Xəbər lenti
27-11-2024, 19:25

 

“Qiymət artımı gözlənilən bir idi. Ona görə ki, bu sektorun rəhbərləri indiyədək dəfələrlə verdikləri açıqlamada təqdim etdikləri xidmətin qiymətinin maya dəyərindən aşağı olduğunu qeyd edirdilər”.

Tanınmış iqtisadçı ekspert Samir Əliyev Tarif Şurasının nəqliyyat sektorunda gediş haqlarının artırılmasını Ovqat.com-a şərh edərkən belə deyib.

Ekspertin fikrincə, bu bahalaşmada bir neçə il əvvəl baş verən devalivasiyalar mühüm rol oynayıb:

“Biz hər şeyi idxal edirik; avtobuslardan, metro vaqonlarından tutmuş avadanlıqlarına qədər. Devalivasiya nəticəsində xaricdən idxal etdiyimiz və dollarla aldığımız məhsulların qiymətləri istər-istəməz artdı və bu da həqiqətən də həmin vasitələrin maya dəyərinin yüksəlməsinə yol açdı. Ona görə də bu artımı devalvasiyanın nəticəsi kimi qiymətləndirirəm. 

O vaxt hökumət sosial gərginliyi nəzərə alaraq,  bu artıma getmədi. Süni bahalaşmanın qarşını aldı. Baxmayaraq ki, zaman-zaman bahalaşma davam etdi və bu gün istər qarpızın, istərsə də digər məhsulların qiymətinin yüksək olması və getdikcə qalxması bunun əyani sübutudur”.

Samir Əliyevin təxminlərinə görə, bu artım digər sahələrdəki - yanacağdan tutmuş elektrikə, suya qədər bütün məhsulları də əhatə edə bilər:

“Mən düşünürəm ki, Mingəçevirdəki qəzanın bütün mənfi cəhətləri ilə yanaşı, bəlkə də vətəndaşlarımız üçün bir xeyri oldu. Bu da ondan ibarətdir ki, elektrikin qiymətinin  qalxması bir müddət ertələndi”.

Bəs qiymət artımı coxmu vacib idi?  

Həmsöhbətimizin fikrincə, bu suala iki aspektdən yanaşmaq olar:

“Əlbəttə, vətəndaş mövqeyi baxımından, bu artım bizim sosial vəziyyətimizə mənfi  təsir göstərir və lazım deyildi.  İqtisadçı kimi yanaşsaq isə, suala birmənalı cavab vermək çətindir. Çünki  sözügedən sektorun fəaliyyəti açıq və şəffaf deyil. Bu fəaliyyət açıq olsaydı, biz  də görərdik ki, doğrudan da qiymətlər baha başa gəlir və onları bahalaşdırmaqdan başqa heç bir yol yoxdur”.

İndiki halda isə bu sektorda işlərin düzgün qurulub-qurulmadığından əmin olmayan iqtisadçı Azərbaycan reallığında adətən qiymətlər şişirdildiyini və məmurların korrupsiya ilə məşğul olduğunu xatırlatdı:

“Bu sahədə də eyni yolun tutulmadığından əmin deyilik və buna görə də bahalaşmanın obyektiv səbəblərini şərh etməkdə çətinlik çəkirik”.

Sərnişin daşımaçılığı sektorunun dövlət nəzarətində olduğunu bildirən həmsöhbətimiz Tarif Şurasının başqa ölkələrdəki yol pulundan nümunə gətirmələriylə də razılaşmır:

“Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda qiymətlər dövlət dotasiyası ilə tənzimlənir. Bu isə o deməkdir ki, dövlət gediş haqqının böyük hissəsini büdcəyə verdiyimiz vəsait hesabına maliyyələşdirir. Bu mənada bizdəki ödənişlər heç də həmin ölkələrdən az olmur. Hətta bəlkə daha baha başa gəlir.

Üstəlik, dövlət dotasiyası ilə işləyən sektorların bir çox idarələrə, xarici banklara və şirkətlərə külli miqdarda borcu yaranır. Hökumət hər il həmin borcları da dövlət büdcəsi hesabına silir. Dolayısıyla, infastrukturun qurulmasından tutmuş avadanlıqların alınmasına qədər hər şeyi dövlət qarşılayır. Şirkətlərin camaatdan yığdığı pul isə maaşlara sərf olunur.

Digər tərəfdən, nəzərə alsaq ki, Azərbaycanda minumum əmək haqqı bəzi MDB ölkələrini çıxmaq şərtilə çox aşağı səviyyədədir, Tarif Şurasının bizi başqalarıyla müqayisə etməsi başadüşülən deyil. Onda gəlin, minumum əmək haqqını bölək  gedişlərin sayına; görək, biz maaşlarımızla nə qədər səfər edə bilərik, əcnəbilər nə qədər avtobusa mənə bilərlər. Müqayisə edəndə bu amili də nəzərə almaq lazımdır. Ona qalsa Avropanın bəzi ölkələrində gediş haqqı 1 və ya 2 eurodur. Bu da bizim pulla 3-4 manat edir. İndi deyək ki, niyə onlarda gediş haqqı 4 manatdı, bizdə yox? Axı onların minumum əmək haqqı 2000-3000 evrodur. Bizdə isə 200-300 manat arasında dəyişilir. Bu müqayisədə biz xaricilərə uduzmuş olarıq”. 

Ülkər Fətəliyeva




Ana səhifəyə qayıt        Baxış: 1 401          Tarix: 1-08-2018, 00:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma