Ermənistanı silkələyən etiraz dalğaları son ayların ən yadda qalan hadisəsi oldu. Yüzminlərlə erməninin dəstəyini alan Paşinyanın gələn həftə Ermənistan parlamenti tərəfindən baş nazir təyin olunacağına artıq şübhə edilmir. Nədən ki, hakimiyyətdə olan Ermənistan Respublikaçılar Partiyasının sədri Vaqram Baqdasaryan iki gün əvvəl jurnalistlərə verdiyi müsahibədə 8 mayda parlamentdə keçiriləcək seçkilərdə öz namizədlərini irəli sürməyəcəklərini, deputatların üçdə birinin dəstəklədiyi şəxsə səs verəcəklərini açıqlayıb. Bu isə adı çəkilməsə də, Paşinyanın baş nazir seçiləcəyinə işarədir.
Paşinyanın növbəti dövrün baş naziri olacağı dəqiqləşsə də, sükanı uzun müddət əlində saxlaya biləcəyinə inam azdır. Bu inamsızlığı yaradan əsas amil onun hakimiyyəti idarə etmək üçün yetərli qabiliyyətə malik olmamasıdır. Uzun illər Dağlıq Qarabağ ermənilərinin hakimiyyətindən bezən Ermənistan xalqının dəstəyini alıb siyasi hakimiyyət olimpinə doğru irəliyən Paşinyanın məhz bu özəlliyini əsas gətirən Ermənistan iqtidarı onun baş nazirliyi iddiasını geri çevirmişdi. Ermənistandan gələn xəbərlərə görə, Paşinyanı dəstəkləyən müxaliflər belə öz liderlərinin siyasi təcrübəsizliyini inkar etmirlər. O, heç bir iqtisadi proqrama və kadr potensialına malik olmamaqda günahlandırılır.
Paşinyanın heç doğru-dürüst ali təhsili də yox imiş. Məlumata görə, 43 yaşı olan bu adam İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunsa da, siyasi fəaliyyətinə görə ali məktəbdən qovulmuş və tələbəlikdən qabaq başladığı qəzetçilik fəaliyyətini davam etdirmişdir. Müxalif mövqeyi ilə itirdiyi tələbəlik şansı onun populyarlaşma sahəsində uğuruna çevrilmiş və qısa zaman ərzində işlədiyi “Oragir” qəzetinin baş redaktoru vəzifəsinə gətirilmişdir.
“Oragir” qəzetindəki fəaliyyəti Paşinyanın həbsiylə nəticələnmiş, qəzetdə dərc olunan bir xəbərə görə 1 il azadlıqdan məhrum edilmişdir. Həbsdən çıxdıqdan sonra bir neçə il bir sıra qəzetlərdə fəaliyyətini davam etdirən Paşinyan 2007-ci ildə “Aykakan Jamanak" qəzetinə baş redaktor təyin olunmuşdur. 2008-ci ildə Levon Ter-Petrosyanı dəstəkləmiş və bu da onun ikinci dəfə həbsinə yol açmışdır. 2010-cu ildə 7 il həbsə atılsa da, 2011-ci ildə Ermənistanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə əfv edilmişdir. Məhz bundan sonra Paşinyanın əsl siyasi fəaliyyəti başlamışdır. O, 2012-ci ildə keçirilən parlament seçkilərini qazanmış və bu uğurunu 2017-ci ildə də davam etdirmişdir. Bir sözlə, başı Ermənistanın azadlığı uğrunda mübarizələrə qarışan Paşinyanın ali təhsil almağa vaxtı və imkanı olmamışdır.
Bütün çatışmazlığına baxmayaraq, səlahiyyətləri artırılmış baş nazir postuna gətirilməsi gözlənilən Paşinyanın həmin vəzifədə uzun müddət duruş gətirəcəyi inandırıcı görünmür. Məhz bu xüsusiyyətinə görə, Ermənistanın yeni lideri Gürcüstanın keçmiş prezidenti Saakaşvilidən daha çox, bizim Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” əsərindən tanıdığımız Yusif Sərraca bənzəyir. Sadəcə, bircə fəqrlə: Şah Abbasın ulduzları aldatmaq metodunun qurbanına çevrilən Yusif Sərracdan fərqli olaraq, Nikol Paşinyan narazı erməni xalqının etirazlarını sakitləşdirmək üçün irəli sürülüb.
Yeni erməni liderinin baş nazirlliyə uzanan yolda qarşılaşdığı bir çox sərgüzəştlər də bu versiyanı təsdiqləyir. İddialara görə, ötən ayın 12-də narazı kütləni arxasına alıb Gümrüdən Yerevana yürüyərkən, İrəvanda yüzminlərlə etirazçının onu qarşılamağa çaxacağını özü də gözləmirdi. Həmin yürüş zamanı saxlanılıb bir neçə gün gözaltında tutulanda da Sarkisyanın mövqeyi 2008-cı ildə Levon Ter-Petrosyan tərəfdarlarına göstərilən reaksiyadan fərqli idi: 2008-ci ildə İrəvanda hakimiyyətə qarşı etiraz mitinqləri zor gücünə dağıdılmış, polislə etirazçılar arasında çıxan qarşıdurmalarda ölən və yaralananlar olmuşdu. Üzərindən 10 il keçəndən sonra təkrarlanan etiraz aksiyaları isə xeyli dinc şəraitdə baş tutdu və Sarkisyan Paşinyanın haqlı olduğunu bildirib üzr istəyərək istefaya getdi.
Bir çoxları bunu hər iki mitinqə qatılanların say fərqi ilə əlaqələndirə bilərlər. İddia oluna bilər ki, 2008-ci ildəki etiraz mitinqləri indiki qədər qələbəlik olmadığından onu yatırtmaq mümkün olmuşdur. İndisə meydana 100 minlərlə etirazçı çıxdığından rəsmi İrəvan geri çəkilmək məcburiyyətində qalmışdır.
İlk baxışdan inandırıcı görünən bu arqument kiçik araşdırmaya duruş gətirməyəcək qədər zəifdir. Əvvəla, Levon Ter-Petrosyan tərəfdarlarının 10 il əvvəl keçirdiyi mitinq də azsaylı deyildi. O dövrün məlumatlarına göz gəzdirsək, həmin vaxt da 10 minlərlə adamın mitinqə çıxdığını, hətta kütləvi etiraz aksiyalarının 9 gün davam etdiyini görə bilərik.
Üstəlik, 2008-ci ildə erməni qərbpərəstlərinin xarici dəstəyi də indikindən xeyli artıq idi. Ermənistanın şimal qonşusu olan Gürcüstanda Saakaşvili komandası iqtidardaydı və Qərb ölkələri post-sovet məkanında “narıncı inqilab” yaymağa çalışırdı. Dolayısıyla Rusiya da Qafqaza indiki qədər hakim deyildi. Levon Ter-Petrosyan isə açıq şəkildə Qərbi dəstəkləyir və Rusiyaya qarşı bəyanatlar verirdi. Deməli, Levon Ter-Petrosyandan fərqli olaraq, Paşinyanın 10 il sonra əldə etdiyi uğuru Qərbdən alınan dəstəklə izah etmək mümkün deyil. Əksinə, Cənubi Qafqaz üzərində tam hakimiyyətini quran Rusiya Ermənistanda hər zamankından daha çox təsir gücünə malikdir.
İndiki Paşinyan hərəkatının da qərbpərəst ritorika ilə meydana çıxdığı sirr deyil. Paşinyanın 2012-ci ildən parlamentdə rəhbərlik etdiyi fraksiyanın adı belə antirus xarakteri özündə əks etdirir: “Elk” (Çıxış) sözü Rusiyanın liderliyi ilə qurulan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ayrılmağı nəzərdə tutur. Paşinyan siyasi fəaliyyətə başladığı gündən indiyə qədər dəfələrlə Rusiyaya qarşı ritorikaları ilə seçilib və iddialara görə, onun bu yaxınlarda söyləmlərini dəyişməyə çalışması Moskva ilə aralarındakı çatı doldura bilməyib.
Xatırladaq ki, Paşinyan bu yaxınlarda Gümrüdə keçirdiyi mitinqdə rus ordusuna Ermənistanın suverenliyinin qarantı kimi baxdığını, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ayrılmaq istəmədiyini ifadə etmiş və dolayısıyla Kremlə əməkdaşlıq mesajı göndərmişdi. Maraqlıdır ki, bu mesajdan sonra Putinin fikir atası sayılan Aleksandr Dugin mətbuata verdiyi geniş açıqlamasında irəli sürdüyü Avrasiyaçılıq nəzəriyyəsi ilə bağlı düşüncələrini yenidən gündəmə gətirmiş, Rusiya-Türkiyə-İran ittifaqıyla bu xəyalın reallaşdırılacağını iddia etmişdir. Həmin açıqlamasında Dugin Dağlıq Qarabağ məsələsinə də münasibət bildirərək demişdir:
“Türkiyə ilə Rusiya arasında Dağlıq Qarabağla bağlı hər hansı bir problemin olduğunu düşünmürəm. Bu məsələdə eyni mövqedəyik. Biz Azərbaycanın tərəfini tuturuq”.
Duginin bu fikirləri Rusiyanın öz strateji məqsədləri üçün Ermənistan himayədarlığından vaz keçməyə hazırlaşdığını göstərir. Zənnimizcə, Paşinyan uğurunun əsl sirri də bu fikirlərdə gizlənib: Duginin bu fikirləri təkcə Paşinyan Ermənistanına verilən mesaj deyil, həm də Rusiyanın regionda ən güclü olduğu bir zamanda qərbpərəst Paşinyanın qazandığı uğurun əsl səbəbidir. Hətta bəlkə də Paşinyan hərəkatı Avrasiya İttifaqı layihəsinin tərkib hissəsidir. Daha açıq ifadə ilə desək, Avrasiya ittifaqı hədəflərini reallaşdırmaq istəyən Rusiya Türkiyəyə dostluq sədaqətini, region dövlətlərinin suverenliyinə hörmətlə yanaşdığını göstərməlidir. Dağlıq Qarabağ Rusiyanın birbaşa müdaxiləsilə ermənilərin əlində olduqca bu istiqamətdə deyilən bütün fikirlər havadan asılı vəziyyətdə qalır. Duginin profilini cızdığı Avrasiya İttifaqı naminə Azərbaycanın Dağlıq Qarabağda uğurlar qazanmalı, öz dövlət sərhədlərinə daxil olan coğrafiyanın heç olmasa müəyyən hissəsində hamiyyətini bərpa etməlidir. Sözügedən uğurlar isə həm buna səssiz qalan Moskvanı, həm də Ermənistandakı Rusiya tərəfdarı olan Sarkisyan hakimiyyətini erməni lobbiləri qarşısında çətin sala bilər. Deməli, Ermənistanda müvəqqəti olaraq hakimiyyətə Rusiyaya arxa çevirən zəif və savadsız lider gətirilməli, ölkə iqtisadiyyatında son illərdə baş verən tənəzzül, həm də Qarabağda Azərbaycan və Türkiyəyə veriləcək sədaqət payının məsuliyyəti həmin liderin günah dəftərinə yazılmalıdır. Beləcə, erməni xalqı öz ümidgahına çevrilən qərbpərəstlərə nifrət etməli və yenidən təhlükəsizlik səbəbilə ruspərəstlərin ətəyindən yapışmalıdır.
Yeri gəlmişkən, Rusiyanın Azərbaycanla münasibətlərini yoluna qoymaq üçün Dağlıq Qarabağ ətrafında 5 rayonu geri qaytarmaq istədiyi bizim mətbuat orqanlarında, artıq iki ildir, dəfələrlə dərc olunub və Sarkisyan hakimiyyətinin bu plana qarşı çıxdığı bildirilib. Mümkündür ki, Rusiya öz strateji hədəflərini reallaşdırmaq üçün bir daşla iki quş vurmaq eşqinə düşsün: həm sözəbaxmaz Sarkisyanı Paşinyan vasitəsilə devirsin, həm də Ermənistanın Yusif Sərracını Dağlıq Qarabağda məğlubiyyətə uğradaraq və iqtisadi böhranın əsl günahkarı kimi göstərərək, qısa müddətdən sonra başqa ruspərəstlərin yeminə çevirsin.
Bu mənada Paşinyanı Ermənistanın Yusif Sərracı adlandıra bilərik. Əslində Paşinyan da qazandığı uğurun xeyli asan başa gəldiyinə və iqtidarın rahatlıqla ona veriləcəyinə inanmır. Onun ötən gün facebook səhifəsində erməni gəncliyinə etdiyi müraciətindəki bəzi məqamlar da bu nigarançılıqdan xəbər verir:
“Heç kim koorupsioner rejimin asan təslim olacağına dair illüziyaya qapılmamalıdır. Təmkinimiz qorumalıyıq. Bizə müxalif olan qüvvələrin öz mənfəətlərdən hərəkətlə əks inqilabi prosesə başlamalarını ehtimal xarici hesab etmirəm. Diqqətli olmalıyıq və indiki şəraitdə prinsiplərimiz çərçivəsində çox sürətli fəaliyyət göstərməli və qələbəmizi məntiqi nəticəsinə çatdırmalıyıq”.
Heydər Oğuz
Paylaş: