Xəbər lenti

 

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Jong ilə iyunun 12-də Sinqapurda bir araya gələcəklər.

 Ovqat.com-un bildirdiyinə görə, bu məlumatı Tramp dünən keçirdiyi mətbuat konfransında verib.

Şimali Koreyanın yüksək səviyyəli rəsmisi Kim Yong-çol ilə Ağ Evdə keçirdiyi görüşdən sonra mətbuat nümayəndələri qarşısına çıxan Tramp onu da əlavə edib ki, 12  iyunda baş tutacaq həmin görüşün uğurlu alınacağına inanır.

Tramp koreyalı həmkarının ona əməkdaşlıq arzularını ifadə edən məktub göndərdiyini  və mətubun "çox xoş və maraqlı" üslubda yazıldığını bildirərək deyib: "Bu yaxın əlaqələri Şimali Koreya istəyir. Mümkün olsa biz də istəyəcəyik".

Şimali Koreya ilə bağlı bir çox sanksiya qərarlarının hazır olduğunu xatırladan Donald Tramp hazırda davam edən diplomatik proses başa çatana qədər bu tədbirləri həyata keçirməyəcəklərini, lakin Koreya yarımadası nüvə silahından təmizlənənə qədər sanksiyaların da masada olacağını deyib.

 Sinqapurdakı bir görüşlə hər şeyin həll olunacağını heç bir zaman iddia etmədiyini bildirən ABŞ Prezidenti Tramp prosesin uzun çəkəcəyini də gizlətməyib.

Qeyd edək ki, hər mövzudakı ziddiyyətli açıqlamalarıyla vaxtaşırı gərginliklər yaratmağı bacaran Tramp Kim Jongla 12 iyunda gözlənilən görüş məsələsində də bu ənənəsini qoruyur. O, bir müddət əvvəl - 24 Mayda Şimali Koreya lideri Kim Jonga məktub yazaraq, son bəyanatlarındakı "qəzəb və açıq düşmənçilikdən" dolayı Sinqapurda keçirilməsi planlaşdırılan görüşə gəlməyəcəyini bildirmişdi. Şimali Koreyanın bu məktuba cavabı isə xeyli təmkinli olmuşdu. Ölkənin Xarici İşlər nazirinin müavini Kim Kye-gwan məktudan bir gün sonra bəyanat verərək, Trampın görüşdən imtina etməsinə baxmayaraq, ABŞ -la danışıqlara açıq olduqlarını söyləmişdi. Bu bəyanat, deyəsən, ABŞ prezidentini xeyli yumşaltmağa kifayət etmiş və o, gözlənilən görüşün mümkünlüyü mesajını vermişdi

Məhz bu qarşılıqlı “nazlaşma”lardan sonra Şimali Koreya öz elçisi Kim Yong-çölü ABŞ-a göndərmişdi. Koreya elçisi ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo ilə Nyu-yorkda 2 gün davam edən görüşlər keçirmiş və görüşlər nəticəsində Trump ila Kim arasında sammitin önünün açıldığı qeyd edilmişdi.

Maraqlıdır ki, ABŞ-la Şimali Koreya ilə arasında körpülərin atıldığı bir zamanda Rusiya da boş dayanmaq fikrində deyil.  Məlumata görə, 2 gün əvvəl (Pxenyanın elçisi Nyu-yorkda ABŞ dövlət katibi Pompeo ilə danışıqlar apardığı sırada) Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov Şimali Koreyaya səfər etmiş və ölkə rəsmilərilə önəmli görüşlər keçirmişdi. Ekspertlər bu görüşü dəyərləndirərkən, Rusiya ilə Şimali Koreya arasındakı əlaqələrin “yüksək səviyyədə aktiv hala gətirilməsi üzərində razılığa gəlindiyini” qeyd etmişdilər. Ən maraqlı açıqlama isə Rusiya prezidentinin sözçüsü Dmitri Peskovdan gəlmişdi. Kremlin mətbuat katibi jurnalistlərin suallarını cavablandırarkən yaxınlarda Putin – Kim arasında da görüş keçirilə biləcəyini istisna etməmişdi:

“Bəli, həqiqətən, belə bir görüş ola bilər. Görüşün forması və vaxtı diplomatik kanallar vasitəsi ilə tənzimlənəcək".

Görünən budur ki, Şimali Koreya ABŞ və Rusiya arasında diplomatik basqıların yeni ünvanına çevrilməkdədir.




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 2-06-2018, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma