Hakimiyyətin qüdrətli nazirlərindən sayılan Fazil Məmmədovun qəfil istefaya göndərilməsi hələ də, bir sıra müəmmaları özündə saxlayır. Sabiq vergilər nazirinin vəzifədən qovulmasının səbəbləri ilə bağlı çeşidli məlumatlar dolaşmaqdadır. Həmin versiyalardan bəziləri barədə hətta media vasitəsilə də maraqlı müzakirələr aparılıb. Azinforum.az Fazil Məmmədovun vəzifəsinin son perioduna təsadüf edən maraqlı informasiya əldə edib. Biz sabiq nazirin vəzifədən uzaqlaşdırılmasında bu amilin başlıca rol oynadığını iddia edə bilmərik. Ancaq kifayət qədər maraqlı olan bu detalı oxucularla bölüşmək istədik. Əldə etdiyimiz məlumata görə, Fazil Məmmədovun yaxın adamlarından biri Bakıda gizli fəaliyyət göstərən qumarxanalardan hansındasa külli miqdarda pul uduzur. Bu məqam Fazil Məmmədovun marağını ciddi cəlb etdiyi səbəbindən, o, qanunsuz mərc oyunlarının fəaliyyətilə dərindən maraqlanmağa başlayır. Qeyd edək ki, qanunsuz mərc oyunları və kazinoların fəaliyyətinin qadağan edilməsi birbaşa Vergilər Nazirliyinin səlahiyyətinə aid olduğu üçün, Fazil Məmmədov yaşanan hadisəni özünün səriştəsiz fəaliyyəti kimi dəyərləndirmiş olur.
Ancaq Fazil Məmmədovun ətrafında olan kadrlardan heç biri bu sahəni dərindən bilmədiyi üçün, sabiq nazir “dosta zəng” xidmətindən yararlanmağa başlayır. Ona vaxtilə güc nazirliklərindən birində çalışmış bir nəfərin bu işin öhdəsindən layiqincə gələ biləcəyini çatdırırlar. Məlum təqdimatdan sonra,Fazil Məmmədov həmin adamdan görüşmək qərarına gəlir. Elə ilk görüşdən sonra, Fazil Məmmədov sabiq əməliyyatçıya deyilən istiqamətdə fəaliyyət göstərməyi tapşırır. Hətta bununla bağlı nazirliyin tərkibində xüsusi bir şöbənin yaradılması ilə bağlı da daxili əmr verilir. Sabiq əməliyyatçı istefada olan bir neçə keçmiş iş yoldaşını da öz şöbəsində işlə təmin edir. Beləliklə, Vergilər Nazirliyi səviyyəsində qumarxanalarla “mübarizə” işinə start verilir. Hətta həmin vaxt Bakının bir çox tanınmış qumarxana sahibləri məhz vergilər nazirliyinin sözügedən şöbəsi tərəfindən həbs edildi. Ancaq nədənsə, Fazil Məmmədovun yaratdığı yeni şöbə heç də özlərinə məlum olan bütün qanunsuz obyektləri vurmurmuş. Əksinə, bəzi yerlərə onların özlərinin “krışalıq” etdiyi də bildirilir. Nə qədər müəmmalı olsa da, 3 aylıq fəaliyyətdən sonra, Fazil Məmmədov yaradılan şöbənin ləğvi barədə qərar verir. Hətta yuksək statusda təqdim olunan və onun böyük etimad göstərdiyi şöbə müdirini bərk sıxma -boğmaya salmağa başlayır.
Müəyyən detallar aydınlaşandan sonra, F. Məmmədovun özünün vəzifəyə təyin etdiyi 3 aylıq şöbə müdiri onun tərəfindən əfv edilir. Məlum olur ki, sabiq vergilər nazirinin qumarxanalarla bağlı keçirdiyi əməliyyatın məqsədi heç də bu zərərli və qadağan olunan fəaliyyəti əngəlləməklə bağlı olmayıb. Fazil Məmmədov bu sahəni nəzarətə götürməklə külli miqdarda pul qazanmağı düşünürmüş və yaradılan şöbəyə cəlb etdiyi əməliyyatçılar ona “qızıl dağlar” vəd edibmiş. Proqnozların özünü doğrultmadığını görən Fazil Məmmədov yeni işçilərinin ona fırıldaq gəldiyi qənaətinə gəlir və bu səbəbdən də, onlardan qazanılan pulların hamısını tələb edir. Maraqlıdır ki, müəyyən informasiyanı əldə etdikdən sonra, Fazil Məmmədov şəxsən bu sahəyə nəzarət etməyə başlayır və bəzi gizli obyektlərə onun şəxsən özünün himayədarlıq etdiyi bildirilir. Deyilənə görə, hətta vergi işçiləri diqqəti özlərindən yayındırmaq məqsədilə həmin obyektlərin yüksək vəzifəli şəxslər tərəfindən himayə olunduğuna dair cəmiyyətə dezinformasiya da buraxırmışlar. Fazil Məmmədov vəzifəsindən azad ediləndən sonra, yeni təyin edilən nazirin başının digər sahələrə qarışdığı səbəbindən həmin obyektlərdən (qumarxanalardan-red) bəzilərinin hazırda da fəaliyyət göstərdiyinə dair məlumatlar var. Hesab edirik ki, yeni vergilər naziri bu istiqamətdə kiçik araşdırma aparsa, ciddi informasiyalar əldə etmiş olar.
Rövşən ƏLİ,
Azinforum.az
Paylaş: