Xəbər lenti
Dünən, 19:25

 

Ermənistanda Paşinyan hərəkatı ortaya çıxıb zəfərə yaxınlaşdıqca Azərbaycan ictimaiyyətini bir sual düşündürür: Biz niyə bəyənmədiyimiz ermənilərin rejim üzərindəki qələbələrini təkrarlaya bilmirik? Azərbaycanın demokratik qüvvələri erməni demokratlarından zəifdir, yoxsa hakimiyyətimiz daha sərtdir? Olmaya, Azərbaycan xalqının dirəniş gücümü qırılıb, müti vəziyyətəmi salınıb?

Ortaya çıxan bu və bənzər suallara hər birimiz ictimai mövqeyimizə görə cavab axtarırıq. Müxalif siyasi düşərgə mənsubları bunun günahını narazı kütlənin passivliyində, narazı kütlə müxaliflərin parçalanmasında və rejimin sərt idarəetmə metodlarında görür. Millətin dirəniş gücünü tamamilə itirdiyini düşünüb pessimizmə yuvarlananların da sayı az deyil.

Etiraf edək ki, ölkədəki vəziyyət, ədalətsizliyin baş alıb getməsi, korrupsiyalaşmış rejimin bir an dayanmadan öz fəaliyyətini davam etdirməsi, məmur özbaşınalığı, ölkə əmlakının talanması, yaltaqlığın, ikiüzlülüyün, dələduzluğun son həddə çatması ağla gələn bütün cavabları haqlı çıxarır. Heç bir millət, xalq bu cür idarə edilməyə layiq deyil və hər şeyin açıq şəkildə ortaya çıxdığı, idarəçilərin isə islahatlara getmək istəmədiyi bir şəraitə dözməz, mütləq hansa sərt reaksiyalar göstərərdi. Biz isə hələ də susur, hansısa qurtarıcının peyda olub vəziyyəti düzəldəcəyinə ümid bağlayırıq.

Bununla belə, Azərbaycandakı mütiliyi Ermənistandakı aktivliklə müqayisə edib düşmən tərəfi daha mübariz görənlərin diqqətə alması gərəkən bir sıra amillər var və o amilləri hesaba qatmadan müəyyən qənaətlərə varmaq doğru deyil. Bu yanlış qənaətlər xalqımızı aşağılamaqdan, onun olan-qalan ümidini qırmaqdan başa bir işə yaramaz.

Azərbaycanla Ermənistan arasında birimizin mütiliyini, digərimizin aktivliyini şərtləndirən obyektiv səbəbləri bir neçə yerə ayırmaq olar. Onlardan biri, hər iki ölkənin bir-birindən fərqli iqtisadi xarakterlərə malik olmasıdır.

Bildiyimiz kimi, Ermənistanın bizim kimi zəngin təbii sərvətləri yoxdur. Dolayısıyla, onlarda siyasi sistemin işləməsi üçün iqtisadiyyatın şaxələnməsinə ehtiyac var. Şaxələnmiş iqtisadiyyat isə müxtəlif sektorların bir-biriylə təbii siyasi rəqabətini tətikləyir. Hər kəs daha avantajlı duruma gəlmək üçün idarəetmə orqanlarına can atır və bu da toplumdakı siyasi aktivliyi formalaşdırır.

Azərbaycanda isə iqtisadiyyat 85-90% neftdən asılıdır. Digər sahələr neft gəlirlərindən qidalandığından sektorlararası siyasi rəqabətdən də söhbət gedə bilməz. Tikintidən tutmuş kənd təsərrüfatı müəssisələrinə, sənayeyə qədər hər şey əsas gəlir qaynağımız olan neft hasilatına nəzarət edən bir ovuc məmur kütləsinin əlində cəmləşib. Onlar isə həm də hakimiyyətin müxtəlif qanadlarını bölüşdürdüklərindən aralarında ciddi rəqabət də mövcud deyil. Məmurlar, yaxud müasir terminlərlə desək, klanlar arası rəqabət konservləşdirilmiş çərçivədə gedir və geniş xalq kütəsinə yayılmasına imkan verilmir. Beləcə, siyasi hakimiyyət uğrunda mübarizədə xalq amilindən istifadə olunmaması qeyri-demokratik mühitin formalaşmasına gətirib çıxarır. Ölkənin demokratik qüvvələri isə heç bir kapitala malik olmadığından qarşıya qoyduqları hədəfi də reallaşdıra bilmirlər.

 

Ermənistandakı siyasi aktivliyin digər əsas səbəblərindən biri xaricdəki lobbilərinin fəaliyyətindən qaynaqlanır. Sirr deyil ki, dünyanın müxtəif ölkələrinə səpələnmiş erməni xalqının əsas gücü Ermənistandan çox xaricdədir və onlar 150 ildən artıqdır ki, milli hədəflər ətrafında təşkilatlanıblar. Məlumatlara görə, təkcə ABŞ-da 1.5 milyon erməni yaşayır ki, bu da rəsmi statistikaya görə, 3 milyon əhalisi olan Ermənistanın yarısı qədərdir (Ermənistan əhalisini daha az olduğu bildirilir). Fransada isə yarım milyona yaxın erməni məskunlaşıb. Ermənilərin ən çox məskunlaşdığı yerlərin başında isə Rusiya gəlir – 2.5 milyondan çox; hardasa, Ermənistanın özü qədər əhali.

Üstəlik, dünyanın müxtəlif yerlərinə səpələnmiş ermənilər iqtisadi güc sahibləridir. Onların əksəriyyəti Osmanlı hakimiyyəti zamanı Anadolu ərazilərini tərk ediblər. Osmanlı dövründə isə ermənilər kapitalist Qərb ölkələri tərəfindən maliyyələşdirilərək, Anadolunun ən böyük iqtisadi gücü halına gətirilmişdilər. İstər Fransa, istər İngiltərə, istərsə də Çar Rusiyasının Osmanlını parçalamaq üçün yürütdüyü bu siyasət həm də Qərb şirkətlərinin biznes maraqlarına söykənirdi. Onlar Osmanlı-Qərb münasibətləri korlanacağı təqdirdə, öz kapitallarını qorumaq üçün tərəfdaşlarını qeyri-müsəlmanlar arasında seçirdilər. Mədəniyyət yaxınlığı, iqtisadi münasibətlərə eyni məntiqdən yanaşma tərzləri də bu seçimlərdə müstəsna rol oynayırdı. Beləcə, Osmanlı hakimiyyəti dövründə türklər hərb meydanlarında ölür, ermənilər isə getdikcə varlanırdılar. Osmanlının çöküş dönəmlərində Qərb himayədarlarına sığınan və onların təşviqiylə yaşadıqları dövlətə arxadan zərbə vurmağa çalışan ermənilər 1915-ci ildə ölkədən çıxarıldıqları zaman kapitalist təfəkkürlərini, iqtisadi əlaqələrini və var-dövlətlərini də özləri ilə bərabər apardılar. Qərb havadarlarının dəstəyi ilə düşmən kəsildikləri Osmanlılara qarşı təşkilatlanmaları da özünü çox gözlətmədi. Beləcə, pənah apardıqları yeni dünyada böyük şirkətlər qura bildilər və lobbi fəaliyyətinə girişdilər.

 

Erməni lobbiçiliyi Qərb imperializminin Osmanlılara təzyiq vasitəsi olmaqla yanaşı, həm də milli kimliyi mühafizə edən vasitəyə çevrildi. Başqa sözlə desək, erməni lobbisi ilə Qərb  ölkələrinin maraqları eyni idi və bu gün də belədir. Onlardan yaşadıqları ölkələrin mədəni mühitində əriyib yox olmamaları üçün türk düşmənçiliyini davam etdirmələri tələb olunurdu. Milli kimliklərini mühafizə etmələri isə erməni əsilli iş adamlarının əlində siyasətə təsir imkanları demək idi. Bu iddiamızı daha rahat anlamaq üçün bu gün ABŞ-da fəaliyyət göstərən erməni lobbilərinin fəaliyyət proqramına baxmaq kifayətdir. Sirr deyil ki, ABŞ-da əllərində 1.5 milyonluq seçici bazası saxlayan erməni lobbisi səslərini anlaşdıqları siyasilərə “satmaq”la siyasi və iqtisadi divident qazanırlar. Bir çox dövlət layihələrini səs verdikləri siyasi partiyalardan alır və daha çox varlanırlar. Deməli, insan gücü erməni lobbisini maliyyələşdirən iş adamları üçün həm də iqtisadi kapital qaynağı deməkdir. Əlbəttə, heç bir iş adamı öz çörək ağacını kəsməz, onu daha çox inkişaf etdirməyə çalışar. Necə deyərlər, “qaz gələn yerdən toyuq əsirgənməz”.

Erməni əhalisinin öz mədəniyyətlərinə yaxın mühitdə yox olmaması, assimiliyasiyaya uğramamaları üçün isə Türk düşmənliyini diri tutmaqla yanaşı, Ana Vətəni iqtisadi cəhətdən dəstəkləmək tələb olunur. Zira Ana Vətən olmasa, lobbiçilik fəaliyyəti də mümkün deyil. Deməli, Ermənistanı maddi və mənəvi cəhətdən dəstəkləmək, ondan Azərbaycan və Türkiyəyə qarşı istifadə etmək erməni iş adamlarının vətənpərvərliklərindən daha çox, iqtisadi layihələridir. İqtisadi maraqları olduğu üçün Ermənistanda baş verən proseslərlə maraqlanır, öz maraqlarını ona diktə edirlər. Ermənistanın əsas gəlir qaynağına və xarici siyasət alətinə çevrildikləri üçün rəsmi İrəvan da lobbilərlə razılaşmaq məcburiyyətindədir. Bunun nəticəsidir ki, son hadisələr zamanı erməni lobbiləri Paşinyanı açıq şəkildə dəstəklədi və həmin dəstək onun uğurunun əsas səbəbini təşkil edir.

 

Azərbaycan diasporunun vəziyyətinə baxanda isə tamamilə başqa mənzərəylə qarşılaşırıq. Bir çoxları Ana Vətəndə öz millətindən olan istismarçılar tərəfindən zülmə məruz qalıb və ata-baba yurdlarını tərk ediblər. Dolayısıyla əksəriyyətinin qəlbində mövcud siyasi rejimə qarşı üsyan və nifrət alovlanır. Ana Vətənlə aralarındakı qopuqluq istər-istəməz onların lobbi kimi formalaşmasına da mənfi təsir göstərir və nəsillər yeniləşdikcə assimiliyasıyaya uğrayıb yox olurlar.

Digər tərəfdən zülmə məruz qaldıqlarından pənah apardıqları yeni dünyaya da cibləri, əlləri boş gedirlər. Bu da lobbiçilik fəaliyyətlərini maliyyələşdirməyi çətinləşdirir.

Xaricdəki zəngin azərbaycanlılar da var, amma onlar əldə etdikləri pulları korrupsiya yolu ilə qazandıqlarından sərvətlərini gizlətməyə, yaxud özlərini və üzlərini “ağartmağa” sərf edirlər. Əksər hallarda nə zamansa iqtisadi sanksiyalara məruz qalacaqları qorxusuyla sərvətlərini gizli tutulduğundan real iqtisadiyyata yatıra bilmirlər. Beləcə həmin sərvətlər ölü kapitala çevrilib dəyərsizləşir və baş ağrısından başqa heç nə gətirmir.

Erməni diasporunun maliyyə gücüylə bizimkilərin ölü sərvətləri arasındakı başlıca fərq isə onların qaynaqları və axış yerləridir. Erməni lobbiləri Qərb dünyasında qazandıqlarını Ana Vətənə göndərib onun iqtisadi inkişafına yönəltdikləri halda, bizim iri məmurlarımız Ana Vətəni talayıb Qərb banklarında ölü kapitala çevirirlər. Bizim üçün ölü kapital olan bu sərmayələr Qərb iqtisadiyyatını dirçəldir. Sözsüz ki, bu dirçəlişdən erməni iş adamları da öz nəsiblərini alırlar. Dolayısıyla, Azərbaycan xalqının oğurlanmış sərvətləri iri məmurlarımız istəməsələr belə, Ermənistanın işinə yarayır.

Maraqlıdır ki, Azərbaycan hakimiyyəti müstəqilliyimizi bərpa edəndən bəri xaricdə yaşayan soydaşlarımızı erməni lobbisinə bənzər şəkildə təşkilatlandırmağa çalışsa da, bu hədəfi reallaşdıra bilmir. Bunu ölkə başçısı da öz çıxışlarında dəfələrlə etiraf edib. Prezidentin 16.04.2004 tarixində  keçirilən Avropa Azərbaycanlıları Konqresi təsis  konfransında çıxışındakı bu fikirlər iddiamızın ən bariz nümunəsidir:

 

“Düşünürəm ki, Avropada yaşayan azərbaycanlı icmalarının bütün istiqamətlər üzrə daha böyük imkanları, istifadə olunmamış potensialı mövcuddur. Bu ölkələrdə həmvətənlərimizin birləşməsi, təşkilatlanması hələ də lazımi səviyyədə deyildir. Diasporumuz sözün həqiqi mənasında, hələ tam formalaşmayıb, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələr kifayət qədər möhkəm və davamlı deyildir. Yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatına onların təsiri zəif hiss olunur”.

Azərbaycan diaspor fəaliyyətinin baş tutmamasının, lobbiyə çevrilməməsinin başlıca səbəbi soydaşlarımız arasında dərin uçurumların mövcudluğudur. Ana Vətəndəki siyasi mühit istər-istəməz xaricə daşındığından və kasıb soydaşlarımız zənginlərimizi öz qənimləri kimi gördüklərindən onların təşkil etdikləri tədbirlərə qoşulmaq istəmirlər. Bu tədbirlərin əksəriyyətini milli maraqlardan çox hakimiyyəti qorumaq instiktindən yaranmış fəaliyyət kimi görürlər və bir çox hallarda haqsız da deyillər. Belə bir mühitdə, sözsüz ki, hər hansı lobbi quruculuğundan söhbət gedə bilməz. Zənginlərin öz soydaşlarımıza söykənərək yaratmağa çalışdıqları lobbiçilik fəaliyyəti alınmadığından onlar da çarəni “kürü diplomatiyası”nı davam etdirməkdə görürlər. Nəticədə lobbiçiliyə ayrılmalı olan pullar xarici qüvvələrin cibinə axır. “Bildirçinin bəyliyi darı bitənə qədər olduğu” kimi, Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara təsir imkanları da kürü qurtarana qədər davam edir.

Öz ölkəsinin sərvətlərini talayan zümrədə milli hislərin tədricən aşınmaya uğramasını da hesaba qatsaq, xaricdə bir millət olaraq necə yox olduğumuzu və bu yoxoluşdan yanlız “başbilənlərimizin” kölələşdirdiyi sadə azərbaycanlıların deyil, onların özlərinin də təsirləndiyini anlaya bilərik. Hətta istismarçı sinif bu errroziyaya daha çox məruz qalırlar. Bunun ən bariz nümunəsini bu yaxınlarda Rusiyada fəaliyyət göstərən bir diaspor təşkilatının sədrinin qızının erməniyə ərə getməsində görə bilərik. Bu yazının müəllifi kimi, insan duyğularına fərqli aspektdən baxmağa qarşı olsam da, açığını desəm, erməniyə ərə gedənin məhz diaspor rəhbərinin qızı olmasını həzm edə bilmirəm. Ən azı ona görə ki, Azərbaycan hakimiyyətinin diasporla iş siyasəti tamamilə erməni təxribatını zərərsizləşdirmək üzərində qurulub. Bu iddianı ölkə başçısı İlham Əliyev də öz çıxışlarında etiraf edərək deyib:

"Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik”.

“Erməni qulaqlarına” qarşı mübarizə siyasətini icra edənin isə düşmən elan olunmuş tərəflə ailəvi münasibətləri, qız alıb-vermələri ortaya çıxır. Ən maraqlı məqam isə həmin diaspor rəhbərinin özünün də xanımının erməni əsilli olmasıdır. Təkcə bu fakt son 25 il ərzində yürüdülən siyasətin tamamilə təsadüfi adamlara həvalə edildiyini, hətta Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərdən yayındığını göstərir. Erməni lobbisindən fərqli olaraq, bizim diasporun məhz Ana Vətəndən qidalandıqlarını nəzərə alsaq, Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla işə ayırdığı kapitalın iflasa uğradığını söyləmək mümkündür.

Sözsüz ki, Azərbaycan xalqının indiki passivliyi ilə erməni aktivliyində xarici amillər də az rol oynamır. Azərbaycanın indiki kimi idarə olunması xarici dövlətlərə sərf etdiyindən heç kimi milli iradəmizin ortaya çıxmasını arzulamır. Hər kəsə xalq iradəsindən təcrid olunmuş hökumət daha sərfəlidir. Bu cür hökumətlər diplomatik danışıqlarda daha zəif olur və dirəniş göstərə bilmirlər. Siyasi cəhətdən aktiv xalq faktoru bu mənada milli maraqların qorunmasında müstəqil dövlətlərin ən böyük silahıdır.

Azərbaycan hakimiyyəti də məhz bu amili nəzərə alıb siyasi idarəetmə anlayışını və gəlir sahələrinin şaxələnməsinin  önünü açmalıdır. “Güclü xalq, zəif hökumət” strategiyası Azərbaycanda siyasi mübarizənin dar çərçivədən çıxıb bütün xalqa yansıması baxımından bəlkə iqtidar sahiblərinin maraqlarına uyğun olmaya bilər. Amma bu ehtimal belə, indiki durumun gətirdiyi naqisliklərdən daha pis deyil.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 3 007          Tarix: 8-05-2018, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma