Xəbər lenti
 
İki gün öncə dünyanın ən böyük media qruplarından olan "The Wall street Journal" Azərbaycan Beynəlxalq Bankının ağır duruma düşməsi və ABŞ məhkəmələrində dəstək axtardığı haqqında geniş məqalə dərc etdi, hətta dövlətin ağır maliyyə durumunda oduğuna işarə etdi (https://www.wsj.com/articles/international-bank-of-azerbaijan-seeks-u-s-court-protection-1494618685). 
Arxasınca "Forbes" (Rusiya)  daha irəli gedərək eyni istiqamətdə məqalə dərc edərək Azərbaycanın iflası adlı məqalə dərc etdi (http://www.forbes.ru/kompanii/344163-krah-azerbaydzhana-krupneyshiy-bank-respubliki-prekratil-platezhi-kreditoram). Çox ciddi bir xəbərdi və Azərbaycan iqtisadiyyatına böyük zərər vura biləcək maliyyə “panikasıdır”. Buna görə də Azərbaycanla sıx əlaqəsi olan bütün ölkələrinin mətbuatında ciddi müzakirələr başladı. Yalnız Azərbaycanda  bu qorxulu proses müxalifət mətbuatından və sosial şəbəkələrdən o tərəfə keçmədi. Sanki ABB bu ölkənin deyil. 
Məsələ burasındadır ki, beynəlxalq bankın vəziyyəti doğrudan da yaxşı deyil, bu hamıya bəllidi. Amma böyük valyuta ehtiyyatlarına sahib bir dövlətin hər hansı bir strukturunda çatışmazlığın olması dövlətin iflası ola bilməz. Bu sadəcə rəqiblərin maliyyə panikası vasitəsi ilə daha dərin düşünülmüş zərbə planıdı. Təbii şeydi,  rəqiblərin (bəlkə də düşmənlərin) mübarizə aparmağa haqqları var. Qeyri təbii olan isə ondan ibarətdir ki, ölkənin daxilində bu haqsız mübarizə üsullarına hər hansl cavab tədbiri yoxdur. Əksəriyyət dünya  media qruplarının “Azərbaycanın iflası” başlığı ilə çıxan bu yazılar ölkəyə çox böyük fəlakətlər gətirə bilər, doğrudan da ölkəni tam bir iflas vəziyyətinə sala bilər. Bu maliyyə panikası nəticəsində gözlənilən yeni böhran indiyə qədər yaşadığımız bütün böhranlardan qat-qat çox zərbə vura bilər:
1.Bankın ölkə xaricində olan bütün kreditorları nəinki bu bankda, hətta bütün Azərbaycan məkanında yerləşdirdikləri vəsaitləri geri çəkə bilər. Bu gün artıq Kazağıstan pensiya fondu həyəcan siqnalı vermişdir ki, ABB-ın qiymətli kağızlarına yatırılan 73,1 milyard təngə (təqribən 230 milyon dollar) batacaqdı. (https://tengrinews.kz/kazakhstan_news/ekspert-obespokoilsya-pensii-kazahstantsev-iz-za-kraha-317947/)r. Eyni narahatçılıq Rusiya, Gürcüstan, İran, Avropa əmanətçiləri keçirirlər. 
2.Bankın bütün müştəriləri və səhmdarları ciddi surətdə narahatçılıq keçirərək banka qoyduqları vəsaitləri geri götürə bilərlər ki, bu da yalnız bankı deyil, bütün iqtisadiyyatı iflic vəziyyətinə sala bilərlər.
3.Beynəlxalq maliyyə-kredit institutları ilə münasibətlər gərginləşə bilər, onlar nəinki əlavə kredit verməkdən imtina edə bilərlər, həmçinin indiyə qədər verilən kreditlərə şərtləri sərtləşdirə bilər.
4.Beynəlxalq reytinq qrupları, dərhal, onsuz da çox aşağı olan kredit reytinqini daha da aşağı salacaq və investisiya, kredit cəlb olunması ehtimalını sıfıra endirəcək. Digərçoxsaylı neqativ hallar da ola biləcək. 
Məsələ burasındadır ki, belə bir panikanın heç bir real əsası yoxdur, Azərbaycan iflas vəziyyətində deyil, hər bir ölkədə bank sistemində əksikliklər ola bilər. 
Beynəlxalq bankın məlumatlarına görə iki il əvvəl bankda böyük məbləğdə yeyinti aşkar olunmuş, bank böyük zərərə məruz qalmışdır: “Bankın sağlamlaşdırılması prosesini Azərbaycan dövləti öz üzərinə götürmüş və bu iş indi də davam etdirilir. 11 May 2017-ci il, Bakı - Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanın icrası çərçivəsində ABB-nin maliyyə dayanıqlılığının gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir.Bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edir. Artıq ABB-nin 9,93 milyard manat dəyərində toksik aktivi dövlət tərəfindən alınmış, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 milyard ABŞ dolları və 70 milyon manat həcmində depozit yerləşdirilmişdir. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 milyon manat hissəsi kapitalın artırılmasına yönəldilmişdir.
Tədbirlər bankın kapital və likvidlik mövqeyini gücləndirsə də bankın yüksək faiz ödənişləri, manatın əsas xarici valyutalara qarşı devalvasiyası, toksik aktivlərin dövlət tərəfindən satınalma prosesinin başa çatmaması ABB-ni əlavə itkilərə məruz qoymuşdur. Nəticədə 2016-cı ilin yekunlarına görə beynəlxalq maliyyə hesabatları üzrə Beynəlxalq Bank Qrupunun (bankın törəmə təşkilatları da daxil olmaqla) 1,9 milyard manat, ABB-nin özünün isə 1,74 milyard manat məbləğində zərərinin açıqlanması gözlənilir”.
 Bu zərərlərin də əsas səbəbi dövlətin həyata keçirdiyi devalvasiya siyasəti olmuşdur. ABB-nın əsas kredit mənbələri  xarici valyutada olmuş, geri qaytarılmayan kreditlər də ölkədən dollarla çıxarılmışdır. Manat  da bu ərəfədə iki dəfədən çox dəyər itirmişdir. 
ABB-ın məlumatlarına görə “sağlamlaşdırma prosesinin növbəti mərhələsi olaraq öhdəliklərin könüllü restrukturizasiyası nəzərdə tutulur. Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində “Banklar Haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır.Öhdəliklərin könüllü restrukturizasiya planı bank qanunvericiliyinə müvafiq qaydada Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış və restrukturizasiya prosesinin başlanılması barədə Nəsimi rayon məhkəməsi tərəfindən 4 May 2017-ci il tarixində qərar qəbul edilmişdir. Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır”. Son abzas da böyük panikaya səbəb olur.  
Amma   bu bank əsasənAzərbaycan dövlətinə  məxsusdu, dövlət isə lazım olduğundan dəfələrlə çox valyuta-qızıl ehtiyyatlarına sahibdi, indinin özündə hələ də müsbət valyuta balansına malikdi. Azərbaycan dövləti bankın bütün öhdəliklərinə cavabdehdi, çünki, onun sahibi və mülkiyyətçisidi. Burada hər hansı narahatçılığa əsas yoxdur. Amma bu məsələləri Azərbaycan rəsmiləri tam açıqlamalıdırlar, mətbuat vasitəsilə, əmanətçilərini, səhmdarlarını, həmçimnin beynəlxalq maliyyə kredit təşkilatlarını tam bilgiləndirməlidirlər. 
Bu panikanın və uyğun olaraq nəticələrinin aradan qaldırılması üçün mənə elə gəlir ki, gecikdirmədən ciddi tədbirlər görülməlidir:
1.Dövlətin və ya hökümətin  bəyənatla çıxışı və situasiyay tam aydınlıq gətirilməsi, mediada gedən sədaların əsassız olmasını və Azərbaycan dövlətinin real imkanlarının açıqlanması
2.Maliyyə Nazirliyinin, Milli bankın, ABB-nin, MBNP-nın ayrı-ayrılıqda mətbuatda çıxşı, ilk dərc edən media qruplarına məsələ üzrə izahat göndərilməsi və izahatın dərc olunmasına nail olunması, saytlarda geniş informasiya yerləşdirilməsi.
3.Bankın sağlamlaşdırılması üzrə tədbirlərin Beynəlxalq Valyuta fondu ilə razılaşdırılması və tədbirlər planının geniş müzakirəsinin təşkil olunması.
4.Bütün səhmdarlara, müştərilərə, əmanətçilərə vəziyyət barədə sakitləşdirici məlumat verilməlidi, onlarla ciddi izahat işi aparılmamlıdır. 
Bu tədbirlər zənn edirəm, gözlənilən maliyyə çaxnaşmasından bankı və ümumiyyətlə ölkənin iqtisadiyyatını xilas edə bilər.
Saleh Məmmədov, iqtisadçı professor, keçmiş maliyyə naziri



Ana səhifəyə qayıt        Baxış: 816          Tarix: 15-05-2017, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma