Türkiyə və ABŞ hərbi rəsmiləri Münbicin taleyi məsələsində ortaq məxrəcə gələ biliblər.
Ovqat.com xəbər verir ki, məlumatı Türk ordusunun Baş qərargahı yayıb.
Bildirildiyinə görə, daha əvvəl razılaşdırılan “Münbic Yol Xəritəsi” və “Münbic Təhlükəsizlik Prinsipləri” sənədləri üzərində Türkiyə və ABŞ hərbi rəsmilərin iştirakı ilə Almaniyanın Ştutqart şəhərində yerləşən Avropa Komandanlığı Qərargahında 12-13 İyunda iclas keçirilib. Toplantıda Türkiyə və ABŞ hərbi rəsmilərinin üzərində çalışdıqları Münbic planı mövzusunda razılıq əldə olunub. Razılaşdırılan mətnin hər iki ölkənin yüksək orqanlarına təqdim edilməsi qərara alınıb.
Qeyd edək ki, əhalisinin 90 faizindən çoxu ərərblərdən təşəkkül tapan Münbic 2016-cı ildə ABŞ ordusunun dəstəyiylə kürd separatçılarının əlinə keçmişdi. Bundan əvvəl isə bölgəyə İŞİD nəzarət edirdi.
Münbic Türkiyə sərhədlərində və PKK-nin Suriyadan bu ölkəyə keçiş marşrutu üzərində yerləşdiyindən Ankara bu yaşayış bölgəsinin separatçıların əlinə keçməsindən narahatdır və etirazını dəfələrlə dilə gətirmişdi. Münbic həm də Suriyanın şimalında İraq sərhəddindən Aralıq dənizinə uzanan kürd zolağı üzərində yerləşir və ABŞ bu zolaqda “Kürdüstan dövləti” yaratmağa çalışır. Xəyali “Kürdüstan” proyektini öz ərazi bütövlüyünə təhlükə sayan Türkiyənin etirazlarının əsasında bu amil də dayanır. Odur ki, ABŞ-la Türkiyə arasında əldə olunan son razılaşmalar PKK uzantılarının növbəti ümidlərini də puç edə bilər.
Əslində iki NATO müttəfqinin Münbic məsələsində fikir birliyinə gəlməsi gözlənilməz deyildi. İki həftə öncə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət Departamentinin sədri Mike Pompeonun ABŞ-da keçirdikləri görüşdə də Münbicin təhlükəsizliyini və regionda sabitliyin təmin olunmasını özündə birləşdirəcək yol xəritəsi qəbul edilmişdi. İki ölkənin hərbçiləri də baş diplomatların bu görüşündən sonra masa ətrafında əyləşib, əldə olunan razılaşmanın detallarına nəzər salırdılar.
Yol xəritəsi başa çatdıqdan sonra regionda vəziyyətin sabitləşməsi ilə münbiclilərin evlərinə qayıtmalarının təmin olunacağı gözlənilir.
Paylaş: