Xəbər lenti

  

Dünən müxtəif informasiya kanallarında Maliyyə naziri Samir Şərifov barədə maraqlı məlumat dərc olunmuşdu. Məlumatda deyilirdi ki, nazir dövlət tenderlərini müəyyən iş adamlarına verərək, haqsız rəqabət şəraiti yaradırmış. Onun bu işdəki əsas adamı isə Maliyyə Nazirliyi Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayevdir:

“X.Rzayev maliyyə naziri Samir Şərifova yaxınlığı ilə seçilən məmurlardandır. Hətta onu Samir Şərifovun “vuran əli” deyə təqdim edirlər. Bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz X.Rzayevin “yetirmələri” olan bir neçə daimi qaliblər var. Hansı ki, həmin onlar müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq müxtəlif qurumların tenderlərində iştirak edib “qalib” olurlar. Məlumatlarda o da bildirilir ki, daimi “tender əjdahaları” arasında sözün həqiqi mənasında oliqarxa çevriləni də var. “Bir tərəfdən də Xaqani Rzayevin özfəaliyyəti nəticəsində “əvəzolunmaz” obrazı yaranan şəxslər var ki, büdcə vəsaitləri onlar vasitəsilə talanır. Həm də bütün bunlar maliyyə naziri Samir Şərifovun razılığı əsasında baş verir” – deyə məlumatlı mənbə bildirir”. (365info.az)

Ovqat.com-la əlaqə saxlayan bir iş adamı da faktı təsdiqlədi. Adının çəkilməsini istəməyən mənbəmiz Xaqani Rzayevin xüsusilə dövlət sifarişli mebelləşdirmə sahəsində tenderləri öz tərəfdaşlarına qazandırdığını iddia edir. Samir Şərifovun “sağ əli” bütün dövlət sifarişlərini “Solenne” adlı mebel firmasına yönləndirir.

 

İddia edilir ki, Xaqanı Rzayevin bu “daydayılığı” “Solenne” firması tərəfindən də layiqincə qiymətləndirilib. Samir Şərifovun “sağ əli” heç bir vəsait qoymadan həm “Solenne”nin, həm də bu firmanın qazandırdığı pullar sayəsində qurulan “Voga” və “By Kepi”nin ortağına çevrilib. Hər 3 firmanın ofisinin Yasamalda yerəşdiyini bildirən qaynağımızın dediyinə görə, “Solenne” ofis, “Voga” və “By Kepi” yataq və mətbəx mebellərinin satışıyla məşğul olur.

Maliyyə Nazirliyinin yaratdığı haqsız rəqabət sayəsində ölkədəki mebel firmalarının ağır böhran yaşadığını iddia edən qaynağımız artıq bir çox firmaların işini dayandırdığını irəli sürür: “Halbuki, Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafını dövlətin prioritet məsələsi kimi qarşıya qoymuş və bu işə nəzarəti bir neçə nazirliyə tapşırmışdı. Onlardan biri də Maliyyə Nazirliyidir. Təəssüf ki, ölkəmizdə məmur-iş adamı çuğlaşması, bəzi hallarda nazirlərin onlara tapşırılan işə öz mülkiyyətləri kimi yanaşması qeyri-neft sektorunun nəinki inkişafına, əksinə inhisarlaşmasına səbəb olub. Nəticədə nazirlərin himayəsində olan bir neçə firmadan başqa digər şirkətlər çökür, iş yerləri azalır, vergi orqanlarına ödənişlərin həcmi kiçilir”.

Mənbəmizin bildirdiyinə görə, mebel sektorundakı haqsız rəqabət şəraiti bu gün də davam edir: “Sadəcə əvvəlki həcmdə sifarişlər yoxdur. Bu da neftin ucuzlaşmasıyla yaranan maliyyə qıtlığı ilə bağlıdır. İndi ölkədə daha az binalarda mebelləşdirmə işi aparılır. Amma yenə də bütün sifarişlər Xaqani Rzayevin və dolayısıyla Maliyyə nazirinin himayəsi altındakı firmalara yönəldilir”.

Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.




Ana səhifəyə qayıt        Baxış: 1 264          Tarix: 16-02-2018, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma