Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bu gün 2 elmlər namizədi işdən çıxarılıb, 3 həkimə töhmət verilib, bir neçə şöbə müdirinin isə vəzifəsi aşağı endirilib.
Bu barədə Ovqat.com-a İnstitutun kollektivi məlumat verib.
Məlumata görə, bütün kollektivi narazı salan bu qərarlara 10 aydır quruma instituta rəhbərlik edən 68 yaşlı Həqiqət Qədirova imza atıb.
Bildirilir ki, direktor vəzifəyə təyin olunandan sonra həkimlərin başı üstündə Demokl qılıncı kimi əsir. Qarşısına çıxan, verilən qərarlara kiçik bir etiraz səsini ucaldan tibb işçiləri dərhal cəzalandırılır. Bu günə qədər 6 aparıcı həkimi işdən qovan Həqiqət Qədirova bu gün 2 elmlər namizədini də onların sırasına əlavə edib: “Görünən budur ki, Ağcıyər İnstitutunda o tərəf-bu tərəfə əsən “Demokl qılıncı” hələ çox kəllələr aparacaq. Nədən ki, xəstəxanada “Həqiqətin sərt üzünü bəyənməyən” hələ çox həkim var. Həqiqət xanımın isə onunla razılaşmayanları əfv etmək fikri yoxdur”-mənbəmiz belə deyib.
Ağciyər İnstitutunun “dəmir ledisi”nin öz gücünü nazirlə tələbə yoldaşı olmaqdan aldığı bildirilir. Deyilənlərə görə, bu faktı onun özü də gizlətmir. Narazı həkimlərə “mən nazirin tələbə yoldaşıyam və məni bura şəxsən nazirin özü təyin edib. Heç kimdən qorxmuram. Mən nə desəm, o olacaq. Siz isə kimə istəsəniz, şikayət edə bilərsiniz” deyən Həqiqət xanımın bundan əvvəl SPİD-lə Mübarizə Mərkəzinə rəhbərlik etdiyi və yarıtmaz fəaliyyətinə görə işdən çıxarıldığı iddia olunur.
Belə bir reputasiyaya malik bir adamın az keçməmiş daha böyük kollektivə rəhbər təyin olunmasının səbəbini anlaya bilməyən həkim kollektivinin dediyinə görə, institutun yeni “Demokl qılıncının” kəsdiyi bütün başlar cavanların, onların yerinə təyin olunanların əksəriyyəti isə əsasən Həqiqət xanımın yaşıdlarıdır. Bu səbəbdən də kollektiv Həqiqət Qədirovanın kadr islahatlarını Ağciyər İnstitutunda “qocaların inqilabı” adlandırırlar.
Ağcıyər İnstitutunda baş verənlərlə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olub və biz bu şikayətləri ümumiləşdirərək, oxucuların diqqətinə çatdıracağıq.
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
Paylaş: