Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin əməliyyatı üçün hazırlıqlarını davam etdirir. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyətindədir. NATO-nun şərq cəbhəsinin gücləndirilməsi davam edəcək. London KXDR-i “atom əsri”nin başlanğıcından bu yana ən ciddi təhlükə adlandırıb.
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
İşğal olunmuş Dağlıq Qarabağda erməni hərbi birləşmələrinin əsgəri Arutün Xaçaturyan ağır yaralanıb.1998-ci il təvəllüdlü erməni əsgər yanvarın 16-da gecə saat 01:15 radələrində postda olarkən yaralanıb.
Xaçaturyanın qeyri-müəyyən şəraitdə yaralandığı deyilir. Ermənistan mediasının məlumatına görə, gecə saatlarında baş verən bu hadisədən sonra təşvişə düşən digər əsgərlər növbəyə çıxmaqdan imtina edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. Türkiyənin “Sabah” nəşr xəbər verir ki, Türkiyənin təlim verdiyi Azad Suriya Ordusunun 20 minlik hərbi gücə Afrin əməliyyatı üçün “hazır olun!” təlimatı verilib.
Afrin əməliyyatına hazırlanan Türkiyənin ilk hədəfləri məlum olub. Türk ordusu ilk növbədə PKK/PYD terrorçularının əlindəki Afrində 6 düşərgəni və Minniğ hərbi aerodromunu vuracaq.
Minniğ aerodromu ABŞ-ın terrorçulara dəstək verdiyi əsas nöqtədir. Bu aerodromu sıradan çıxarmaqla Türkiyə ABŞ-ın əl-qolunu bağlamaq istəyir.
Bir həftə içində başlayacağı gözlənilən əməliyyatın 60-70 gün içində başa çatacağı planlaşdırılır.
PKK/PYD terrorçularının əlindəki Afrin bölgəsində əməliyyata hazırlanan Türkiyə Suriya sərhədinə yeni ordu birlikləri göndərib. Dünən gecə İraq sərhədindən yola çıxan 40 zirehli avtomobildən ibarət hərbi karvan bu gün səhər saatlarında Suriya sərhədindəki birliklərə qoşulub. Suriya sərhədinə göndərilən birliyin tərkibində tanklar da var.
Suriya sərhədində “cəhənnəm alovu” adlandırılan tanklar və raketlər, eləcə də çoxsaylı canlı qüvvə toplanıb.
Pentaqon Türkiyənin Afrin əməliyyatına mane olmayacaq. Bu barədə ABŞ-ın rəhbərliyi altında koalisiya güclərinin sözçüsü Ryan Dillon deyib.
“Afrin koalisiya güclərinin əməliyyat sahəsinə daxil deyil”, - deyə o bildirib.
Bunu “ABŞ-dan Türkiyəyə yaşıl işıq” olaraq dəyərləndirən ekspertlər Vaşinqtonun əslində böyük oyun oynadığını düşünürlər.
ABŞ-ın “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etməsindən sonra Fərat çayının şərqi Türkiyənin milli təhlükəsizlik məsələsinə çevrilib. Ankara Fəratın şərqinin terrordan təmizlənməsi üçün ilk olaraq diplomatik alətlərindən istifadə edəcək.
Nəşr qeyd edir ki, ABŞ Fəratın şərqində terror güclərini dəstəkləməkdə israr edərsə, qarşıdakı günlərdə Tel Abyad, Ayn İsa, Resulayn və Kamışlı bölgələrində hərəkətlilik yaşanacaq.
Suriyada Fəratın şərq hissəsinin ABŞ-ın təsir dairəsinə daxil olduğunu, burada çoxsaylı Amerika bazalarının qurulduğunu və PYD ilə “Suriya Demokratik Gücləri”nin (əsas hissəsini PYD terror təşkilatı təşkil edir - red.) Vaşinqton tərəfindən dəstəkləndiyini nəzərə alan ekspertlər, ABŞ və Türkiyə arasında hərbi toqquşma ehtimalını yüksək qiymətləndirirlər.
Əsl savaş burada BAŞ VERƏCƏK - ABŞ və Türkiyə addım-addım MÜHARİBƏYƏ DOĞRU
İranda Avropa şirkətlərinin çoxmilyardlı müqavilələri təhdid altındadır. Bunun səbəbi isə ABŞ prezidenti Donald Trampın Tehranla nüvə razılaşmasından çıxmaq niyyətində olmasıdır.
D.Tramp "altılıq" qrupunun (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya – red.) Tehranla bağladığı nüvə sazişinin şərtlərinə daha 120 gün riayət etmək niyyətində olsa da, Vaşinqtonda İrana qarşı əvvəlki sanksiyaların qayıdışını istisna etmirlər.
“RİA-Novosti” agentliyinin analitik məqaləsinə görə, sanksiyaların qayıdışı İranla çoxmilyardlı sazişlər bağlamağa vaxt tapan Avropa şirkətlərini vuracaq.
Avropa İttifaqında ümid edirlər ki, ABŞ öz qərarını təkrar gözdən keçirəcək, əsk halda Brüssel özünün iqtisadi maraqları və Ağ Evlə dostluq arasında seçim etməli olacaq. Tehran isə əlverişsiz hadisələrin inkişafı halında nüvə silahınını hazırlamaq barədə niyyətini rəsmən elan edə bilər.
Maraqlar və dostluq arasında SEÇİM: Nüvə silahlanmasına gedən YOL AÇILIR
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyətindədir.Bunu Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı Avropa Şurasının rəhbəri Donald Tusk söyləyib.
“Biz üç il yarım ərzində Rusiya aqressiyası qarşısında ukraynalılara aktiv yardım etmişik. Biz bu kursu davam etdirəcəyik”, – deyə o bildirib.
NATO-nun şərq hissəsinin gücləndirilməsi davam edəcək. Bunu NATO Baş katibi Yens Stoltenberq və NATO-nun Avropadakı qoşunlarının rəhbəri Kertis Skaparotti ilə görüşdən sonra Polşa Daxili İşlər naziri Mariuş Blaşak söyləyib.
“Hər iki həmsöhbətim şərq sərhədlərinin gücləndirilməsinin davam edəcəyinə əmin etdilər. Bu, Polşa üçün böyük imkanlar deməkdir. Biz bunu illərdir gözləyirdik”, – deyə o bildirib.
“Moskvanın yenilənmiş hərbi potensialından Avropaya qarşı istifadəyə hazır olması istisna edilmir”. Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford NATO-nun Hərbi komitəsinin Brüsseldə keçirilən müşavirəsində deyib.
Onun sözlərinə görə, ABŞ Rusiyanın Silahlı qüvvələrinin müasirləşdirilməsindən narahatdır. Amerikalı general qeyd edib ki, Rusiyada son 10 il ərzində silahlı qüvvələrdə müasirləşdirilməyən heç bir qoşun növü yoxdur.
“Dirilən Rusiya qitədə ən böyük təhdiddir. Buna görə də ittifaq şərq qonşusunun qarşısının alınması üçün regiona hərbi texnika və hərbçilər yerləşdirir. Onların (Rusiya – red.) davranışına baxın. Dönün, Gürcüstan və Ukraynaya baxın”, – o bildirib.
Koreya Xalq Demokratik Respublikası (KXDR) “atom əsri”nin başlanğıcından ən ciddi təhlükədir. Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson “Qardiyan” nəşrinə açıqlamasında deyib.
“Kim Çen Inın nüvə başlıqlı qitələrarası ballistik raketi buraxmaq qabiliyyəti dünya üçün ciddi təhlükədir”, - o əlavə edib.
Consonun fikrincə, Çin Pxenyanı dayandırmağa və təhlükəni aradan qaldırmağa qadirdir:
“Sonda problemi həll edə biləcək insanlar çinlilərdir”.//Publika.az
Ömər Dağlı
Paylaş: