Xəbər lenti

 

Gəncə icra başçısı Elmar Vəliyevin sui-qəsdə məruz qalmasının səbəbləri müxtəlif amillərlə əsaslandırılır. Bəzi iqtidar mənsubları bunu İranın, bəziləri isə Rusiyanın həyata keçirdiyi təxribat planı sayırlar. Hadisəni dini terrorizm, “İmam Hüseynin qısası” hesab edənlər də, adi kriminal “razborka” kimi görənlər də var.

 Əlimizdə bu arqumentlərin hansının doğru olduğunu müəyyənləşdirmək üçün kifayət qədər dəlillər olmadığından hər hansı arqumenti çürütmək, əksini sübuta yetirmək iddasından uzağıq. Sadəcə, onu demək istəyirik ki, sui-qəsdin arxasında hətta təxribat plana dayansa belə, xüsusilə Gəncənin seçilməsi təsadüfi deyil. Çünki adətən bütün təxribatçı zərbələr qarşı tərəfin zəif nöqtələrinə vurulur. Elmar Vəliyevi də zəif həlqəyə çevirən isə öz əməlləri ola bilər. Mümkündür ki, Azərbaycanın ən zalım icra başçısına qarşı törədilmiş bu sui-qəsd həqiqətən də insanlarımızı mövcud rejimə qarşı ayağa qaldırmaq niyyətindən doğsun. 

Amma bu versiyada belə, günahı onda-bunda axtarmaqdansa, öz vətəndaşlarımızın icra başçısına duyduqları dərin nifrətinin səbəbləri araşdırılmalı, Gəncədə və digər icra hakimiyyəti orqanlarında bu zəif nöqtəmiz aradan qaldırılmalıdır. Elmar Vəliyev barədə you-tube kanalında yayımlanan yüzlərlə materiallar ictimai narazılığın  hansı səbəbdən bu həddə yüksəldiyini göstərir.

Həmin video-görüntülərdə təqdim edilən mənzərələr onu deməyə əsas verir ki, Gəncə hadisəsinin ən başlıca səbəbi Rayon İcra Hakimiyyətinin öz təyinatına uyğun fəaliyyət göstərməməsidir. Məhz bu təyinatdan yayınma halları Elmar Vəliyevin ya qəzəblənmiş insanların, ya da xarici xidmət orqanlarının hədəfinə səbəb olmuşdur.

Fikrimizi daha aydın ifadə etmək üçün, gəlin, ilk əvvəl Rayon İcra Hakimiyyəti orqanlarının təyinatına, fəaliyyət prinsiplərinə nəzər salaq.

“Yerli İcra Hakimiyyəti haqqında əsasnamə”nin 3-cü maddəsinə əsasən, icra başçılarının fəaliyyətlərinin çərçivəsi bu cür müəyyənləşir:

Maddə 3. Yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətinin əsas prinsipləri

Yerli icra hakimiyyəti başçısının fəaliyyəti aşağıdakı prinsiplərə əsasən həyata keçirilir:

 

- vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi;

 

- müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi;

 

- qanunçuluq;

 

- dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması;

 

- aşkarlıq və ictimai rəyin nəzərə alınması.

 

Bir sözlə, icra başçıları xalqın xidmətçiləri, qanunların qulu olmalıdırlar. Sui-qəsdə məruz qalan Elmar Vəliyev isə nə qanunları hesaba qoyur, nə də ictimai rəyi nəzərə alırdı. Deməli, öz təyinatından uzaqlaşmışdı. Yuxarıda da qeyd etdiyimiz kimi, məlum sui-qəsdin əsl səbəbi də elə bu idi.

Oxuculara təqdim etdiyimiz aşağıdakı iki video da Gəncə gerçəklərinə işıq tutmaqla iddialarımızı təsdiqləyir və istər-istəməz bu suallara yol açır: Azərbaycanın ikinci böyük şəhərindəki mövcud siyasi sistem inzibati-ərazi vahidi olaraq nə idi: qanunlarla idarə edilən Rayon İcra Hakimiyyəti, yoxsa söyüşkən, zalım, hüquq tanımaz kənxudanın at oynatdığı dərəbəylik?

Cavabı Gəncə hadisələrini araşdıran rəsmi qurumların ixtiyarına buraxırıq.




Ana səhifəyə qayıt        Baxış: 3 609          Tarix: 9-07-2018, 17:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma