Xəbər lenti

  

Azərbaycan ordusunda ermənilərə işləyən hərbçilərin ifşa edilməsi və həbsə atılması cəmiyyətimizdə ciddi rezonansa səbəb olub. Bəzi ictimai xadimlərin hadisəylə bağlı açıqlamaları ordudakı bu xəyanətin ifşa ediləndən daha böyük olduğunu və əvvəlcədən bilindiyini göstərir.

Tanınmış vəkil, ictimai və siyasi xadim Qurban Məmmədovun dünən öz facebook səhifəsində paylaşdığı bir məlumat ordudakı xəyanətlərin yalnız Tərtərdə deyil, digər təmas xətlərində də tuğyan etdiyindən xəbər verir.

Vəkilin qələmə aldığı statusunu Ovqat.com oxucularının diqqətinə çatdırırıq:

“Şəhid qardaşım oğlu Rasim Məmmədov "Lələtəpə"də həlak olmamışdan qabaq mənə bəzi zabit yoldaşlarından ermənilərlə, rus kəşfiyyatı ilə əməkdaşlıq etmələrindən şübhələndiyini, çox ciddi faktlar topladığını bildirmişdi. O, şəhid olduğu gün, meyiti döyüş meydanından çıxarılmamış, hərbi hissədəki iş otağına girilmiş, seyfi oğurlanaraq yandırılmış, çölə atılmış və hərbi hissənin həyətində saxladığı "JİQULİ" markalı maşınına kimlərsə əl gəzdirmişdi. Bizim israrlı şikyətimiz əsasında istintaq aparıldı və... guya "öz telefonlarını götürmək üçün şəhid mayorun iş otağına girən oğru əsgərlər ifşa edildi."

Ancaq bir sual hələ də məni düşündürür: həmin hərbi hissədə ermənilər də eyni qaydada oğurluq edə bilməzdilərmi? Başdı-başınalıqdır.

Bu necə hərbi hissədir? Bu hərbi hissənin komandirləri hara baxırmışlar ki, şəhid mayorun iş otağında, maşınında oğurluq edilir?

Açıq deyirəm: sonrakı təltiflər bizi susmağa məcbur etdi.

Bəlkə də, bu gün ifşa edilən xəyanətkarlar olanın cüzi hissəsidir. Ordumuzda ciddi problemlər var. Rüşvət və korrupsiya burada da öz işini görüb. Olduqca ciddi və köklü tədbirlər alınmalıdır”.

Xatırladaq ki, şəhid-mayor Rasim Məmmədov ötən il aprel döyüşlərində Lələtəpənin işğaldan azad edilməsi uğrunda mübarizədə şəhid olmuşdu.




Ana səhifəyə qayıt        Baxış: 3 085          Tarix: 8-05-2017, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma