Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan sabah 3 günlük xarici səfərə çıxır.
Ovqat.com xəbər verir ki, məlumatı prezidentin sözçüsü İbrahim Kalın açıqlayıb.
Bildirildiyinə görə, Ərdoğanın ilk səfəri Rusiyaya olacaq. O, sabah Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə Yaxın Şərq, o cümlədən, Suriya məsələsinin müzakirəsi gözlənilir. Bundan əlavə, prezidentlər ötən illərdə imzaladıqları, lakin təyyarə böhranından sonra həyata keçirə bilmədikləri ticari-iqtisadi əməkdaşlıq müqavilələrini yenidən masaya yatıracaqlar.
Həmin razılaşmalarda iki dövlət arasında illik ticarət dövriyyəsinin 100 milyard dollara çıxarılması planlaşdırılır. Tərəflər bu hədəfə çatarlarsa, həm Rusiyanın, həm də Türkiyənin beynəlxalq təcrid nəticəsində yaşadıqları iqtisadi böhran xeyli zəifləyə bilər.
Digər tərəfdən, iki ölkənin daha da yaxınlaşması Rusiyanın liderlik etdiyi Avrasiya Əməkdaşlıq İttifaqındakı türkdilli və müsəlman respublikalarla Ankaranın iqtisadi-mədəni əlaqələr qurmasını rahatlaşdıracaq.
Türkiyə prezidentinin Soçidən sonra, ertəsi gün Küveytə səfəri gözlənilir. Bu ölkəylə də başlıca müzakirə mövzuları Yaxın Şərq və Küveyt kapitalının Türkiyə iqtisadiyyatına cəlbi məsələləri olacaq.
Ərdoğanın son dayanacağı isə Qətər olacaq. Noyabrın 15-də reallaşacaq bu səfər Türkiyə-Qətər Ali Strateji Komitəninin növbəti – 3-cü toplantısı çərçivəsində həyata keçiriləcək. Toplantıdan sonra Ərdoğanın Qətər əmiriylə gözlənilən görüşündə iki dövlət arasındakı iqtisadi münasibətlərlə yanaşı, Yaxın Şərq məsələsinin də masaya yatırılacağı bildirilir.
Mütəxəssislərə görə, Ərdoğanın Qətərdən əvvəl Küveytə getməsinin başlıca səbəblərindən biri də körfəz böhranıyla əlaqədardır. Körfəz ölkələriylə son zamanlar münasibətləri kəskinləşən Qətərin əsas müdafiəçisi qismində Türkiyə, tərəflər arasında vasitəçi qismində isə Küveyt çıxış edir. Son zamanlar İsrail və ABŞ-ın diktəsiylə “İranın Yaxın Şərqdəki qollarını kəsmək” eşqinə düşən rəsmi Riyadın hədəfində 3 regional güc var: Yəmən, Livan və Qətər. Sözsüz Riyad bu 3 qüvvəyə qarşı birdən döyüşə bilməz. Livan Hizbullahını özünə bağlı daxili qüvvələrin və İsrailin köməkliyi ilə zərərsizləşdirmək istəyən Riyad Yəməndəki zəif husilərlə təkbaşına müharibə aparmaq əzmindədir. Qətərlə hesablaşmaq isə BƏƏ-nə həvalə edilib.
Qətərlə hesablaşmanın məğzində İranla bütün münasibətləri kəsmək və Səudiyyə himayəsinə sığınmaq olduğunu nəzərə alsaq, Küveytin vasitəçiliyi ilə bu məsələnin Türkiyə ilə razılaşdırılmağa çalışılması təsadüfi görünmür.
Ərdoğanın bu istək qarşısındakı tövrünü isə, təbii ki, dünyanın yeni qütbünə iddialı olan Rusiya prezidenti V. Putinlə danışıqlarının mahiyyəti müəyyənləşdirəcək.
Türkiyə Baş nazirinin bu 3-günlük səfərdən əvvəl ABŞ-a getməsi, ölkənin vitse-prezident Mayk Penslə görüşməsi və görüşün gözləniləndən daha yaxşı keçməsi də təsadüfə bənzəmir. Belə fikir yaranır ki, Səudiyyə Ərəbistanını dəstəkləyən Vaşinqton da köhnə müttəfiqini indiki məqamda öz yanında görmək istəyir.
Bu mənada R. T. Ərdoğanın sabah başlayacaq 3-günlük səfəri Yaxın Şərqin geopolitik mənzərəsinə aydınlıq gətirə bilər.
Paylaş: