Xəbər lenti

  

“Akif Süleymanov 2013-cü ildən bəri Texnologiya Universitetinin bütün maddi-texniki bazasını məhv edib, rəhbərlik etdiyi 5 il müddətində ali məktəbi iflic vəziyyətinə salıb. Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanov Bakı şəhərində yerləşən indiki ünvanı “BABƏK PROSPEKTİ”,  keçmiş ünvanı Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzinin 3-cü mərtəbədə yerləşən “AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Univedrsitetinə mühüm vəzifələrə təyin etdiyi prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, şöbə müdirləri Zaur Əliyev, Piri Axundov, Sadiq Əfəndi və digərlərinin icrası ilə Texnologiya Universitetini şəxsi mülkünə çevirib”.  

Ovqat.com xəbər verir ki, bu iddialar uinversitetin sabiq əməkdaşı, kompüter mütəxəssisi Azər Allahverdiyevə aiddir.

Allahverdiyev saytımıza göndərdiyi məktubunda rektor Akif Süleymanovun öz oğlu Şamil Süleymanovla birləşərək, universitetdə qəribə “kadr islahatları” apardığını da iddia edir. İddiaya görə, vurulan kadrların yerinə gətirilən isə 2016-cı ilin iyul ayının 15-də Türkiyə hərbi çevriliş etməyə çalışan FETÖ-yə bağlı insanlardır. Məktubda məlum hadisədən sonra bağlanan FETÖ-cü müəssisələrdən gəlib Texnologiya Universitetinin canına daraşan yeni “kadrlar”ın siyahısı da təqdim olunur:

1.Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru İsmayılov Vüqar Ağamusa oğlu: 2009-cu ildən Qafqaz Universitetində iqtisadiyyatın idarə edilməsi fakültəsinin biznesin təşkili və idarə edilməsi kafedrasında müəssisələrin təşkili və idarə edilməsi ixtisası üzrə doktorantura təhsili almağa başlayıb. 2011/2014-cü illərdə Qafqaz universitetində magistratura və doktorantura şöbəsində müdir müavini vəzifəsində işləyib.

 

  1. Texnologiya Universitetində elm və texnika üzrə prorektor Yusifov Səbuhi Cəbrayıl oğlu: 2004-cü ildən etibarən Qafqaz universitetində dövlət və bələdiyyə idarəetməsi kafedrasında laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Qafqaz universitetinin dövlət və bələdiyyə idarəçiliyinin tədqiqatları mərkəzində müdir vəzifəsini icra edib.
  2. Tədris şöbəsinin müdiri, Təlim- tərbiyə işlər üzrə prorektor vəzifəsini icra edən Axundovun Piri Fərhad oğlu: "AZİNKA” şirkətinin vasitəsi ilə rektor oğlu tərəfindən seçilib, göndərib.
  3. İlyasov Asiman Rasim oğlu: 2010/2015 – ci illərdə Qafqaz Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində sənayenin təşkili və idarəolunması (ingilis dili) ixtisasının  bakalavr pilləsini başa vurduqdan sonra Texnologiya Universitetində “İnsan Resurslarını Təlimi və İnkişafı” şöbəsinin müdiri vəzifəsində işləyir, magistraturada əyani təhsil alır.
  4. Texnologiya Universitetinin Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov: Qafqaz Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr təhsili almış,  2013-cü ildə Qafqaz Universitetində asistent müəllim olaraq işə başlamışdır, 2014-cü ildə fakultə elmi şurasının qərarı ilə tam ştatlı müəllim təyin edilmişdir.
  5. Texnologiya Universitetinin Davamlı İnkişaf mərkəzinin müdiri Əfəndiyev Fədai Ehtiram oğlu: 2005-ci ildə Qafqaz Universitetin Mühəndislik fakultəsinin Sənaye mühəndisliyi ixtisasının əyani şöbəsinə qəbul olub, 2010-ci ildə bu fakultəni bakalavr təhsili alıb.
  6. Texnologiya Universitetinin Mətbuat xidmətinin müdiri Əliyev Rasim Əziz oğlu: 2002-ci ilin sentyabr ayında “Zaman-Azərbaycan” qəzetində bölgə təmsilçisi vəzifəsində işə başlayıb. 2008-ci ilin dekabrınadək ölkənin Qərb (Gəncə), Şimal-Qərb (Şəki) və Şimal (Quba) bölgələrində bu qəzetin təmsilçisi vəzifəsində çalışıb.
  7. Əliyev Zaur Camaləddin oğlu: "AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru təyin olunub
  8. “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan Əfəndiyev Sadiq Qəhrəman oğlu: Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyir.
  9. Hal-hazırda işdən kənarlaşdırılan Texnologiya Universitetində mühüm vəzifələrdə çalışmış İqtisadiyyat Fakültəsinin sabiq Dekanı Nicat Nəsirli, İnsan Resusları şöbəsinin sabiq müdiri Nofəl Salmanov, Davamlı İnkişaf mərkəzinin sabiq müdiri Rauf Əmənov da “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunmuşdurlar.   Fəthullah Gülənə bağlı Qafqaz Universitetdə və Türk liseylərində formalaşmış, “Zaman” qəzetində işləmiş  bu insanlar Akif Süleymanovun oğlu Şamil Süleymanov tərəfindən “AZİNKA” şirkəti vasitəsi ilə  5 avqust 2015-ci ildə universitetdə mühüm vəzifələrə təyin olunublar.

 

Türkiyədə FETÖ tərəfdarlarını həbs edildiyi bir zamanda Azərbaycanda Qafqaz Universitetinin,  “Zaman” qəzetinin prezident İlham Əliyevin sərəncamı ilə dayandırıldığını xatırladan müəllif, adları üzərində şübhə kölgəsi olan bu qədər adamın Texnologiya Universitetinə yerləşdirilməsini isə təsadüfi saymır:

“Bu qədər təsadüf ola bilməz ki, Türkiyə dövlətinə ağır zərbə vurmuş və Azərbaycanda fəaliyyəti dayandırılmış FETÖ ilə bağlılığı olan "QAFQAZ" Universitetinin, "ZAMAN" qəzetinin əməkdaşları belə kütləvi şəkildə bir araya gəlsinlər”.

Məktubda həmçinin, Texnologiya Universiteti kollektivinin əsas hissəsinin əməkhaqlarının 120 - 250 manat olduğu halda, rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun “AZİNKA” şirkəti vasitəsi ilə təyin etdiyi prorektorların, dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin maaşlarının xeyli yüksək olduğundan bəhs edir:

“Bu “seçilmişərə” 1500 (min beş yüz) – 5000 (BEŞ min) manat və daha yüksək yazılır. Ən maraqlısı odur ki, maaşdan ödənilməli olan vergilər gizlədilərək, qismən ödənilir”.

Texnologiya Universitetinin müəllimləri Dosent Həsən Musa oğlu Musayev və Dosent Məsim Kazım oğlu Abadovun AZİNKA” şirkətinə çağrılaraq, həmin ali məktəbə dekan vəzifəsinə təyin olunduğunu bildirən Azər Allahverdiyev hal-hazırda hər iki şəxsin müxtəlif bəhanələrlə işdən uzaqlaşdırıldığını da qeyd edir. Müəllif, ayrıca,  universitetin FETÖ-çü müəllimlər tərəfindən özlərinə məxsus şüarlarla bəzədildiyini bildirir:

  

“Azərbaycan Texnologiya Universitetində “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan prorektorlar FETÖ-çülərə  məxsus “Vaxt qılınc kimidir: biz onu kəsməsək, o bizi kəsər” şüarını böyük tirajla çap etdirərək, universitetin korpuslarının girişinə, dəhlizlərinə, auditoriyalarına asdırıblar.        

Bu şüar hansı mənbədən və maraqdan qaynaqlanır?

Qardaş Türk dövlətinə ağır zərbə vuran  Fəthullah Gülənin öz tərəfdarları qarşısında irəli sürdüyü bir çağırışı, rəhbər ideyanı və ya tələbi qısa və aydın şəkildə ifadə edən müraciətin universitet divarlarını bəzəməsini Texnologiya Universitetinin rəhbərliyi nə çür əsaslandıra bilər?”

Müəllif Texnologiya Universitetinin yeni təyin olunan rəhbər kadrların qeyri-peşəkar olduqlarını irəli sürərək, fikrini belə əsaslandırır:

“Universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov (ixtisası sosioloq), elmi işlər üzrə prorektoru Səbuhi Yusofov (ixtisası bələdiyyəçi), tədris şöbəsinin müdiri Piri Axundov (ixtisası tarixçi) təcrübəsiz və ali məktəbin profilinə uyğun gəlməyən sahələr üzrə təhsil aldıqlarından tədris prosesini bərbad vəziyyətə salıblar. Dərs yüklərini əsasən qeyri-mütəxəssislərə, istədikləri şəxslərə paylaşdırdıqlarından universitetdə tədrisin səviyyəsi ölkədə ən aşağı həddə düşüb. Bir çox dərslər deyilmədən, formal olaraq jurnallara qeydiyyatı aparılır. Piri Axundov rus dilində tədris apara bilmədiyi halda, rusdilli qruplara bu dilindən “dərs keçir”. Tələbələrə qiymət yazdıracağına söz verərək, öz əvəzinə dərsə həyat yoldaşı Vüsalə Axundovanı göndərir ki, o, da rus dilində  təhsil alan tələbələrin başını qatır. Universitetdə semestr imtahanlarını 20-30% bakalavr və magistr özü verdiyi halda, qalanları saxtakarlıq və təkrar imtahanlara salınmaqla qiymətləri yazılır”.

Tədrisin aşağı səviyyədə olduğunu və rüşvətxorluğun baş alıb getdiyini bilən valideyinlərin öz övladlarının bu universitetdə təhsil almasını arzu etmədikləri üçün son iki ildə qəbul ən aşağı - 420 və 450 nəfər səviyyəsinə düşmüşdüyünü yazan Azər Allahverdiyin fikrincə, universitetin elmi fəaliyyəti də formal xarakter daşıyır: “Doktoranturaya qəbul prorektor Vüqar İsmayılovun istəyinə uyğun həyata keçirilir. Əyani doktorantlar və magistrantlar universitetdə müxtəlif vəzifələrdə işləyirlər”.

 

2013 ildən bu günə kimi ali məktəbdən 30 nəfərə yaxın professor, dosent, müəllim, 100-dən çox texniki işcinin işdən azad olunduğunu bildirən şikayətçi bu kadrlardan bir neçəsinin müəllimlik taleyinə şəxsən rektor Akif Süleymanovun imza atdığını iddia edir. Onlardan biri də elə məktub müəllifidir:

 “Mən - Azər Allahverdiyevin 30 oktyabr 2017 ci il tarixdə rektor Akif Süleymanovun 264 saylı əmri ilə universitetdəki əmək fəaliyyətinə xitam verilib.  Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə “töhmətlər” verib. Qərəzli töhmətlərdə isə əsas olaraq saxtalaşdırılmış 18 oktyabr 2017 ci il tarixli protokol götürüb. Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub. Təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olursa olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan bu cür üsullara əl atıb. Araşdırılsa, oxşar şərləmə ilə yadda qalan əmrlər üzə çıxar. Dəhşətli haldır ki, şərləmə kampaniyasında universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub”.

Azər müəllimin yazdığına görə, universitetdə korrupsiya ən son həddə çatıb: “9 sentyabr 2016-cı il tarixində 185 saylı əmrlə “Qurban bayramı” ilə əlaqədar olaraq özlərinə yaxın 30 nəfər əməkdaşın hər birinə 550 manat mükafat  yazılaraq, sonradan həmin vəsait prorektor Vüqar İsmayılov tərəfindən toplanaraq, mənimsənilib”.

 

Texnologiya Universitetində yüksək vəzifəyə gətirilənlərin adətən yaxın qohum-əqrəba arasından seçildiyini bildirən müəllif ali məktəbdə ailə-klan hegemoniyasının hökm sürdüyünü yazır:

“Texnologiya Universitetinin Həmkarlar İttifaqı Komitəsi sədrliyinə heç bir konfrans keçirilmədən, alternativ təkliflər verilmədən bu vəzifəyə uyğun olmayan birini seçiblər. Rektor Akif Süleymanov dosent olduğu halda 5-ildir ki, özünü professor adlandıraraq yüksək maaş alır.  Dosent olmayan prorektorlar - Vüqar İsmayılov, Sabuhi Yusifov da 3 ildir ki, dosent maaşı alırlar. Hətta iş o yerə gəlib ki, elmi dərəcəsi və elmi adı olmayan Piri Axundov təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edir, onun həyat yoldaşı, tarix müəllimi Vüsalə Axundova isə “İqtisadiyyat və İdarəetmə” fakültəsi dekanının elmi işlər üzrə müavini təyin olunub. Piri Axundovun qaynı Bahadur Məmmədəliyev universitetin baş hüquqşünasıdır. Universitetin digər vəzifəli şəxslərinin məsələn, “Davamlı İnkişaf mərkəzinin” rəhbəri Fədai Əfəndinin, dekan Azər Hüseyinin və “Distant və qiyabi təhsil mərkəzinin” müdiri Babək Mikayıl oğlu Həsənovun və başqa şəxslərin də ailə üzvləri universitetdə müəllim işləyirlər. Bu insanların hər biri rektor Akif Süleymanovun yaxın adamlarıdır. Təsəvvür edin ki, Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir”.

Müəllif universitetdə başverən bu hadisələrin Prezident seçkiləri ərəfəsidə baş verdiyini də təsadüfi saymır və iddia olunan özbaşınalıqda təxribat versiyası üzərində dayanır: 

“Texnologiya Universitetində Prezident seçkiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır və işdən uzaqlaşdırılırlar. Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığı halda, Texnologiya Universitetində baş verənlər nə məqsəd daşıyır?”

Dəfələrlə Akif Süleymanovun əməlləri haqqında   dövlət qurumlarına rəsmi müraciətlər olunsa da, heç bir nəticənin olmadığından təəssüflənən Azər Allahverdiyev bunun səbəbini anlamaqda çətinlik çəkir:

 

“Müraciət olunan dövlət qurumlarında əməkdaşların şikayət ərizələrinə baxılmır. Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanov cənab Prezidentin məmurlara etdiyi xəbərdarlığına məhəl qoymur.

Cəzasızlıq o həddə çatıbdır ki, Texnologiya Universitetində Ulu Öndər  Heydər Əliyevin adına olan “Muzeydə” prorektor Vüqar İsmayılov özünə və dostlarına ad günü keçirir”.

Məktubun sonunda saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

“Cənab prezident!

Azərbaycan Texnologiya Universitetinin Ulu Öndər  Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılıb.  Sizdən xahişim budur ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında ciddi addım atasınız. Rektor Akif Süleymanovu işdən kənarlaşdırmağınızla birlikdə, onun Azərbaycan qanunlarının qarşısında cavab verməsini təmin edəsiniz”.

Zəruri qeyd: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq




Ana səhifəyə qayıt        Baxış: 4 246          Tarix: 10-01-2018, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma