Xəbər lenti

 

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bu dəfəki söhbətimizdə bir çox məsələlərə işıq tutduq. Millət vəkili qanunvericilik aktlarındakı tutarsızlıqlardan, gələn ilin büdcə layihəsinə, investisiya layihələrinə qədər bir çox məsələlərlə bağlı mövqeyini bizimlə bölüşdü. Açığını desəm, qarşımda öz üzərində işləyən, problemləri dərinləməsinə araşdıran, bütün mövzularla bağlı mövqeyi olan millət vəkilini gördüm.

 

Qüdrət bəylə 1 saatlıq söhbətimizdə ən çox diqqəti cəlb edən məsələ isə Naxçıvanla bağlı dedikləri oldu.

 

Millət vəkilinin Ovqat.com-a verdiyi və ciddi səs-küy yaradacağına inandığımız müsahibəsinin III hissəsini oxuculara təqdim edirik:

(Əvvəli bu linklərdə:

http://ovqat.com/manset/13266-qudrt-hsnquliyev-naxcvan-budcsinin-80-i-n-zamana-qdr-mrkzi-hokumt-trfindn-doldurulacaq.html

http://ovqat.com/manset/13424-qudrt-hsnquliyev-qtisadiyyatmzn-real-gucu-16-milyard-manatlq-mnft-vergisi-qdrdir.html )

-İctimaiyyəti narahat edən məsələlərdən biri də deputatların mandatının ləğvi mexanizmiylə bağlıdır. Deyəsən, yeni layihədə ləğvetmə səlahiyyəti MSK-ya verilir. Belə çıxır ki, təyinatlı orqan seçkili orqanın hüquqlarını məhdudlaşdıra biləcək. Bu dəyişikliyi necə şərh edərdiniz?

-Bu məsələ bir neçə dəfə bizim komitədə müzakirə olunub. Mən bir daha sizin sayt vasitəsilə həmin məsələyə münasibət bildirmək istəyirəm. Bilirsiniz ki, Konstitusiyanın  7-ci maddısinə  görə, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil olunur: icra hakimiyyəti, qanunverici hakimiyyət və məhkəmə hakimiyyəti. Həmin maddənin 4-cü hissəsinə görə, hakimiyyət qanadları qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində  müstəqildirlər.  Konstitusiyada hakimlərin hansı hallarda öz vəzifələrindən uzaqlaşdırılacağı konkret ifadələrlə qeyd olunub. 128-ci maddə: “Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikası Milli Məclisi qarşısında irəli sürə bilər”.

Fikir verirsinizsə, Konstitusiyaya görə, hakimin cinayət törədərsə, vəzifədən uzaqlaşdırılması 3 mərhələdən keçməlidir və onlar inzibati pozuntuya, intizam məsuliyyətinə görə vəzifədən kənarlaşdırıla bilməz. Bu prosedur niyə bu qədər çətinləşdirilib? Çünki hakimlər toxunulmazdır və Konstitusiyada bu müddəa “hakimlərin toxunulmazlığı” adı altında təqdim olunur.  Amma hakimlərin Konstitusiya ilə təsbit olunmuş toxunulmazlığı başqa bir hüquqi aktla - Məhkəmələr və Hakimlər haqqında Qanunla pozulur. Bu Qanuna əsasən, Məhkəmə Hüquq Şurası intizam məsuliyyəti qaydasında hakimləri vəzifədən kənarlaşdıra bilər.

Eyni şəkildə Konstitusiyanın 90-cı maddəsində yazılıb ki, Azərbaycan Milli Məclisi deputatının toxunulmazlığı cinayət törətdiyi halda Baş Prokurorun təqdimatıyla Milli Məclis tərəfindən ləğv olunur. Deputatın mandatdan məhrum olunması yalnız bir halda mümkündür– cinayət törətdikdə və yalnız məhkəmənin  hökmü qanuni qüvvəyə mindikdən sonra. Azərbaycan Respublikası Milli Məclisinin deputatı söylədiyi fikirlərə görə isə ümumiyyətlə məsuliyyətə cəlb oluna bilməz. Amma Seçki Qanununa edilən son dəyişikliyə görə, Milli Məclis deputatı etik davranış qaydalarını kobud şəkildə pozduqda da  mandatından məhrum edilə bilər. Mən bu dəyişikliyin müzakirəsi zamanı təklif etdim ki, bir halda ki, Milli Məclisin Daxili Nizamnaməsini  bu şəkildə dəyişdiririk, gəlin, onda heç olmasa etik qaydaları kobud şəkildə pozmağı cinayət əməli kimi qiymətləndirək. Yazaq ki, bu ictimai qaydalara açıqdan-açığa hötmətsizlikdə ifadə olunan hərəkətdir və xuliqanlığın əlamətlərindən biridir. Bundan sonra etik normaları pozan deputata cinayət işi qaldırılsın, məhkəmə onun hərəkətlərinə hüquqi qiymət versin, deputat mandatdan mərhum edilsin. Rəhmətlik Heydər Əliyevin dövründə qəbul olunmuş Konstitusiya da bunu tələb edir.

İndisə gəlin, Konstitusiyada  hakimiyyətin icra qanadına rəhbərlik edən Prezidentin toxunulmazlıq hüququna nəzər salaq. Qanunvericiliyə görə, Prezident az ağır cinayət törətdikdə (7 ilə qədər azadlıqdan məhrumetmə  nəzərdə tutulur) ümumiyyətlə məsuliyyətə cəlb oluna bilməz. Prezident o halda məsuliyyətə cəlb oluna bilər ki, ağır və xüsusilə ağır  cinayət törətsin.  İmpiçmentə o halda belə, ciddi məhdudiyyətlər qoyulub. Konstitusiyanın 107-ci maddəsində bununla bağlı deyilir:

“I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər”.

Burda da göründüyü kimi, Prezidentin impiçmentində də  hakimiyyətin digər qanadları– həm qanunvericilik, həm də məhkəmə hakimiyyəti iştirak edir...

-Qüdrət bəy, çox maraqlı məqamlara toxunursunuz. Konstitusiyaya görə, hakimiyyətin qanadları hüquqda bərabərdirlər. Sizin Konstitusiyadan oxuduğunuz maddələr isə heç də belə olmadığını göstərir...

- Mənim  demək istədiyim odur ki, Prezident yalnız ağır cinayət törətdikdə, deputat və hakimlər isə etik normaları pozduqda  intizam məsuliyyətinə cəlb edilməklə mandatdan mərhum oluna bilərlər. Bu isə onların müstəqilliyinə ciddi zərbədir.

-Üstəlik, etik normaların sərhəddi də bəlli deyil. Fərqli adamlara görə dəyişilir. Qanunun bu şəkildə dəyişdirilməsi deputatın əməlini araşdıran qurumlara manipulyasiya imkanı verir.

-Elədir. Ümumiyyətlə, intizam məsuliyyətinə cəlb etməklə hakimi və deputatı vəzifədən kənarlaşdırmaq  ölkənin imicinə də ciddi zərbədir.

-Qüdrət bəy, Milli Məclis niyə Konstitusiyaya zidd qanunların qəbuluna razılıq verirlər? Niyə deputatlarımız buna etiraz etmirlər?

-Bu cür məsələlərdə hər bir deputatın öz məsuliyyəti var, onlar vicdanları və seçiciləri qarşısında cavab verirlər. Şəxsən mənə gəldikdə isə, bu cür qanun dəyişikliklərinə hər zaman etiraz etmiş və fikirlərimi ictimaiyyətlə bölüşmüşəm. 

Xatırlayırsınız ki, son Konstitusiya dəyişikliyi zamanı da mən buna kəskin etiraz etmişdim. Demişdim ki, deputatı bu şəkildə mandatdan məhrum etmək olmaz. Çünki Milli Məclis müxtəlif ideologiya və maraq daşıyıcılarını özündə birləşdirən qurumdur. Orada, əlbəttə, fikir ayrılıqlarından doğan mübahisələr ola bilər və olmalıdır da. Bir az emossiyalar coşan kimi, mübahisələr qızışan kimi “sən etik davranış qaydasını pozdun” deyib xalqın iradəsinin təmsilçisilərini mandatdan məhrum etmək doğru deyil.

-Bəli, dünyanın başqa ölkələrinin parlamentində hətta deputatların bir-biriylə şillə-təpik davasına çıxdıqlarını müşahidə edirik

Təəssüf ki, belə hallar olur. Qızgın müzakirələri,bəzən emosiyaların sağlam düşüncəyə üstün gəldiyi halları təbii qəbul etsəm də, istəməzdim bizdə də o cür hallar baş versin. Bizdə demokratik parlament ənənələri hələ formalaşma dövrünü yaşayır.

-Mandatdan məhrumetmə səlayihətlərinin MSK-ya verilməsi isə heç başadüşülən deyil və Qərb təftişçilərinin təbirilə desək, geriyə atılmış addımdır...

-Əksinə, hesab edirəm ki, bu səlahiyyətlərin MSK-ya verilməsi əvvəlki təkliflərdən daha mütərəqqidir və deputatların xeyrinədir. Ona görə ki, MSK-da müxtəlif partiyaların nümayəndələri təmsil olunurlar, bitərəflər var. Üstəlik, MSK-nın qərarından məhkəməyə şikayət də vermək mümkündür. Əvvəlki qaydada isə bu qərarı Milli Məclis çıxarırdı və deputatın məhkəməyə müraciət etmək hüququ yox idi.

-Məhkəmə qərar verənə qədər deputat öz mandatını qoruyur?

-Yox. Deputat MSK-nın qərarıyla mandatdan məhrum edilir. Məhkəmə bu qərarı ləğv etdikdən sonra yenidən mandat bərpa olunur. Qanunda heç olmasa yazılsa ki, “MSK-nın qərarından şikayət verildikdə və həmin şikayət təmin olunmadıqda MSK-nın qərarı hüquqi qüvvəyə minir”, bunu yenə başa düşmək olar. İndiki halda isə deputatı intizam məsuliyyətinə görə mandatdan məhrum etmək Konstitusiyanın ümumi ruhuna ziddir.

Təəssüf edirəm ki, Seçki Qanununa dəyişikliklə bağlı bu cür təklif verilib. Təklif hələ müzakirəyə çıxarılmayıb. Müzakirəyə çıxarılsa, fikirlərimizi deyəcəyik.

-Bir başqa məsələ də var. Milli Məclis seçkili orqandır, MSK isə təyinatlı. Seçkili orqan üzvünün səlahiyyətini təyinatla formalaşdırılan bir qurum necə məhdudlaşdıra bilər. Hüquqda belə bir hal nəzərdə tutulurmu?

-Deputatın mandatının ləğv etmək səlahiyyəti MSK-ın yaranma və mövcudluq fəlsəfəsiylə bir araya sığmır. MSK-nın təyinatı seçki keçirməkdir. Odur ki, xalqdan mandat almış bir şəxsin səlahiyyətlərini məhdudlaşdırmağı MSK-ya həvalə etmək doğru deyil. MSK-nın deputatın hərəkətinə hüquqi qiymət vermək, onun fəaliyyətini araşdırmaq gücü yoxdur. Ümumiyyətlə, son zamanlar MSK-ya, nədənsə, öz təyinatına aid olmayan vəzifələr yüklənir. Məsələn, partiyaların maliyyə hesabatlarını incələməyi də bu qurumun ixtiyarına verdilər. Mən o zaman da parlamentdə çıxış edərək, bunun doğru olmadığını bildirdim. Fikrimcə, büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edən qurum Maliyyə Nazirliyidir və bu məsələ də onun səlahiyyətləri daxilində olmalıdır. Biz əvvəl bu hesabatı Maliyyə Nazirliyinə verirdik.

-Qüdrət bəy, söhbətimizin əvvəlinə qayıtmaq istəyirəm. Bayaq dediniz ki,universitetlər pullu olmalıdır. Bəs, Konstitusiyayla təsbit olunan vətəndaşların pulsuz təhsil hüququ necə təmin ediləcək?

-Əvvəla, Konstitusiyada vətəndaşların pulsuz təhsil hüququ ali məktəblərə şamil olunmur, ibtidai və orta məktəblərlə məhdudlaşdırılır.

İkincisi, deyə bilərsiniz ki, ali məktəblər pullu olacaqsa, kasıb uşaqları necə oxuyacaq? Nəzərinizə çatdırım ki, dünyanın bir çox ölkələrində ali məktəblər pulludur və orada kasıb uşaqları da təhsil alırlar. Çünki onlar tələbələrə təhsil kreditləri verirlər. Kimin valideyninin imkanı var, özü oxutdurur. Kimin imkanı yoxdur, kredit götürüb təhsilini davam etdirir. Azərbaycan da bu təcrübədən yararlana bilər.

Bizdə təhsil kreditlərinin verilməməsi bəzi gənclərimizi ali təhsil almaq imkanından məhrum edir. Dünən mətbuatdan oxudum ki, təhsil haqqını ödəyə bilmədiyinə görə son 5 ildə 7 min tələbə universitetlərdən xaric olunub. 5 ildə 7 min nəfər, əlbəttə, az deyil. Amma 160 min tələbəylə müqayisə edəndə təhsil kreditinə ehtiyacı olan gənclərimizin sayının o qədər də çox olmadığı anlaşılır və hökumət rahatlıqla onlara güzəştli kreditlər ayıra bilər. Hesab edirəm ki, ali məktəblər özəlləşdirilsə, hökumət onlardan əldə etdiyi mənfəət gəlirləri hesabına imkansız ailələrin uşaqlarına təhsil kreditləri ayıra bilər. Digər tərəfdən, indiki ali məktəblər dövlət mülkiyyətində olsalar belə, yalnız kiçik bir qrupa pulsuz təhsil verilir. Tələbələrin böyük əksəriyyəti onsuz da pullu oxuyurlar.

-Xarici təcrübələrdə təhsil kreditlərinin verildiyi tələbələr necə müəyyənləşdirilir? Bizdə belə bir kredit verilsə, onları da məmur balaları alacaqlar. Necə ki, ünvanlı sosial yardımları alanlar əsasən bunu düzəltmək üçün rüşvət verəcək qədər pulu olanlardır və bəzən onlar ən modern maşınlarda gəzirlər.

-Sosial müavinətlə təhsil kreditlərini qarışdırmaq olmaz. Əvvəla, sosial müavinətlər geri qaytarılmayan vəsaitlər olurlar. Təhsil kreditləri isə sonradan geri qaytarılır. Kreditlər geri qaytarıldığına görə bu haqdan daha geniş kütlənin faydalanmasından çəkinilməməlidir. Digər tərəfdən, hökumətin niyyəti olsa, təhsil kreditlərinin əsl ünvanına çatması mexanizmini hazırlamaq çətin deyil.

O ki qaldı beynəlxalq təcrübəyə, mən ABŞ-a onların məhkəmə-hüquq sistemiylə tanışlıq üçün getdiyimdə Vaşinqtonda bir hüquq universitetdə odum. Orda söhbətləşdiyim tələbələrin əksəriyyəti valideynlərindən maddi yardım almadan oxuyurlar – aldıqları təhsil kreditlərinin hesabına. Tələbələrin kredit almaq üçün ali məktəblərdə təhsil aldıqlarına dair sənəd təqdim etmələri kifayətdir. Təhsil kreditləri, əvvəla, uzun müddətə verilir. Kredit götürən tələbə də başa düşür ki, gələcəkdə borcunu qaytarmaq üçün oxuyub yaxşı mütəxəssis olmalıdır. Tələbələr universiteti qurtarsalar da, qurtarmasalar da bu kredit borcunu ödəməlidirlər. Orda hər bir vətəndaşın eyniləşdirmə kartı var və bütün borcları həmin kartda qeyd olunur. Vətəndaş hansı ştata gedir-getsin, borcları ümumi komputer sisteminə köçürüldüyündən onları öhdəlik götürdüyü zamana qədər qaytarmağa məhkumdur. Ona görə də təhsil kreditləri tələbələrin dərslərə yaxşı hazırlaşmasına əlavə stimul verir.

Ümumiyyətlə, biz dünya dövlətlərindəki yaxşı təcrübələri götürüb öz ölkəmizə tətbiq etməliyik. Təhsil kreditləri də bu cür təcrübələrdəndir. Amma biz dünyanın mütərəqqi təcrübələrinin tətbiqində də yubanırıq.

-Səhv etmirəmsə, Milli Məclisdə etiraz etdiyiniz məsələlərdən biri də Cinayət Prosessual Məcəlləsinə əlavə edilən dəyişikliklərlə bağlı olub. Dəyişiklikdə sizi qane etməyən nədir?

-Mən təqdim olunan layihəni incələdiyim zaman girovun tətbiqiylə bağlı müəlliflərdə aydın təsəvvürlərin olmadığını gördüm. Komitə iclasındakı çıxışımda dedim ki, bu məsələ ciddi araşdırılmalı, dünya təcrübələri öyrənməli və bundan sonra Məcəlləyə dəyişikliklər edilməliydi. Təklif etdim ki, gəlin, heç olmasa, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətmiş şəxslərin girov müqabilində azad olunmasını da layihəyə salaq. Layihədə isə yazılıb ki, 2 ildən artıq cəza verilməsi gözlənilən şübhəlinin istintaqdan qaçıb gizlənmə təhlükəsi varsa, girov qoymaqla həmin şəxsi azadlığa buraxmaq olmaz. Halbuki, dünyada girov qoymaqla yanaşı, şübhəlinin qoluna elektron qolbağı vurulması təcrübəsi var. Yaxud həmin şəxsin üzərinə əlavə vəzifələr qoyulur. Məsələn, saat neçədən sonra evində olmalısan, alkoqollu içki içməməlisən (əgər törətdiyi cinayətdə sərxoşluq halı varsa), kütləvi yerlərə, tədbirlərə getməməlisən və s. kimi. Dedim ki, gəlin, biz də bu cür məhdudlaşdırıcı müddəalarla qanunvericiliyimizi təkmilləşdirək.  Nə qədər ki, məhkəmə şübhəli şəxsi təqsirli bilməyib, biz də onun hüququnu məhdudlaşdırmayaq. Axı təqsirsizlik prezumpsiyası deyilən anlayış var. Cinayət törətdiyi məhkəmə qərarıyla  təsdiqlənməyən adamı niyə həbsxanaya qatırsınız? İndi ABŞ-ın bəzi ştatlarında yalnız ölüm, yaxud ömürlük azadlıqdan mərhumetmə cəzası  təyin oluna biləcək cinayətlərə görə girov müqabilində ibtidai həbsdən azad  tətbiq olunmur. Digər ağır və ya xüsusilə ağır cinayətlərə görə yalnız həmin şəxsin yenidən ağır cinayət törətmə, istintaqdan yayınma və onun gedişinə təsir etmə, yaxud ictimai təhlükə yaratma ehtimallarından biri ortaya çıxacağı təqdirdə, müttəhim girov müqabilində azadlığa buraxılmır. Qalan bütün hallarda müttəhim məhkəməyə qədər sərbəst hərəkət edə bilir. Cəza siyasətinin hümanistləşdirilməsi birbaşa Prezidentin təklifidir. Müvafiq qurumlar isə  Prezidentin bütün mütərəqqi təkliflərinə ehtiyatla yanaşır, onları könülsüz həyata keçirirlər.

-Yeni dəyişikliklərdə başqa nə nəzərdə tutulur?

-Əsasən, elə bu məsələlərdir. Bir də, bildiyimiz kimi, Cinayət Məcəlləsinə yeni cəza növü əlavə olunub – azadlığın məhdudlaşdırılması...

-Azadlığın məhdudlaşdırılması nəyi nəzərdə tutur?

-Bundan sonra bəzi müttəhimlərin qoluna və ya ayağına elektron cihazlar taxılacaq, onların yaşayış ərazisindən kənara çıxması məhdudlaşdırılacaq.

-Deyəsən, axı, əvvəl də belə bir cəza növü var idi.

-Əvvəl başqa yerə getməmək haqqında iltizam alınırdı və bu, alternativ qəti-imkan tədbiri kimi qiymətləndirilirdi. İndi isə azadlığın məhdudlaşdırılması bir cəza növü kimi Cinayət Məcəlləsinə salınacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 699          Tarix: 23-11-2017, 21:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma