Ölkələr qılıncla alınar, ədalətlə qorunar”.
Teymurləng
İstənilən ölkədə stabillik iki halda pozulur: ya hakimiyyətin ədalət qanadı sayılan məhkəmələr ədalətsiz qərarlar çıxaranda, ya da onların çıxardığı qərarlara icra orqanları əməl etməyəndə. Hər iki halda ədalət öz yerini tapmadığından vətəndaşlar qanunda nəzərdə tutulmayan metodlarla haqlarını əldə etməyə çalışır, kriminal ünsürlər ədalətin carçısı kimi ortaya çıxırlar. Beləcə, dövlət nizamı pozulur və cəmiyyətlərin çöküşü labüdləşir.
Nə yazıq ki, bu gün Azərbaycanda da dövlət nizamını kökündən sarsıdan hər iki hal mövcuddur. Nə rüşvətə bulaşmış məhkəmələrimiz ədalətli qərarlar çıxarır, nə də onların təkəm-seyrək çıxardığı ədalətli qərarlara icra hakimiyyət orqanları tərəfindən əhəmiyyət verilir. Son zamanlar Gəncədə baş verən xoşagəlməz hadisələrin də başlıca səbəblərindən biri icra başçısının özbaşınalığı, qanunların, məhkəmə qərarlarının hesaba alınmaması idi.
Əslində özünü qanunlar üstün görən şahənşahlıq duyğusu təkcə Gəncə icra başçısına da xas deyil. Digər icra başçıları da özbaşınalıqda Gəncə merindən geri qalmırlar.
Yaxın zamanlara qədər Binəqədiyə rəhbərlik etmiş Xaləddin İsgəndərov da bu qəbildən olan “kiçik padşahlardan” idi. Xaləddin İsgərndərovun özbaşınalığı, rayonda baş alıb gedən qanunsuzluqlar, vətəndaş hüquqlarının pozulması elə həddə gəlib çatmışdı ki, hətta Gəncə merinin zülmünə barmaqarası baxan siyasi hakimiyyət Binəqədidəki istibdada göz yuma bilmədi və Xaləddin İsgəndərovu vəzifəsindən uzaqlaşdırmaq məcburiyyətində qaldı. Binəqədiyə yeni rəhbər təyin olunanda rayon ictimaiyyəti, nəhayət ki, özbaşına idarəçiliyin sona çatacağını təxmin edib xeyli sevinmişdilər. Amma, bu ümidlər də tədricən yox olmaqdadır. Binəqədidə Xaləddin İsgəndərovdan qalan hər şey –kadrlardan tutmuş illərlə yığışıb qalan problemlərə qədər bütün istibdad mirasları indi də özünü qoruyur. Hələ də binəqədililər pozulmuş hüquqlarını bərpa edə bilmirlər. Hətta dövlət idarəçiliyinin 3 əsas qanadından biri sayılan məhkəmə hakimiyyətinin qərarları belə, Ədalətsizliyin Binəqədi istehkamını aşa bilmir. Hər halda redaksiyamıza daxil olan bir şikayətin iziylə apardığımız kiçik bir araşdırma bu cür düşünməyə əsas verir.
Gəlin, əvvəlcə şikayətin məğzinə nəzər salaq.
Hadisə vaqe olub 2012 ci ildə, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 23, mənzil 91 ünvanında. Bu ünvanda yaşayan Paşayevlər bir gün rayondan evlərinə qayıdanda özlərinə məxsus iki qarajı öz yerində tapa bilmirlər. Kiçik araşdırmalarından sonra məlum olur ki, bəs, bu qarajları Binəqədi İcra Hakimiyyətinin “qoçuları” söküblər. Sahiblərinə xəbər verilmədən, heç bir hüquqi əsası olmadan sökülən qarajlar İcra Hakimiyyəti ilə vətəndaş arasında böyük mübahisələrə səbəb olur. Paşayevlər məcbur qalıb bu özbaşınalıqdan məhkəməyə müraciət edirlər. Əllərində qarajların daşdan keçən sənədləri olduğu halda, İcra Hakimiyyətinin bu özbaşınalığına etirazları 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə tərəfindən rədd edilir və şikayətçilər Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına üz tutmalı olurlar. Kollegiya şikayəti qismən təmin edir, iddiaçının mülkiyyət hüququnun pozulduğunu cavabdehin diqqətinə çatdırır və ondan 47 min manatın tutularaq Paşayeva Kəmalə Sərxan qızına ödənilməsinə qərar verir. Həmin qərardan narazı qalan İcra Hakimiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət edir. Ortada müvafiq orqanlar tərəfindən təsdiqlənmiş sənədlər olduğundan bu ali məhkəmə orqanı da vətəndaşın mülkiyyət hüququnun pozulması qənaətinə gəlir, amma İcra Hakimiyyətini də narazı salmaq istəmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İş № 2-1(102)-216/15 saylı qərarına əsasən, İcra Hakimiyyətinin ödəməli olduğu kompensasiya 30 min manata endirilir.
09 iyun 2015-cü il tarixində qəbul olunan qərarın üzərindən 3 ildən artıq vaxt keçir. Di gəl ki, bu müddət ərzində Binəqədi İcra Hakimiyyəti ali məhkəmə orqanının qərarını icra etmək istəmir. Paşayevlər ailəsi get-gələ salınır. Bu da azmış kimi, heç bir səbəb göstərilmədən sökülən həmin qarajın yeri sonradan başqasına satılır. İndi həmin yerdə mağaza ucalır.
Vətəndaşı da elə bu sual maraqlandırır: əgər həmin qaraj məhəllənin ümumi görünüşünə, insanların gedib-gəlişinə əngəl idisə, yeri niyə boş buraxılmayıb? Niyə qanuni sənədlərlə onlara məxsus olan ərazi İcra Hakimiyyəti tərəfindən başqalarına satılır? Nə üçün Azərbaycan məhkəmə hakimiyyətinin ən ali orqanı tərəfindən verilən qərara Binəqədi İcra Hakimiyyəti bu qədər barmaqarası yanaşır və ümumiyyətlə, onun bu hüququ varmı?
Biz də vətəndaşı narahat edən bu sualların sonuncusundan araşdırmağa başladıq. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında əsasnamə”də qeyd olunur:
“Maddə 3. Yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətinin əsas prinsipləri
Yerli icra hakimiyyəti başçısının fəaliyyəti aşağıdakı prinsiplərə əsasən həyata keçirilir:
- vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi;
- müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi;
- qanunçuluq;
- dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması;
- aşkarlıq və ictimai rəyin nəzərə alınması”.
Azərbaycanın indiki hakimiyyətinin qurucusu mərhum Heydər Əliyev tərəfindən imzalanan bu Əsasnaməyə görə, İcra hakimiyyətinin başçısı nəinki Ali Məhkəmə tərəfindən çıxarılan qərarı yerinə yetirməmə haqqına malik deyil, əksinə bütün fəaliyyətini məhz qanunvericiliyin bərqərar olması, vətəndaşların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının qorunması əsasında qurmalıdır. Binəqədi rayon İcra Hakimiyyətinin 3 ildən bəri Paşayevlər ailəsinə qarşı həyata keçirdiyi siyasət isə bu prinsiplə daban-dabana ziddir. Belə çıxır ki, bu orqan nəinki öz təyinatları barədə əsasnaməylə, hətta “ümummilli liderimiz” dediyi şəxsin iradəsiylə də hesablaşmaq istəmir.
Doğrusu, indiyə qədər bu qədər özbaşınalığın yeganə baiskarı kimi Xaləddin İsgəndərovu gördüyümüzdən və qurunun oduna yaşı yandırmaq istəmədiyimizdən yeni İcra başçısına müraciət etmək istədik. Müraciət etdiyimiz İcra Hakimiyyətindən bizi Təsərrüfat müdirinə yönləndirdiklərindən bunu köhnə komandanın başdansovma əməli olduğunu düşündük. Binəqədi əhalisindən öyrəndik ki, yeni icra başçısı hər həftə bir məhəllədə yerli sakinlərlə görüşür. Biz də həmin görüşlərin birinə qatıldıq. Redaksiyamıza ünvanlanan şikayəti yeni başçı hörmətli Allahverdiyev Elxan Şamil oğluna çatdırdıq. Elxan müəllim isə üzünü köhnə komandadan qalan I müavini Süleymanov İlqar Qəzənfər oğluna tutub bu məsələnin mahiyyətilə maraqlandı. İlqar Süleymanov isə İcra başçısına hesabat verərək bildirdi ki, vətəndaşa sökdükləri qarajın əvəzinə yeni qaraj tikməsi üçün yer təklif olunub. Vətəndaş isə bununla razılaşmayıb.
İlqar Süleymanovun bu açıqlamasının nə dərəcədə əsaslı olduğunu yoxlamaq üçün ilk əvvəl Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məlum qərarına nəzər saldıq. Həmin qərarda kompensasiya olaraq yeni yer verilməsi nəzərdə tutulmamışdı. Belə çıxırdı ki, Binəqədi İcra Hakimiyyəti bu addımı belə, yenə öz keyfinə uyğun atılıbmış. Başqa sözlə desək, Əsasnaməsinə görə, qanunçuluq prinsipi əsasında fəaliyyət göstərən bu orqan üçün məhkəmənin hüquqi qüvvəyə minmiş qərarı kağız parçasından başqa bir şey deyilmiş.
Digər tərəfdən, vətəndaşın hazır qarajının tikintisi kimin hesabına başa gələcəkdi? Məntiqlə qanunsuz əmələ yol verməklə faktiki olaraq İcra Hakimiyyəti vətəndaşa külli miqdarda zərər vurmuşdu. Həmin qaraj əvəzi vətəndaşın öz hesabına tikiləcəksə, hansı komsepsiyadan söhbət gedə bilərdi.
Ən əsası isə, İcra Hakimiyyəti tərəfindən qarajın əvəzinə torpaq sahəsi verilməsi Paşayevlər tərəfindən inkar olunurdu. Ailə başçısı Əliş Paşayevin dediyinə görə, ona həmin ərazi kompensasiya əvəzinə verilməmiş, 3 min manata satılmışdı. O isə qarajı inşa edib bitirənə yaxın digər binanın “zəhmətkeşlərinin” etiraz aksiyası təşkil olunmuş, beləcə, bu tikinti də yarımçıq qalmışdı. Şikayətçinin bildirdiyinə görə, tikintisinə 3 min manat xərclədiyi yeni qaraj da bu minvalla onun əlindən alınmış, yenə bir başqasına satılmışdı.
Biz də şikayətçinin bu fikirlərini səsləndirəndə İlqar Süleymanov onlara yazılı müraciət ünvanlamağımızı tapşırdı. İcra başçısının I müavininin yazılı müraciət tələb etmək hüququnu nəzərə alıb redaksiya olaraq “Hürriyyət” qəzetinin 18 iyul sayında bu tələbi yerinə yetirdik. Baş redaktorumuz Vüqar Məmmədovun imzasıyla dərc olunan həmin məktubda bildirilirdi:
“Binəqədi İcra Hakimiyyətinin başçısı Allahverdiyev Elxan Şamil oğluna
“Hürriyyət” qəzetinin Baş redaktoru Vüqar Məmmədov tərəfindən
Məktub
Hörmətli Elxan müəllim!
Redaksiyamıza Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 23, mənzil 91 ünvanında yaşayan Paşayeva Kəmalə Sərxan qızı tərəfindən şikayət məktubu daxil olmuşdur. Məktubda iddia edilir ki, 2012-ci ilin sentyabr ayında bu ailəyə məxsus iki qaraj Binəqədi İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni və xəbər verilmədən sökülüb. Paşayevlər ailəsi bununla əlaqədar məhkəməyə müraciət edib və bütün məhkəmə instansiyaları İcra Hakimiyyətinin Paşayevlər ailəsinə kompensasiya ödəməsinə qərar verin. Ən son məhkəmə instansiyası olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyun 2015-ci il tarixli İş № 2-1(102)-216/15 saylı qərarına əsasən kompensasiyanın məbləği 30 min AZN olaraq göstərilib. Üzərindən 3 il keçməsinə baxmayaraq Ali Məhkəmənin bu qərarı icra edilməmiş qalır.
Məhkəmə qərarının icra edilməməsinin səbəblərinə aydınlıq gətirmənizi xahiş edirik.
Hörmətlə: “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov
17.07.2018”.
Ertəsi gün həmin qəzetin bir nüxsəsini İcra Hakimiyyətinə aparıb qeydə aldırmaq istədik. Qarşımıza yenə I müavin İlqar Süleymanov çıxdı. İlqar müəllim qəzetdə dərc olunan müraciəti rəsmi sənəd kimi qəbul etmədiyini bildirdi. Onun fikrincə, rəsmi müraciət İcra Hakimiyyətinin birinci mərtəbəsində şikayətçilər üçün qoyulan blanklara yazılan sözlər idi. Nə illah etdik, İlqar müəllimə izah edə bilmədik ki, hətta vətəndaşların bir sənədi itəndə polis orqanlarında bunu rəsmiləşdirmək üçün qəzet elanı tələb olunur. Bu mənada qəzet səhifəsində dərc olunan müraciət onun dediyi kağıza yazılandan daha etibarlı sənəd sayılır. Üstəlik, məktub yazan bir mətbu orqandırsa...
Bir sözlə, Binəqədi İcra Hakimiyyəti hələ də öz bildiyi qaydada işlərini davam etdirir.
Bizi isə başqa bir sual maraqlandırır. Qanunvericiliyə görə, məhkəmə qərarlarının icrası rayon İcra və probasiya şöbələri tərəfindən məcburi qaydada həyata keçirilir. Bəs, vətəndaşın lehinə çıxarılan bu qərar barəsində Binəqədi rayon İcra Şöbəsi indiyədək hansı tədbirləri görüb?
Növbəti yazımızda bunu araşdırmağa çalışacağıq.
Heydər Oğuz
“Hürriyyət”
Paylaş: