Xəbər lenti

  

Əgər Şimali Koreya prezidenti Kim Jonqla  görüşməyimiz mümkün olsaydı, uyğun şərtlər altında bu addımı qətiyyətlə atar və bundan qürur duyardım”.

Ovqat.com xəbər verir ki, bu gözlənilməz fikirləri ABŞ prezidenti Donald Tramp “Bloomberg” tele-kanalına verdiyi müsahibədə səsləndirib.

Bu zamana qədər Şimali Koreyaya qarşı müharibə ritorikası ilə danışan Trampın birdən-birə “yumşalması” bir çoxlarına qəribə görünə bilər. Nədən ki, ABŞ Senatının 100 üzvünü eyni anda Ağ Evə toplayıb brifinq verən Trampın rəsmi Pxenyana hədə-qorxu gəlməsinin üzərindən heç bir həftə keçməyib. İndisə o, tamamilə başqa “hava çalır”, dünənki düşməniylə görüşməkdən məmnun olacağını dilə gətirir.

Bir həftə ərzində Ağ ev rəhbərinin 180 dərəcədə dəyişməsi isə təsadüfə oxşamır. Zənnimizcə, istər ABŞ-ın, istərsə də Şimali Koreyanın müharibə ritorikasına üstünlük verməsi blef xarakteri daşıyırdı. Blefi başladan isə Pxenyan idi.

Mütəxəssislərin fikrincə, Şimali Koreyanın indiyədək həyata keçirdiyi nüvə sınaqları da əslində özünə qarşı tətbiq olunan beynəlxalq sanksiyaları yarmaq, dünya dövlətləri ilə münasibətlərini bərpa etmək idi. Bunun üçün də Pxenyan gah nüvə silahlarını, gah da bu başlıqları daşıyan uzunmənzilli raketlərini nümayiş etdirərək, faktiki olaraq ABŞ-ı təhdid edirdi. ABŞ isə öz ənənəvi mövqeyindən geri çəkilmək istəmir, rəqibini müharibə təhlükəsi ilə ram etməyə çalışırdı. Pxenyanın bu təhdidə qarşı bütün hərbi qüvvələriylə cavab verəcəyini ortaya qoyması Vaşinqtonun “uyğun şərtlər altında” danışıqlara razı olmasıyla nəticələndi. Trampın da müsahibəsində açıq şəkildə dilə gətirdiyi bu fikirlər danışıqlara razı olduğunu, amma Kim Jonqun ondan çox şey istəməməsi gərəkdiyinə bir işarədir.

Sözsüz ki, ABŞ-ın ənənəvi siyasətindən geri çəkilməsi Şimali Koreyanın nüvə gücüylə bağlıdır. Atom bombalarına sahib olan bu ölkə nə Əfqanıstan, nə Suriya, nə də İraqdır. Dünyada böyük fəlakətlər törədə biləcək nüvə dövlətləriylə, əlbəttə ki, asta danışmaq tələb olunur.

Zənnimizcə, Kim Jonq da Trampın indi dilə gətirdiyi situasiyaya nail olmaq istədiyindən, ABŞ prezidentinin “dostluq him-cimi”ni lazımınca dəyərləndirəcək və ölkəsinin beynəlxalq təcriddən mümkün qədər çıxarmağa çalışacaq.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 210          Tarix: 2-05-2017, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma