“Elmar Vəliyevin güllələnməsi olduqca ciddi dərslər çıxarılacaq hadisədir”.
Ovqat.com xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanov məlum sui-qəsd faktını şərh edərkən belə deyib.
Onun sözlərinə görə, Gəncənin icra başçısı vətəndaşlara zülmüylə ad çıxarıb: “Gəncədə kimi danışdırırsan, Elmar Vəliyevin sakinlərə tutduğu divandan bəhs edir. Bu, o adamdır ki, müəllimlərə küçələri təmizlətdirir, böyük Məhəmməd Əminin heykəlinin başına torba keçirirdi. O, sanki Gəncə şəhərini özününküləşdiribdir. İnsanların mülkiyyət hüquqlarını kütləvi şəkildə pozur, əmlaklarını qəsb edir, heç bir məhkəmə qərarlarını hesaba almır, qısaca desək, özünü Gəncənin şahı kimi aparırdı. Dünən yaşanan sui-qəsd bu baxımdan gözlənilməz deyildi. Məncə, sui-qəsdin ən dərin qatında yatan səbəblər araşdırılıb ortaya çıxarılmalı və bundan sonra hadisəyə ədalətli hüquqi qiymət verilməlidir”.
Hadisənin baş verdiyi gün gəncəlilərin istər sosial şəbəkələrdə paylaşdığı statuslarında, istərsə də şəxsən telefonla əlaqə saxladığı insanlarla söhbətində hər kəsin bu xəbərə sevindiyini deyən Elçin Qurbanov bunu paradoks adlandırdı:
“Məlumata görə, hadisəni törədən şəxs hansısa cinayət əməli ilə əlaqədar axtarışda imiş. Elmar Vəliyev isə Gəncənin rəhbəri hesab olunur. Təsəvvür edin ki, cinayətdə ittiham olunan biri rəhbər şəxsə atəş açır, əhali isə az qala bunu bayram edir. Məncə, Elmar Vəliyev və Azərbaycan rəhbərliyi bu paradoksal haldan nəticə çıxarmalı, bir rəhbərin niyə bu qədər nifrət obyektinə çevrilməsinin səbəbini aydınlaşdırmalıdır. Elman Vəliyevin xəstəxanadan yaralı-yaralı verdiyi mətbuat açıqlaması isə onun hadisəyə adekvat qiymət vermədiyini göstərir. Adam açıqlamasında deyir ki, tezliklə iş başına qayıdacağam. Məncə, Azərbaycan rəhbərliyi ictimaiyyət tərəfindən verilən bu mesajları göz önünə alıb, Elmar Vəliyevi vəzifəsindən dərhal çıxarmalıdır. Əks halda heç bir mesajı eşidilməyən Gəncədə proqnozlaşdırılması mümkün olmayan daha böyük hadisələr baş verə bilər”.
Paylaş: