Beləliklə, bu gün prezident İlham Əliyev baş nazir Novruz Məmmədovun rəhbərlik edəcəyi Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasını başa çatdırıb. Prezidentin imzaladığı sərəncama əsasən ötən həftə vəzifələrinə təsdiq almayan bəzi nazirlər nəhayət rahat yata bilərlər. Eyni zamanda gözlənildiyi kimi vəzifələrinə ötən həftə təsdiq edilməyənlərdən azı iki nazir və bəzi komitə sədrləri kresloları ilə vidalaşmalı olacaqlar.
Bunlardan biri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur. Onun yerini SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri Mikayıl Babayev tutacaq.
Habelə təhsil naziri vəzifəsinə Mikayıl Cabbarovdan sonra bu vəzifəni icra edən keçmiş nazir müavini Ceyhun Bayramov təyin olunub.
Səhiyyə naziri Oqtay Şirəliyev, müdafiə sənayesi naziri Yavər Camalov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov isə yerlərində qalıblar.
O cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yenə də bu vəzifəni tutacaq. Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu isə daha bu vəzifədə görə bilməyəcəyik. Onun yerinə deputat Fuad Muradov təyin olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da vəzifəsində saxlanılıb. Lakin Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qurbanlı qədər şanslı deyil-o, vzifəsindən azad edilib. Yerinə müavini Səfər Mehdiyev təyin olunub.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov da kreslosunu saxlayanlar arasındadır. O cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yenidən bu vəzifəyə təyinat alıb.
Mədəniyyət və Truzim Nazirliyində aparılan son struktur dəyişikliyindən sonra yeni yaradılan Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə isə “Paşa İnşaat” MMC-nin keçmiş direktoru Fuad Nağıyev təyin olunub.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qorxmaz Təhməzli də yerində qalıb və bu, gözlənilən idi. Çünki onun agentliyi yeni yaradılıb, Təhməzli isə fəaliyyətinə bir neçə ay əvvəl başlamışdı. Və bu tezliklə onun başqasıyla əvəzlənməsi gözlənilmirdi.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev isə postunu itirib. Onun yerinə Vüsal Hüseynov təyin olunub. Bu, 91 saylı Ucar seçki dairəsindən deputat Vüsal Hüseynovdur və Qərb təhsillidir, 1980-ci ildə anadan olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov isə postunda qalıb.
◀▶
* * *19:15
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
- “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əlavə olaraq, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilsinlər:
1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
1.2. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;
1.3. Azərbaycan Respublikasının mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;
1.4. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;
1.5. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;
1.6. Azərbaycan Respublikasının təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov;
1.7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;
1.8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
1.9. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;
1.10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev;
1.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;
1.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;
1.13. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;
1.14. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;
1.15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;
1.16. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.
- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Paylaş: