiya Mərkəzilə (MOM) bağlı çoxsaylı yazılarımda, video müraciətlərimdə bir dəfə də olsun akademik Cəmil Əliyevin adını çəkməmişəm. Birinci növbədə ona görə ki, MOM-da baş verən biabırçılıqların hamısından onun məlumatlı olduğunu dəqiq bilməmişəm. İkincisi, akademik Cəmil Əliyevin kim olduğunu bildiyimdən ehtiyatlı davranmışam”-deyən hüquqşunas qorxusunun səbəbinə isə belə aydınlıq gətirir:
“Əminəm ki, bütün varlıqları ilə həbsimi arzulayanlar bu yazını Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin stolunun üstünə qoyub bunları deyəcəklər: "Cənab Prezident, Aslan İsmayılov ünvanımıza şər-böhtan yağdırmaqla kifayətlənməyib artıq Sizin qohumunuz, hörmətli akademik Cəmil Əliyevə də şər-böhtan atır. Bu, artıq bütün hədləri aşıb, icazə verin onun həbsini reallaşdıraq””.
İş adamının fikrincə, Sətiraltı ifadələrlə Azərbaycanda hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin cənab Prezident tərəfindən mənimsəniləməsini iddia etməkdən başqa bir şey olmayan bu fikirlər həm də ölkəmizin hakim bir ailənin maraqlarına görə idarə edilməsinin bəyanıdır: “Halbuki, israrla üzərinə getməsinə baxmayaraq, hörmətli akademikin hüquqşünasa mətbuat vasitəsilə və əyani faktlar əsasında cavab verməsi bu iddiaları büs-bütün inkar edir. Əgər Azərbaycanda həqiqətən də Aslan İsmayılovun təsvir etdiyi elə bir rejim olsaydı, hörmətli akademik mətbuata açıqlama verməz, özü barədə hədyanlar söyləyən “facebook qəhrəmanını” həbsə atdırardı. Akademik isə MOM barədə yaradılan mənfi imici həmin mərkəzin qapılarını mətbuat nümayəndəsinə açaraq, darmadağın etmək yolunu tutdu və öz müdrikliyini göstərdi”.
Aslan İsmayılovun öz əleyhdarlarının akademik Cəmil Əliyevin fikrindən sui-istifadə edərək, onu ölkə başçısının gözündən salmağa cəhd göstərəcəyi, xüsusilə jurnalist Eynulla Fətullayevin bundan intriqa məqsədilə faydalanması fikriylə də razılaşmayan Mürvət Həsənli, sözügedən iddiaları absurd və dəyərli elm xadiminə qarşı hörmətsizlik kimi qiymətləndirir: “Ən azı ona görə ki, Cəmil Əliyev öz adının kimlərinsə bəd niyyətli əməllərində istifadəyə imkan verməyəcək müdriklikdədir. Üstəlik, haqqında bəhs edilən yazının təqdimatdan da aydın görünür ki, müsahibə vermək təşəbbüsü akademikin özü tərəfindən gəlib, Eynulla Fətullayev tərəfindən yox. Görünür, akademik idarə etdiyi tibb mərkəzi barədə hədyanların ölçüyəsığmazlığından bezib bu addımı atıb. Bu qədər aydın olan həqiqətin başqa istiqamətlərə çəkilməsi Aslan İsmayılovun özünün bəd niyyətindən xəbər verir”.
Hüquqşünasın özünü təmizə çıxarmaq üçün MOM haqqında paylaşdığı status və video-müraciətlərində akademik Cəmil Əliyevin adını çəkmədiyini deməsini də səmimiyyətdən uzaq kimi qiymətləndirən iş adamı video-müraciətlərdə bunun əksinin görüldüyünü bildirib:
“...Video-müraciətlərin müxtəlif hissələrində “MOM-un kimlərə məxsusluğunun aydın olduğu” fikrini dəfələrlə irəli sürməsi onun daşı hansı bostana atdığını tam çılpaqlığı ilə ortaya qoyur. Vəkilin “MOM-da baş verən biabırçılıqların hamısından hörmətli akademikin məlumatlı olduğunu dəqiq bilmədiyini” etirafı da bu baxımdan səmimi təsir bağışlamır və onun idarəçilik qabiliyyətini şübhə altına almağa hesablanıb”.
Statusda daha sonra qeyd olunur:
“Bütün ziddiyyətli fikirləri ortada olduğu halda, Aslan İsmayılovun bu hədyançılıq ədəbiyyatından geri çəkilməyəcəyini bəyan etməsi isə Azərbaycan siyasi iradəsinə qarşı verilmiş ultimatuma bənzəyir. Kor tutduğunu buraxmadığı kimi, Aslan İsmayılovun sosial şəbəkələrdə başqalarına atdığı çirkablardan, şər-şamata və qarayaxmalardan əl çəkməməsi bəzi suallar doğurur. Görünən budur ki, hüquqşünas Azərbaycanda şərəf və ləyaqətini tapdalamadığı ünvan, böhtan atmadığı ictimai xadim və iş adamı buraxmaq istəmir. Məqsədi nədir, görəsən? Yoxsa, o, Azərbaycan hakimiyyətinə özünü zorla həbsə atdırıb ömrünün bu ahıl çağında “milli qəhrəmana”mı çevrilmək niyyətindədir?
Aslan İsmayılovun son zamanlar öz müəllimi Sorosun bütün dünya dövlətlərindən qovalandığı zamanda aktivləşməsi də diqqətəşayandır. Görünür, mürşidi bütün müridlərinə, o cümlədən Aslan İsmayılova aktivləşməyi, dövlət iradəsi ilə kəllə-kəlləyə gəlməyi əmr edib. Aslan İsmayılovla eyni anda digər “mürid” yoldaşı Saakaşvilinin Ukraynada “yel dəyirmanı”na qarşı mübarizəyə qalxması, arxasında Sorosun dayandığı güman olunan “Paradise Papers” sənədlərinin ictimaiyyətə açıqlanması da məlum beynəlxalq şəbəkənin qlobal miqyasda son döyüşünü apardığından, daha doğrusu, qiyama qalxdığından xəbər verir”.
Fikrimcə, Azərbaycan təhülkəsizlik orqanları bu ehtimalı gözardı etməməli, xaricdən gələn bütün təhlükələrə qarşı ayıq-sayıq olmalıdır”.
Paylaş: