Venesuelada fevral ayında tədavülə buraxılan rəqəmsal pul vahidi (başqa bir adıyla kriptovlyuta) petro ölkə parlamentindən keçməyib.
“Hürriyyət” xəbər verir ki, əksəriyyəti müxaliflərdən təşkil olunan Milli Məclis (AN) yekdilliklə petronun əleyhinə səs verib.
Deputatlar bu addımlarını petronun ölkə Konstitusiyasına uyğun olmamasıyla əsaslandırıb və xarici investorları bunu nəzərə almağa çağırıblar. Parlamentin aşağı palatasının Maliyyə komitəsinin sədri Rafael Guzman petronun qanunən tədavülə buraxılması üçün 1999-cu ildə qəbul olunan Konstitusiyada dəyişikliyə gedilməsinin vacibliyini vurğulayıb. O həmçinin, dövriyyəyə qanuni pul çıxaracaq yeganə qurumun Mərkəzi Bank olduğunu da ölkə prezidenti Nikolas Maduroya xatırladıb.
Deputat Fransisko Sukre de petronun qeyri-legitimliyini ölkə konstitusiyasının 12-cu maddəsilə əsaslandırıb. Bu maddəyə görə, mədən yataqları dövlət krediti şəklində istifadə edilə bilməz: "Neft yataqları milli varlıqlardır və onlardan zəmanət üçün istifadə olunması yolverilməzdir" -deputat belə deyib.
Venesuela Milli Məclisinin (bundan sonra AN) bu qərarı hüquqi cəhətdən heç bir əhəmiyyət daşımasa da, Maduro hökumətinin ölkəyə investisiya cəlb etmək siyasətinə ağır zərbə vura bilər. Belə ki, ölkə qanunvericiliyinə görə, Venesuela parlamentinin iki palatası var və AN aşağı palatadır. AN-nın bu cür qərarlar vermək hüququ isə yoxdur. O, uzaqbaşı, bu barədə məsələ qaldırar. Qaldırılan məsələyə parlamentin yuxarı palatası – Qurucu Məclis baxa və qərar verə bilər. Qurucu Məclis isə hökumət tərəfdarlarından, yəni Venesuelanın YAP-çılarından təşəkkül tapır. Dolayısıyla, aşağı palatanın qaldırdığı bu məsələnin Qurucu Məclis tərəfindən rədd ediləcəyinə heç bir şübhə yoxdur.
Bununla belə, ölkənin indiki anında AN-nın verdiyi həmin qərarın Venesuelaya kapital yatırmaq istəyən xarici investorları bərk narahat edəcəyi və bu işdən yayındıracağı da ortadadır. Bu isə Madura hökuməti və əslində Venesuela xalqı üçün də ölümcül zərbə deməkdir.
Nədən ki, Venesuela prezidenti Nikolas Maduro ölkəni iqtisadi böhrandan qurtarmaq və müxtəlif sektorlara xarici investisiya cəlb etmək üçün neft zəmanətli virtual valyuta yaratmaq xəyalına düşüb. Bu kriptovalyutanın adını da elə neftə uyğun qoyub-petro. Maduro bu siyasətini elan etdiyi gün 1 petronun məzənnəsinin 735 milyon dollar olduğunu açıqlamış və bunu “Supermen”ə (ABŞ nəzərdə tutulur) qarşı ehtiyac duyulan “kriponit” adlandırmışdı. Müxalifətin bu siyasətə qarşı çıxması isə Maduronun son ümidini də gözündə qoya bilər.
Məsələ burasındadır ki, dünyanın ən böyük neft rezervinə sahib ölkəsi olan Venesuela bu avantajına rəğmən, həm Huqo Çaves, həm də indiki Nikolas Mauro hökumətlərinin populist siyasətləri nəticəsində xeyli ağır vəziyyətə düşüb və iqtidarın xalq nəzdində heç bir hörməti qalmayıb. Ötən ildən meydanlara tökülən venesuelalıları hələ ki polis gücünə saxlayan iqtidarın nə qədər davam edəcəyinə isə heç kim zəmanət verə bilməz. Odur ki, Venesuela dövlətinin yeni pul vahidi ilə bağlı qərarını gələcəyin hakimiyyətləri olacağı şübhə doğurmayan müxaliflər də təsdiqləməlidir.
Müxaliflərin bu qərarından sonra Maduro hökumətinin finansal çöküş yaşayacağı xarici birjalardan da təsirsiz ötüşməyib. Bu gün bir Venesuela bolivarı dollar qarşısında yenə 0.04%-lik itki ilə günə başlayıb. Ekspertlərə görə, günün sonuna qədər itki daha böyük olacaq.
Devalivasiya əslində Venesuela xalqı üçün sürpriz deyil. Son 15 il ərzində ölkə elə ağır devalvasiyalardan keçib ki, bir zamanlar ölkənin paytaxtında ev alınacaq pulla indi bir fincan qəhvə içmək mümkündür. 2017-cü ildə 2600%-dən artıq inflyasiya yaşayan ölkədə bu il daha ağır finansal çöküş gözlənilir. 2018-ci ildə inflyasının 13 min faizə yüksələcəyi təxmin olunur.
Dünyanın ən zəngin təbii sərvətlərinə malik bir ölkənin bu hala gəlməsi isə səbəbsiz deyil. Əsas səbəb isə bir vaxtar xalqın böyük dəstəyi ilə hakimiyyətə gələn Hugo Çavesin populist siyasətləri, “Qərb imperializminə qarşı mübarizə” tədbirləri, nəticədə geopolitik çəkişmələrin ortasında qalması və indiki hakimiyyətin də sələfinin dəsti-xəttindən uzaqlaşa bilməməsidir. Maduronun bu çarəsizliyi isə sələfinin dövründə siyasi idarəetmə orqanlarında möhkəmlənmiş monopolist iri məmurların mühafizəkarlığıdır. Eynilə Azərbaycanda olduğu kimi, Venesuelada da Çaves hökumətinin sümükləşmiş idarəçiləri hər hansı iqtisadi islahatlara getməyə imkan vermir, bunu ölkə mənafelərinə zidd addım kimi qiymətləndirirlər. Nəticədə ölkə bugünkü dəhşətli uçuruma sürüklənib, sadə vətəndaşlar isə ac-yalavac nə zamansa iqtisadi vəziyyətlərinin düzələcəyini gözləyirlər.
Bir zamanlar müftə yeməyə öyrəşən Venesuela xalqı indi, sözün həqiqi mənasında qida problemi ilə üz-üzədir. Qida çatışmazlığı bu ölkədə ağır sosial problemlər yaradır. Kasıb əhalinin yarızarafat, yarıciddi “Maduronun məcburi pəhriz resepti” adlandırdıqları “kəmər sıxma” siyasətləri Venesuelanı gündən-günə arıqlayan vətəndaşlar ölkəsinə çevirir.
Ekspertlərin fikrincə, Venesuela xalqı da Azərbaycan insanı kimi bu cür kasıb yaşayışı haqq etmir. Nədən ki, Allah bu ölkəyə də öz iltifatını əsirgəməyib. Təbii sərvətləri ilə yanaşı, verimli torpaq sahələri, isti dənizlərə çıxma imkanı, Şimali və Cənubi Amerikanın arasında yerləşməsi, dolayısıyla turistçəkmə potensialı, bir sözlə sahib olduğu hər şey Venesuela üçün əsl kapital qaynağıdır. Di gəl ki, hakimiyyətdəkilərin iqtidar hərisliyi və guya dünya imperializminə qarşı açdıqları savaş bu ölkəni günü-gündən ağır vəziyyətə salır.
Üstəlik, bu vəziyyət onları xaricə asılılıqdan da xilas etməyib. Bir zamanlar ABŞ imperialistərinin at oynatdığı ölkədə indi Çinin və Rusiyanın borusu ötür. Venesuelanın təbii sərvətləri tədricən bu iki ölkənin əlinə keçir. Baxmayaraq ki, Venesuela neftinin ən böyük müştərisi ABŞ-dır. Özünün neft hasilatını artıran ABŞ ondan “qara qızıl” almasa, binəva venesuelalıları acından ölmək taleyi gözləyir. Bəzi mütəxəssislərə görə isə, bu qiyamət ssenarisinin həyata keçməsinə də bir şey qalmayıb. ABŞ sadəcə son zərbəsini hələ vurmağa tələsmir. (Sizi bilmirəm, şəxsən mən bu sözləri yazdıqca, Azərbaycanın öz gəlir mənbəyinin 80-90 faizini təşkil edən neftini satdığı Qərbə kəllə atmasını xatırlayıram).
Bir sözlə, ənənəvi siyasətindən vaz keçmədikcə, Venesuelanın düşdüyü ağır vəziyyətdən çıxma ehtimalı görünmür. Çünki istər Çaves, istər Maduro hökumətləri zəngin neft yataqlarının gətirdiyi rahatlıqdan dolayı ölkədə digər sektorların inkişaf etdirməyib. Ölkə tamamilə neft satışlarından əldə edəcəyi kapitala bel bağlayıb. İndisə neftin qiymətləri ucuzlaşdıqca Venesuela da bizim kimi batır. Bizi sadəcə ondan fərqləndirən bir xüsusiyyət var. Bizim Neft Fondumuzda hələ bir-iki illiyinə başımızı dolandıracaq qədər pulumuz qalır. Venesuela isə Hugo Çavesin zamanında qurulan “Fonden” ehtiyatlarını seçicilərə xoş gəlmək üçün sosial siyasətlərə xərclədi.
Venesuela əslində neft sektorundan da tam potensialıyla istifadə edə bilmir. Statistik məlumatlara görə, bu ölkə 300 milyard barrel həcmində təsbit olunmuş neft ehtiyatı ilə dünya birincisidir. Bu gün ən böyük neft zəngini olan Səudiyyə Ərəbistanı belə 267 milyard barrel ehtiyatı ilə ondan xeyli geridə qalır. Təsəvvür edin ki, neft ehtiyatına görə iki dövlət arasındakı fərq hardasa 33 milyard barrelə bərabərdir. Bu fərq isə cəmi 8 milyard barrel neft potensialına sahib olan Azərbaycanın 4 qat artıq təbii sərvəti deməkdir. Hətta Səudiyyə Ərəbistanıyla müqayisədə ortaya çıxan bu fərqlə belə bizdən 4 dəfə zəngin olan Venesuela bir barrel neftin 100 dollara satıldığı dövrlərdə də öz iqtisadiyyatını qura bilmədi. Hətta nəinki digər iqtisadi sektorlarını qurmaq, heç neft sektorundakı potensialından da düzgün istifadə etmək şansı da Venesuelaya müəssər olmadı. Bunu rəsmi statistikalar da sübut edir.
Rəsmi statistik rəqəmlərə görə, 1960-cı ildə OPEC qurulanda təşkilatın ən çox neft istehsal edən ölkəsi Venesuela idi - gündəlik 2.8 milyon barrel. Onu Küveyt təqib edirdi – 1.7milyon barrel. Səudiyyə Ərəbistanı 1.3 milyon barrellə 3-cü, İran 1.1 milyon barrellə 4-cü, İraq isə 1 milyon barrellə 5-cü OPEC ölkəsi idi.
Bu gün isə Səudiyyə Ərəbistanı gündəlik 10 milyon barrel neft hasil etdiyi halda, Venesuelada istehsal 2 milyon barrelə düşüb. Neft hasilatındakı bu çöküşün isə bir səbəbi var. Venesuela neftin ən baha satıldığı dövrdə belə qazandığı kapitalları yeni mədənlərin qazılmasına sərf etmədi. Çavesin populist siyasətləriylə əldə etdiyini ya sosial sahələrə yönəltdi və bu işə baxan nazirlərinə yedizdirdi, ya da yeni eynilə bizdəki kimi yerli valyutanın məzənnəsinin qoruyub saxlamağa sərf etdi. İndisə hər il minli rəqəmlərlə ifadə olunan faizli inflyasiyalarla çarpışır. Zavallı Venesuela vətəndaşları əllərinə dollar düşsə onu dəyişdirmək üçün valyuta mübadilə məntəqələrinə yük maşını ilə getməlidirlər. Çünki 4 ABŞ dolları bir kisə dolusu Venesuela bolivarı edir.
Bugünkü Venesuela bolivarı - ABŞ dolları kursu
35.232,5000 VEF – 1$.
Uzun sözün qısası, Venesuela bizdən bir addım qabaqdadır. Amma çöküş sahəsində.
Nə yazıq ki, ölkə rəhbərinin qeyri-neft sektoruyla bağlı yürütdüyü siyasət hələ də monopolist məmurların dirənişiylə qarşılanır. Bunu Gömrük Komitəsinin bir müddət əvvəl açıqladığı statistik rəqəmlər də sübut edir. Həmin statistikaya görə, ixracatımızın hələ də 90 faizini neft məhsulları tutur və qeyri-neft sahəsində hətta ötən ildən belə geridə qalmışıq.
Heydər Oğuz
“Hürriyyət”
Paylaş: