“Bizlər nə “xalqın dərdinə qalan radikal” olub sonra hakimiyyət tərəfindən təltif edilmişlərdənik, nə “İrandan-Turandan” dəm vurub iqtidarın irtica qanadının müti sözçüsü, nə də xirtdəyinə qədər müxtəlif cinayətlərə bulaşmış məmür-oliqarxların siyasi vitrini olmuşuq. Vətənimizin ərazi bütövlüyü naminə savaş tərəfdarı, imperialist-müstəmləkəçi qüvvələrə qarşı milli dəyərlərimizi, din-imanımızı qoruyub inkişaf etdirməyə çalışmışıq. Məhz bu fəaliyyətimizə görə bir vaxtlar YAP-ın İcra katıbi, bu gün isə Baş nazirin müavini olan Əli Əhmədovun qəzəbli bəyanatının hədəfinə çevrilmiş, iqtidarın rəmzi olaraq “klan” adlanan irtica qanadının “səlib yürüşünə” müsəllət olmuşuq”.
Ədalət partiyasının sədr müavini Etimad İsmayılov Ovqat.com-a açıqlamsında belə deyib.
Partiyanın bu ayın 23-də keçirmək istədiyi növbəti qurultayına Bakı şəhər meriyasının yer ayırmamasını şərh edən Ədalət yetkilisi sözügedən qərarı Azərbaycan prezidentininin demokratik iradəsinə qarşı çıxan bəzi zümrələrin özbaşına fəaliyyəti kimi qiymətləndirir:
“Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanda siyasi partiyalar, demokratik təsisatların inkişafı üçün bütün şəraitlər mövcuddur. Daxili siyasətdən cavabdeh olan “klan” isə əksini sübut edir”.
Hakimiyyətdəki məlum “klan”ın Ədalət partiyasını hədəfə almasının təsadüfi olmadığını deyən Etimad İsmayılov bunu uzun illərdən bəri yürütdükləri mübarizəyə sədaqətlərinin qarşı tərəfdə yaratdığı reaksiya olaraq görür:
“Partiya olaraq, fəaliyyətimizin əsasında mənasız populist açıqlamalara yox, əməli fəaliyyətə üstünlük vermişik. Bunu həm MM-ə müxtəlif qanun layihələri təqdim etməklə, həm də iqtidarın irtica qanadının bir cox qanunazidd fəaliyyətini qanunlara əsaslanaraq ifşa etməklə ortaya qoymuşuk. İllərlə fəaliyyəti talançılıqdan, saxtakarlıqdan, cəmiyyətdə qarşıdurma yaratmaqdan, xalqına zülm etməkdən ibarət olan Hitlersifətlər bizlərin Vətənimizin rifahi, formal yox, gercək suverenliyi, vətəndaş həmrəyliyi uğrunda mübarizə əzimkarlığımızın qarşısını ala bilməyəcəklər!
Ədalət partiyası olaraq, qurultayımızın tarixini 2018 ilin yanvar-fevral aylarına dəyişərək, muvafiq məkan axtarışını davam edəcəyik”.
Qeyd edək ki, Ədalət partiyası 23 dekabr 2017-ci il tarixində növbəti qurultayını çağırmış, yer üçün Bakı İcra Hakimiyyətinə müraciət etmişdi. İcra hakimiyyətinin bu müraciətə No 7-6143/17 05.12.2017 il saylı cavabı isə gözlənilməz olmuşdu: “...Baki Şəhər İcra Hakimiyyətinin balansında Sizin tələbinizə uyğun zalların olmadığını nəzərinizə catdırırıq”.
Etimad bəyin dediyinə görə, bu cavabdan sonra Bakı şəhərində zal tapmaq üçün qapısını döymədikləri özəl və dövlət müəssisəsi qalmayıb. Bütün ünvanlardan isə rədd cavabı alıblar:
“Bakı şəhəri ərazısındə, kirayə şərtiylə müraciət etdiyimiz dövlət müəssisələri və özəl şirkət sahibləri Azərbaycan Respublikası Prezident Aparatının ictimai-siyasi şöbəsinə istinadən bizlərlə sözləşmə bağlamaqdan imtina etdilər”.
Paylaş: